Sipirtli içki immun sistemini zəiflədir –Həkimlər bu mifi dağıtdılar
Havalar soyuduqca xəstəliklər də artır. İnsanlar daha çox viruslara yoluxurlar. Bu viruslar sırasında isə, birinci yerdə “qrip” kimi tanıdığımız zökəm xəstəliyi dayanır.
Xüsusilə qış aylarında zökəmə yoluxma halları geniş vüsət alır. Bəzi insanlar elə düşünürlər ki, qrip olmuş xəstə bir qədər spirtli içki, xüsusilə də araq içsə, tez sağalacaq.
Sputnik Azərbaycan-ın əməkdaşı bu fikrin həqiqətə nə dərəcədə uyğun olduğunu mütəxəssislərdən soruşub. Həkim Rasif Bağırov bildirib ki, spirt hansısa bir mikroorqanizmi öldürə bilər, ancaq bunun üçün spirti həmin mikroorqanizmin birbaşa üzərinə tökmək lazımdır: “İnsan isə, spirtli içki içməklə virusu bədənindən çıxara bilməz. Soyuqlamış xəstənin spirtli içki içməklə mikrobu bədəndə öldürə biləcəyini düşünməsi yanlış fikirdir”.
“Çünki mikrob mədədə oturmur ki, spirtli içki ona təsir etsin. Mikrob yuxarı tənəffüs orqanlarında oturursa belə, yenə də spirtli içki ona təsir edə bilmir” – həkim bildirib.
“Həm də araq 40 dərəcədə olur, amma spirt mikroorqanizmlərə 70 dərəcədən yuxarı olanda təsir edir. 70 dərəcəni içmək isə kömək etməz, əksinə ziyanlı olar. Və ya bədəndə mikrob dəymiş hansısa yara ola bilər və spirt yaranı daha da açar, zədələyər. Nəticədə də mikrob yayılar. Axı arağın dezinfeksiyaedici xüsusiyyəti yoxdur” – deyə R.Bağırov əlavə edib.
Həmsöhbətimiz vurğulayıb ki, bu kimi fikirlər insanlar arasında yayılmış yalan məlumatdır, heç bir tibbi əsası yoxdur. Baş infeksionist Cəlal İsayev də söyləyib ki, spirtli içki infeksiyanı məhv edə bilməz: “Onun buna heç bir aidiyyatı yoxdur. Spirtdə ancaq bəzi tibbi alətləri saxlayanda bir neçə bakteriyanı məhv edə bilər. Amma araq içməklə bədəndə olan infeksiyaları məhv etmək olmaz”.
C.Əliyev bir məsələni də qeyd edib ki, spirtli içki, əksinə bədənin immun sistemini zəiflədir: “Məsələn, qrip olanda spirtli içki qəbul edib, xəstəliyə qalib gəlməyi düşünə bilərik. Amma bu, belə deyil, əksinə immunitetimiz aşağı düşəcək və xəstəlik daha da güclənəcək”.
“Hətta bəzi viruslar var ki, onlara yoluxan insanlara spirtli içki içmək qəti qadağandır. Bir sözlə, spirtli içkilərdən müalicə məqsədi ilə istifadə edilə bilməz” – mütəxəssis qeyd edib.
Bu xəbər üçün şərh yazın