Sumqayıt Şəhər Məhkəməsində oğlumun qanını batırırlar -Zəngilan köçkünü səlahiyyət sahiblərindən kömək istəyir
“Oğlumu gəlinim bıçaqla 2 uşağının gözü qarşısında vurub. Bunu 10 yaşlı qızı, 9 yaşlı oğlu görüb. Üstəlik, oğluma yetirilən bıçaq xəsarətləri bədəninin elə nahiyəsindədir ki, onu özü-özünə yetirə bilməzdi”. Sumqayıt şəhərində məskumlaşan Zəngilan qaçqını Məhiyyədin Hüsü oğlu Məmmədov belə deyir. Onun sözlərinə görə, oğlu, 1983-cü il təvəllüdlü Namiq Məmmədovun ölümü ilə nəticələnən hadisə 2016-cı il sentyabrın 7-dən 8-nə keçən gecə baş verib.
Qapı-pəncərə ustası olan oğlu 2-ci mikrorayonda kirayədə yaşadığı mənzilə gəlib. Həmin vaxt həyat yoldaşı 1980-ci il təvəllüdlü Xatirə Məmmədova onunla evə gec gəldiyinə görə mübahisə edib və 2 bıçaq xəsarəti yetirib: “2006-cı ildə ailə həyatı qurublar. 2 övladları var. Oğlum qapı-pəncərə ustası, həyat yoldaşı qadın salonunda işçi olub. Aralarında söz-söhbət yaranıb. Xatirə deyirdi ki, Namiq evə gecə gəlir, həyatında başqa qadın var. Əslində isə belə bir şey yox idi. Yoldaşı 2015-ci ildə məhkəməyə müraciət edib və boşanmalarının tanınmasını istəyib. Məhkəmə gizlicə keçirilib və boşanma olub. Amma oğlumun bundan xəbəri olmayıb. Oğluma deyirdi ki, sənin başqa qadınla münasibətin var, ona görə səndən boşanmışam. 2017-ci ilin fevralında Sumqayıtda məhkəməyə getdik, bildik ki, həqiqətən boşanma olub. Məhkəmədən qərarı aldıq. Bundan sonra oğlum onu güdməyə başladı. Qadının Roma adlı biri ilə yazışmasını tutdu. Romanın üstünə getdi. Yazışmalarını telefondan çıxardı. Oğlum 2016-cı ilin avqustunda 2 uşağını - Elnur və Nurayı götürüb bizə gəldi. 1 gün sonra Xatirə evimizə hucum etdi. Uşaqları tələb edirdi. Uşaqlar da onunla getmədilər”.
M.Məmmədov deyir ki, 3-4 gün sonra X.Məmmədova yenidən onlara gəlib və ailələrindən üzr istəyib: “Dedi ki, bir daha heç bir söz-söhbət olmayacaq. Onu bağışladıq. 15 gün evimizdə qaldılar. Sonra dedilər ki, gedək evimizə. 10 gün sonra gecə saat 2-nin yarısında qardaşım gəlib dedi ki, Namiqi xəstəxanaya aparıblar. Xəstəxanaya çatdıq, orada dedilər ki, əməliyyatxanadadır. Ona su veriblər. Adını, soyadını deyib. Yəni xəstəxanaya gedəndə ağlı başında olub. Qalxdıq 2-ci mərtəbəyə, gördük ki, xərəkdə uzadıblar, üstünü də örtüblər. Xərək qanın içində idi. Həmin vaxt artıq oğlum dünyasını dəyişmişdi. Oğluma tibbi yardım göstərməmişdilər”.
M.Məmmədov deyir ki, Sumqayıt Şəhər Prokurorluğunda ilkin olaraq Cinayət Məcəlləsinin 126-cı maddəsi - qəsdən sağlamlığa ağır zərər vurma ilə cinayət işi başlanıb: “Sonradan nə danışdılar, kiminlə razılaşdırdılar həmin maddəni 124-cü - ehtiyatsızlıqdan adam öldürməyə tövsif etdilər. Xatirə ortalıqda gəzir, istintaq dövründə belə həbs etmədilər. Müstəntiq Faiq Nadirov deyir ki, guya oğlum bıçaqla yoldaşının üstünə hucum edib, qadın da özünü müdafiə edib, bıçağı əlindən alıb və onu vurub. Oğlum cüssəli idi, qadın ondan bıçağı ala bilməzdi. Spirtli içki içmirdi, siqaret çəkmirdi. Uşaqlar da deyir ki, bıçağı mətbəxdən anamız götürüb. Qaçıb atamızın üstünə və ayağından vurub. Bundan sonra Namiq aşağı əyilib və Xatirə 2-ci bıçağı belinə vurub. Oğlum solaxay deyil, müstəntiq Faiq Nadirovsa ittiham aktında yazır ki, guya oğlum sol əli ilə öz ayağına və sağ tərəfdən öz belinə xəsarət yetirib. Bu qədər yalan olar? Biz tələb edirik ki, iş Sumqayıt Prokurorluğundan alınsın. İstənilən digər prokurorluqda yenidən araşdırılsın. Qoymayın, oğlumun qanını batırırlar. İş üzrə 4 müstəntiq dəyişiblər. İşi elə saxtalaşdırıblar ki, düyünü aça bilmirlər. Hazırda Sumqayıt Şəhər Məhkəməsində hakim İlyas Mahmudovun sədrliyi ilə baxılır. Hazırlıq iclasında dedim ki, vəkilim yoxdur, imkan verin vəkil tutum.Vaxt belə vermədilər. Bütün səlahiyyət sahiblərindən xahiş edirəm, oğlumun öldürülməsi işi ibtidai istintaqa qaytarılsın, cinayət işi yenidən araşdırılsın”.
P.S. Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq. \\musavat.com\\
Bu xəbər üçün şərh yazın