Spirtli içki bazarında rəsmən xaos hökm sürür - Bu sahəyə nəzarətedici orqanlar isə susur
"Yetim Eyvaz" kimi tanınan mərhum şair Eyvaz Qurbanovun şeirində deyildiyi ki, araq cana ziyan olsa da, pənco-pənco vurmaq məsləhətdir.
Lakin bu gün insan orqanizmi üçün zərərli olmayan, qəbulundan sonra başağrısı verməyən, bir sözlə, normal araq, o cümlədən digər növ spirtli içki tapmaq müşkül məsələdir. Çünki əksər dükan və marketlərdə satılan, kafe, restoran və şadlıq saraylarında əhalinin istifadəsinə verilən spirtli içkilərin böyük əksəriyyəti keyfiyyətsiz, saxta məhsullardır. Ekspertlərin araşdırmalarına görə, hazırda əmtəə bazarında istehlakçılara təqdim edilən spirtli içkilərin təxminən, 40 faizə qədəri istifadəyə yararsız və standartlara uyğun olmayan mallardır. Məhz bu faktın özü ölkəmizdə spirtli içkilərin qanunsuz dövriyyəsinin mövcud olduğunu belə deməyə əsas verir. Misal kimi, "Zolotaya rus" arağını göstərmək olar.
Belə ki, "Azəri Şərab" MMC tərəfindən istehsal edilən "Zolotaya rus" arağından istifadə edən vətəndaşlar adıçəkilən spirtli içkinin keyfiyyətindən şikayətlənir və onun insan orqanizminə mənfi təsir etdiyini bildirirlər. Məlumat üçün qeyd edək ki, adıçəkilən arağın etiketi rus dilində tərtib olunub və bu səbəbdən də alıcılar həmin məhsulun yerli deyil, nəhz Rusiya istehsalı olduğunu zənn edirlər. Halbuki "Zolotaya rus" arağı "Azəri Şərab" MMC-nin məhsuludur. Yəni Rusiya arağı yox, yerli istehsaldır. Məsələnin maraqlı tərəfi ondadır ki, sözügedən MMC-nin ünvanı Yusif Vəzir Çəmənzəmənli küçəsi 119 C kimi göstərilsə də, "Zolotaya rus" arağının üzərindəki 476015624 nömrəli barkodda tamam başqa ünvan - Kürdəmir rayonu, Muradxan kəndi göstərilib. Bu zaman ortaya maraqlı sual çıxır. Əgər bu araq qeyd olunan MMC-nin məhsuludursa və Bakıda buraxılırsa, onda niyə barkodunda ünvanı Kürdəmir rayonu, Muradxan kəndi kimi göstərilib? Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, müvafiq qanunlara əsasən məhsulun üzərində istehsalçının həqiqi ünvanı ilə yanaşı, telefonu da yazılmalıdır. "Zolotaya rus" arağının üzərində isə MMC-nin telefonları qeyd olunmayıb. Bu isə ona dəlalət edir ki, "Azəri Şərab" MMC istehlakçıları aldatmaq məqsədiylə yerli arağın üzərinə rus dilində yazılmış etiket vurur və bununla da həmin spirtli içkinin guya Rusiya istehsalı olduğunu göstərməyə çalışır.
Bundan başqa, "Azəri Şərab" MMC ilə əlaqədar internetdə apardığımız araşdırma zamanı adıçəkilən şirkətlə bağlı heç bir məlumata rast gəlmədik. Sanki ölkədə bu adda MMC ümumiyyətlə mövcud deyil. Bu səbəbdən də barkod vasitəsi ilə əldə etdiyimiz telefon nömrələrinə zəng vurub "Azəri Şərab" MMC və onun istehsalı olan "Zolotaya rus" arağı ilə ilgili məlumat almağa çalışdıq. Bu zaman bəlli oldu ki, "Azəri Şərab" MMC artıq qeyd olunan adda araq istehsal etmir. Bildirdilər ki, şirkət müəyyən vaxtdan bir istehsal etdiyi araqların etiketlərini, yəni adını dəyişir. Bunun hansı səbəbdən edildiyini müəyyənləşdirə bilməsək də, nəzərinizə çatdırmalıyıq ki, "Zolotaya rus" adlı araq hələ də dövriyyədədir. Belə ki, əməkdaşlarımızdan biri bugünlərdə Bakı şəhəri, Nizami rayonu, 8 km, B.Çobanzadə 2403 ünvanında yerləşən "Golden Ring" şadlıq sarayında təşkil edilən toy məclisində iştirak edib. Və bu zaman masanın üzərindəki "Zolotaya rus" arağına gözü sataşıb. Ofisiantların sözlərinə görə, həmin spirtli içki məhz rus arağı kimi toy sahibinə təqdim olunub. Halbuki "Zolotaya rus" Rusiyanın deyil, "Azəri Şərab" MMC-nin istehsalıdır.
