“SOCAR PETROLEUM”DA MƏNİMSƏMƏ 200 MİLYONDAN DƏFƏLƏRLƏ ÇOXDUR… - QSC-yə tabe olan adi terminalın direktoru milyonlara sahibdirsə, 200 milyon qəpik-quruşdur..
Burada adi işə düzəlmək 4-5 min manatdırsa, 2000-dən çox işçi olan QSC-də… Tək bircə YDM-ə ayda 20-25 min avtomobil daxil olursa….
Ötən sayımızda “SOCAR Petroleum” QSC-də 200 MİLYON manatın mənimsənilməsi, QSC-nin baş direktoru Toğrul Seyidovun vəzifəsindən uzaqlaşdırılması barədə yazmışdıq.
İstər-istəməz sual yarana bilər ki, bu nə şirkətdir ki, bu boyda mənimsəmə var ?
Bu qurumdakı mənimsəmənin MİQYASININ oxuculara aydın olması üçün ikicə fakt deyəcəyik.
Bu qurumun onlarla yanacaq doldurma məntəqələri ( YDM ), xeyli sayda Neft Terminalı Bazası var.
O terminallardan biri Qazaxda yerləşir. Həmin terminalın direktoru Zeynal Əhmədovun Azərbaycanda yüzdən artıq mülkü, əmlakı, obyektləri, klinikası, “lombard”ları, Bakıda Şəhidlər Xiyabanınn yanında ən bahalı mənzilləri, hətta banklara icarəyə verdiyi binaları, 100 hektarlarla torpaq sahələri və daha nələr…
Övladları isə Londonda ən bahalı məktəblərdə oxuyur.
İndi gördünüzmü, “SOCAR Petroleum” QSC-nin bir terminalının direktoru bu boyda əmlaka sahibdirsə, indi QSC-dəki korrupsiyanı, maxinasiyaları təsəvvür edin.
Əslində mənimsəmə 200 MİLYON-dan dəfələrlə çoxdur. Sadəcə, açıb-ağarda bilmirik.
İkinci bir fakta nəzər salaq.
QSC-nin sabiq direktoru Toğrul Seyidov öz müsahibəsində deyir ki, işçilərimizin sayı hər YDM-də 50-60 nəfər, ümumi işçilərin sayı isə 2 min məfərdən çoxdur.
26 nəfər şikayətçi isə deyir ki, QDC-nin YDM-lərində işə düzəlmək üçün bizdən 4-5 min manat pul alıblar. İndi özünüz QSC-dəki rüşvətin miqyasını təsəvvür edin.
Toğrul Seyidov öz müsahibəsində deyir ki, təkcə bir YDM-ə ay ərzində 20-25 min avtomobil daxil olub, yanacaq alır.
Kim qarantiya verir ki, bu YDM-lərdə az-çox sürücülərə atmırlar ?
İndi 20-25 min avtomobili vuraq atılan benzinin miqdarına, sonra alınan nəticəni vuraq YDM-lərin sayına…
İndi gördünüzmü, 200 MİLYON mənimsəmə QSC üçün qəpik-quruşdur.
Məlumat üçün onu da qeyd edək ki, Toğrul Seyidov SOCAR-ın prezidenti Rövnəq Abdullayevin yaxın qohumudur.
Toğrul Seyidov öz müsahibəsində deyir ki, köhnə YDM-ləri almırıq, yenilərini tikirik.
Cənab Seyidov başa düşmür ki, tikilən YDM-lər ətraf üçün çox təhlükəlidir və bu barədə dəfələrlə yazıblar.
Əgər sabah bir təhlükəli hal baş versə. Kim cavab verəcək?
Onu da qeyd edək ki, QSC Baki da daxil olmaqla Abşerondakı yanacaq sərfinin 70 faizinə nəzarət edir.
Biz hələ rayonlardakı terminalları, bazaları demirik.
Yaxşı Toğrul Seyidovu vəzifəsindən çıxartmaqla nə dəyişir ?
QSC-nin hesabına xaricə daşınan 100 milyonlara kim cavab verəcək ?
Yoxsa izi itirmək istəyirsiniz ?
Bəs, SOCAR Petroleum” QSC-yə yeni təyin olunan baş direktor Rövşən İmran oğlu Həsənov kimdir, kimin qohumudur ?
Bir daha qeyd etmək istəyirik ki, Gundəlik-Bakıya daxil olan səhih məlumatdan bəlli olur ki, şirkətin 10 illik fəaliyyəti yoxlanılarkən, 200.000.000 (200 milyon) manat mənimsəmə faktı aşkarlanıb.
Hazırda SOCAR-ın Audit idarəsi QSC-nin departamentində yoxlamaları davam etdirir.
Hətta məlumatdan o da bəlli olur ki, QSC-nin rəhbəri Toğrul Seyidov və satış şöbəsinin müdiri barəsində başqa yerə getməmək barədə iltizam alınıb.
Məlumatda o da bildirilir ki, Toğrul Seyidovun xeyli sayda mülkləri və bir neçə rayonda fermer təsərrüfatları var.
Toğrul Seyidovun Novxanıdakı nəhəng villasının təkcə hasarının hündürlüyü 10 metrə çatır.
Qısaca, məlumat üçün qeyd edək ki, “SOCAR Petoleum” QSC 2008-ci ildə yaradılıb, 83 760 900 manat nizamnamə kapitalına sahibdir. Kapitalının 51%-i Dövlət Neft Şirkətinə (SOCAR) və 49%-i isə ABŞ-ın “A.P. International LLC” şirkətinə məxsudur.
Şirkət neft və qaz məhsullarının qəbulu, daşınması, saxlanılması və satışı ilə məşğuldur.
P.S Toğrul Seyidov öz geniş müsahibəsində utanıb-qızarmadan deyir ki, cənab Prezidentin uğurlu siyasətini regionlarda icra edirik.
Prezident sənə deyib ki, milyonları oğurla, cənab Seyidov?
/gundelik.baku.com
Bu xəbər üçün şərh yazın