Tağı Əhmədov faizə verdiyi 2 milyonun detallarından danışdı: "Soltan Əliyevə inanıb pulu vermişəm"
"Bakı Metropoliteni"nin kemiş rəisi Tağı Əhmədov yaxın dostu, professor Soltan Əliyev vasitəsilə Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşova ümumilikdə 2 milyon manata yaxın pulu sələmə verməsindən danışıb.Faktinfo.az xəbər verir ki, o, Qaynarinfo.az-a özəl müsahibəsində özü haqda yayılan bu xəbərlərə münasibət bildirib.
- Tağı müəllim, hazırda məlum iş üzrə məhkəmə gedir. Saxlanılan Səadət Xəlilov iddia edir ki, siz onu YAP-ın Yasamal təşkilatının binasında döymüsüz. Belə bir hadisə baş verib?
- Heç kəsi döyüb-eləməmişəm. Döysəm də, düz eləmişəm. Amma düzünü bilmək istəyirsinizsə, döyməmişəm. Özü də mənim onunla nə işim var? Heç onu tanımıram və bilmirəm də kimdir.
- Tanımırdınızsa, bəs necə oldu ki, onlara 2 milyon pul verdiniz?
- Vaxtıyla bir culfalı dostum (indi olmasın) gəldi, dedi ki, iki milyon manat pul lazımdır. Bəs verəcəm və ayda da bu qədər... Mən də 2 milyonu bankdan çıxardım. Bu pulun müqabilində də ayda 30 min manat pul alırdım. Bu da dedi, yox e, hər ay pulunu verəcəyəm. Mən də pulu o vaxt 18 faizlə vermişdim. Bu da mənə o qədər yalvardı ki, Tağı müəllim, iki mini də mənə qalsın və 28 mini sən götür. Yazığım gəldi və faizdən gələn 30 mindən 2 mini ona verməyə razılaşdım. Bu culfalı da AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevdir. 2 milyonu bankdan götürüb, ona verdim. Bir ay faizi gətirib verdi. İkinci ay gəlib dedi ki, pulu vermirlər.
- Niyə vermirdilər?
- Dedilər ki, pul yoxdur. Pul gedib Qazaxıstana. Orda da batıb. Həmin o, oğ...şı Soltanla birlikdə yanıma çağırdım. Dedim nədi, nə məsələdi? Cavab verdi ki, pulu qaytarmaq heç cür alınmır. Alınmırsa, dedim, qardaş, sən məni aldada bilməssən axı! Pulu qaytar. İndi, Soltanı mənim pulumla aldadanların hər üçü məhkəmədədi. Hər üçünə 8-10 il həbs verəcəklər. Nə qədər verirlər, qoy versinlər. Bu dəqiqə mən bu məsələ ilə heç məşğul da olmuram.
- Sizin bu məsələ ilə bağlı istintaqa çağırılmanızla bağlı məlumat var. Doğrudurmu?
- İstintaqa məni nəyə çağırmalıdırlar? İstintaqa Soltan gedir. Mən niyə gedirəm ki? Dələduzluqda ittiham olunan Səadət Xəlilov özü boynuna alır ki, iki milyonu kişi bizə verib. Biz də bu pulu ona qaytarmalıyıq. Bu, ilkin istintaqda danışılıb. Hər şey aydındır. Mən heç vaxt istintaqa çağırılmamışam və heç buna ehtiyac da yoxdur. Mən pulu professor Soltan Əliyevə vermişəm. Səadət Xəlilov da pulu almasını təsdiqləyir. O da deyir ki, pulu Qulu Muxtarov və Sahil Abuşova verib. Filan qədərini Quluya, filan qədərini də Sahilə. Mən heç vaxt istintaqa getməmişəm və bundan sonra da getmək fikrim yoxdur. Mən pulumu professor Soltan Əliyevdən tələb edirəm. Onlarla nə işim var ki?
- Döyülmə hadisəsi baş veribmi?
- Mənlik burda elə bir şey yoxdur. Mən onlara deyil, Soltan Əliyevə inanıb pulu vermişəm. İndi Soltan Əliyev pulu qaytarmalıdır mənə, mən nə deyim. Başa düşürəm ki, Soltana da bunlar atıb.
- Bəs onlar bu pulu hara xərcləyib?
- Bunun qardaşı oğlu var, biznesmendi, adı Elçindir. Aparıb pulu ona veriblər. Bunun arvadı da şirkətin təsisçisi, qardaşı oğlu da işçidir. Oğlumla da bir-iki dəfə danışıblar.
- Oğlunuzla danışıqda nə deyiblər?
- Oğluma deyiblər ki, saxlanılan şəxslər bağışlansın. Mənə ola borcun müəyyən qədərini ödəsinlər. Amma oğlum deyib, belə şey ola bilməz. Bildirib ki, gətirib pulun 1 milyonunu qaytarsınlar. 1 milyonun da müəyyən vaxta qədər qaytarılması üçün sənəd imzalayaq. Belə olduğu halda oğlum onlara güzəşt olunacağını bildirib.
- Siz necə, bir böyük kimi onları bağışlamaq fikriniz varmı?
- Yox. Yarısını gətirib versinlər, yarısına da müqavilə bağlasınlar. Belə olan halda onları bağışlayaram. Amma hazırda məhkəmə 3 milyon 180 min borc kəsib.
- Məhkəməyə gedəcəksinizmi?
- Xeyr. Yox, yox. Mən ora gedə də bimərəm. Buna səhhətim də heç cür imkan vermir.
Bu xəbər üçün şərh yazın