Bunu arağın üzərində "Azərbaycan Respublikası", "Daxili istehsal", "Alkoqollu içkilər" sözləri yazılmış CK 4764098 nömrəli aksiz markası da təsdiqləyir. Hələ bu, harasıdır. Həmçinin, o da məlum olub ki, bir stul üçün menyunun qiyməti 50-80 manat arasında dəyişən "Golden Ring" şadlıq sarayında qonaqlara təqdim edilən və 23.06.2017-ci il tarixdə istehsal edilən "Zolotaya rus" arağının istifadə müddəti bitibmiş. Belə ki, mütəxəssislərin dəfələrlə araqların saxlanma müddətinin 1 il olduğunu bəyan etdiklərini nəzərə aldıqda, aydın şəkildə görünür ki, "Zolotaya rus" arağı 23.06.2018-ci il tarixdən etibarən istifadəyə yararsızdır. Lakin buna baxmayaraq, "Golden Ring" şadlıq sarayının rəhbərliyi qanunlara məhəl qoymadan həmin spirtli içkini normal araq kimi qonaqlarına təqdim edir. Maraqlıdır, görəsən bir yerdə ünvanı Yusif Vəzir Çəmənzəmənli küçəsi 119 C, başqa yerdə isə Kürdəmir rayonu, Muradxan kəndi kimi göstərilən "Azəri Şərab" MMC-nin istehsal etdiyi "Zolotaya rus" arağından toyda iştirak edən şəxslərdən kimsə zəhərlənsə, o zaman "Golden Ring" şadlıq sarayının rəhbərliyi buna necə cavab verəcək?! Kim bilir, bəlkə də müxtəlif üsullara baş vuraraq yaşanan olayı ört-basdır etməyə çalışacaq. Biz bunu dəqiq deyə bilməsək də və əslində, belə bir iddiamız olmasa da, bu bir faktdır ki, adıçəkilən şadlıq sarayında qonaqların qarşısına qoyulan "Zolotaya rus" arağının istifadə müddəti azı 6 ay öncə bitib.
Mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, Azərbaycanın spirtli içki bazarının bərbad vəziyyətdə olduğunu ötən il Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi açıq şəkildə sübuta yetirdi: "Yəni müəyyən etdilər ki, ölkənin əmtəə bazarında külli miqdarda xarici butulkalara doldurulmuş, naməlum mayelərdən hazırlanmış təhlükəli spirtli içkilər var. Məlum oldu ki, saxta spirt təchiz edən şəxslər onları müxtəlif yerlərə bölürlər ki, bu işdə iştirak edənlər cinayət məsuliyyətinə cəkb olunmasınlar. Yəni onlar malın müxtəlif yerlərə bölməklə miqdarını az göstərməyə çalışırlar. Bu səbəbdən də hesab edirəm ki, qida təhlükəsizliyi ilə bağlı məsələnin bu kimi sektorları Daxili İşlər Nazirliyinə həvalə olunmalıdır. Çünki onlar bu sahədə çox uğurlu iş aparırlar. Görünən odur ki, Qida Təhlükəsizliyi Agentliyi bu məsələnin öhdəsindən gələ bilmir".
Şadlıq evləri və restoranların əhalinin kütləvi zəhərlənmə yerləri olduğunu vurğulayan Eyyub Hüseynovun sözlərinə görə, ölkənin əmtəə bazarının spirtli içkilər sektoru həddən artıq çirklənmiş vəziyyətdədir: "İstehlakçılar müxtəlif üsullarla aldadılır və onlar bu sahədə tədricən zəhərlənmənin qurbanlarıdırlar. Qeyd edim ki, şadlıq evləri, o cümlədən İpək yolu üzərində yerləşən restoran və kafelər bu cür təhlükəli malların əsas satış yerləridir. Bütün bunlar ona gətirir ki, azad bazar iqtisadiyyatından, liberal bazardan istifadə edib ölkəyə külli miqdarda təhlükəli içkilər daxil olur. Bu tip içkilər ölkə daxilində də istehsal edilir. Onu da qeyd edim ki, ölkənin əmtəə bazarında spirtli içkilərin təxminən, 80 faizinin üzərində buraxılma tarixi və son yararlılıq müddəti yoxdur. Bu isə o deməkdir ki, həmin məhsullar artıq ağır metallarla zənginləşmiş təhlükəli spirtli içkilərdir".
Sonda onu da qeyd etməyi özümüzə borc bilirik ki, saxta araqlar ilk növbədə qaraciyərdə zəhərlənmə verir, başda ağrılara səbəb olur, mədəyə, ürəyə, böyrəklərə təsir göstərir. Bundan başqa, texniki spirtdən hazırlanan içkilər beyinə təsir göstərir, beyin pozuntularına gətirib çıxarır. Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov bir müddət əvvəl verdiyi açıqlamasında bildirib ki, son vaxtlar qanunsuz qazanc məqsədilə etil spirtindən deyil, məişətdə istifadə edilən cihazların təmizlənməsi üçün nəzərdə tutulmuş texniki spirtdən (metanoldan) araq hazırlayırlar. Onun sözlərinə görə, bu içkilərin tərkibinə müxtəlif dərman vasitələri qatırlar ki, reaksiya verməsin: "Həmin içki etil spirtindən hazırlanmış araqdan kəskin dərəcədə fərqli olur. İnsanın sinir sisteminə daha öldürücü təsir göstərir".
"Hürriyyət"
Bu xəbər üçün şərh yazın