Stalinin salamını çatdırıb,Balaxanıdakı bütün neft yataqlarının direktoru təyin edib

Stalinin salamını çatdırıb,Balaxanıdakı bütün neft yataqlarının direktoru təyin edib 

1943-cü ilin yayında Stalin, Ruzvelt və Çörçil görüşmək qərarına gələndə məkan seçimi liderlər üçün ciddi problemə çevrilib. Ayrı-ayrılıqda hər bir dövlət başçısının konkret təklifləri olub, görüşün Arxangelskdə, Həştərxanda, Alyaskada, Şotlandiyada və s. məkanlarda keçirilməsi müzakirə edilib və hər dəfə də siyasilərin müxtəlif arqumentləri son qərarın verilməsini təxirə salıb. Sonda Stalinin konfransın Tehranda keçirilməsi təklifi yekdil qəbul edilib. Və sonralar “Tehran 43” adı ilə bu konfrans tarixə yazılıb.

SSRİ lideri İosif Stalinin Tehrana yol planı təhlükəsizlik orqanları tərəfindən son dərəcə ciddi şəkildə işlənilib hazırlanıb, plana əsasən sovet liderinin Bakıya qədər qatarla, Bakıdan Tehrana isə təyyarə ilə uçmağı nəzərdə tutulub. Lavrenti Beriyanın yol boyu bütün məntəqələrdə fəaliyyət göstərən təhlükəsizlik xidmətlərinə məxfi telefonoqrammaları göndərilib. Bir neçə bənddən ibarət olan bu göstərişlərdə yol boyu ən kiçik yaşayış məntəqələrində belə ciddi yoxlamaların aparılması, ən cüzi şübhə doğuran insanların təcrid olunması, üçqat mühafizə sisteminin yaradılması və s. öz əksini tapıb. Əvvəlcə dəmiryolu xəttinin minalardan təmiz olmasını yoxlamaq məqsədi ilə yük vaqonları qoşulmuş lokomotiv xəttə buraxılıb. Sonra isə Stalini Bakıya aparan qatar öz ünvanına istiqamət alıb. Səfər tam məxfi saxlanılıb, hətta maşinistlər qatarda kimin getdiyini bilməyib.

Bakıda İosif Stalini Azərbaycan KP MK-nın birinci katibi Mircəfər Bağırov qarşılayıb. Xidməti maşına əyləşəndə Stalin Bakını gəzmək istəyini bildirib. Mühafizəçirin müşayiəti ilə Stalin və Bağırovun əyləşdiyi avtomobil Bakının küçələrini dolaşıb. Bayıl istiqamətində Stalin türməni göstərib.

- Yoldaş Stalin, illər ötsə də unutmamısınız.

- Türmə həyatı unudulmur, yoldaş Bağırov.

Sonra Stalin Azərbaycandakı vəziyyətlə maraqlanıb. Bağırov qısa və konkret respublikadakı vəziyyət haqqında Stalini məlumatlandırıb. Dəniz sahilində Stalin maşından düşüb, sahildən Bakının ümumi mənzərəsini seyr edib:

- Bakı çox dəyişib, şəhər gözəlləşib...

Yenidən avtomobilə minəndə Stalin Bağırovdan bir azərbaycanlı haqqında maraqlanıb:

- Mən Suraxanıda işləyəndə neft buruqlarında bir azərbaycanlı çalışırdı, 1907-ci ildə. Çox təmiz, vicdanlı, insanpərvər və etibarlı adam, həm də yaxşı neftçi idi. Adı Nadir Babayevdir. Siz onu tanımırsınız?

- Xeyr, yoldaş Stalin. Amma dərhal həmin şəxsin tapılmasına göstəriş verəcəm.

- Axtarın onu, maraqlanın vəziyyəti necədir, nə işlə məşğul olur? Və mənim şəxsi salamlarımı çatdırın.

Sonda Stalinlə Bağırovun yarım saatlıq məxfi söhbəti olub. (Bu söhbətin nədən ibarət olduğu və sonralar yaratdığı səs-küy haqqında yazını təqdim edəcəyik)

Bağırov Stalini Tehrana yola saldıqdan sonra Nadir Babayevin təcili “axtarış”ı üçün göstəriş verib. Həmin vaxt o, Balaxanıda neft buruqlarında usta işləyirmiş. Nadir Babayevə məlumat verilib ki, Bağırovun qəbuluna getməlidir. Həmin dövrdə belə qəbulların əsasən heç də xoş məramlı olmadığını hamı yaxşı dərk edib. Nadir Babayev də bu xəbəri alanda özlüyündə öz təmizliyini, dövlətə xəyanət etmədiyini, əməllərində heç bir cinayət olmadığını düşünsə də böyük həyəcan keçirib.

Səhərisi gün Bağırova məruzə edilib ki, “qonaq” qəbuldadır. Nadir Babayevi qəbul edən Bağırov kabinetdə onun qarşısına çıxıb, əl uzadıb:

- Hə, həmin Nadir Babayev sizsiniz? Əyləşin.

Heç nə anlamayan buruq ustası göstərilən stulda əyləşib həyəcanla sonluğu gözləyib.

- Babayev, bilirsiniz sizi niyə çağırtdırmışam?

- Xeyr, yoldaş Bağırov

- Sizinlə şəxsən İosif Stalin maraqlanır, illər keçsə də o sizin zəhmətkeş, etibarlı bir insan olduğunuzu unutmayıb. Siz əsl kommunistsiniz. Yoldaş Stalin şəxsi salamlarını sizə çatdırmağı mənə həvalə edib.

Sonra Bağırov Nadir Babayevin işləri ilə maraqlanıb və son qərarını verib:

- Mən bu gündən sizi Balaxanıdakı bütün neft yataqlarının direktoru təyin edirəm...

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər