Tağı Əhmədovun yalanları üzə çıxır-

Tağı Əhmədovun yalanları üzə çıxır- Təkcə hər il 5 milyon manat reklamdan gəlir götürürmüş

Son günlər metroda gediş haqlarının qalxması günün əsas müzakirə mövzusudur. "Bakı Metropoliteni" QSC rəsmi açıqlama verdi ki, metroda 1 sərnişinin daşınmasının maya dəyəri 47 qəpikdir.

 Əvvəllər, daha doğrusu, Tağı Əhmədovun dövründə bu rəqəmin 1 manatdan yuxarı olduğu deyilirdi.

Bununla bağlı müəyyən araşdırma apardıq.

Rəsmi statistikaya görə, 2017-ci ildə yeraltı nəqliyyatın xidmətindən 228,8 milyon sərnişin istifadə edib. Onlardan 7,2 milyonu gediş haqqını ödəməkdən azad olan güzəştli sərnişinlərdir (7 yaşınadək uşaqlar, hərbçilər və s.). Onları çıxsaq, metropolitendən ödənişli istifadə edən sərnişinlərin sayı 221,6 milyon nəfərdir. Ötən il ödənişli sərnişinlərdən alınan gəlir 44 milyon 322 min manat olub. Bundan başqa, metropolitenə dövlət büdcəsindən 45 milyon manat subsidiya da ayrılıb – bu iki mənbə üzrə metropolitenin büdcəsi 89,3 milyon manat edir.

Metropolitendəki mənbələrdən daxil olan məlumata görə, ötən il metroda yerləşdirilən reklamlardan, 2 milyon 335 min, ticarət obyektlərinin icarəsindən, bankomat, POS-terminal və informasiya köşklərinə xidmət və s. xidmətlərdən 2 milyon 947 min manat olub. Bu xidmətlərdən əldə edilən gəlirlə birlikdə 2017-ci ildə metronun gəliri 94 milyon 604 min manat olub.

Mənbənin məlumatına görə, 2017-ci ildə istismar üzrə ümumi xərclər 105 milyon 477 min manat təşkil edib. Bura əmək haqqı və ona bərabər tutulan ödənişlər (35 milyon 91 min manat), Sosial Müdafiə Fonduna ayırmalar (7 milyon 617 min manat), xammal və material xərcləri (6 milyon 723 min manat), texnoloji məqsədlər üçün istifadə olunan elektrik enerjisi və yanacaq (11 milyon 428 min manat), bütün kommunal xərclər (4 milyon 424 min manat), o cümlədən qrunt sularının xaric edilməsi (2 milyon 540 min manat), ezamiyyət xərcləri (91 min manat), bank xidmətlərinə görə ödənişlər (168 min manat), amortizasiya ayırmaları (33 milyon 98 min manat), təmir xərcləri (298 min manat), sığorta haqları (613 min manat), gəlirdən çıxılan vergilər (368 min manat), digər xərclər (5 milyon 559 min manat) daxildir. Bundan əlavə, satışdan kənar əməliyyat üzrə xərclər 1 milyon 524 min manat olub. Qeyd edilənlərin yekun nəticəsi kimi, müəssisənin zərəri 12 milyon 397 min manat təşkil edib.

Beləliklə, 105 milyon 477 min manat xərclərin ödənişli sərnişinlərin sayına (221,6 milyon sərnişin) nisbəti 47 qəpik təşkil edir. Başqa sözlə, yalnız istismar xərcləri nəzərə alınmaqla, bir sərnişinin daşınması "Bakı Metropoliteni" QSC-yə 47 qəpiyə başa gəlir.

Araşdırmalar zamanı çox maraqlı detallar üzə çıxdı. Tağı Əhmədovun dövründə 1 sərnişinin daşınma xərcinin 1 manatdan yuxarı olduğu iddia edilirdisə, 2016-cı ildə 77 qəpik təşkil edib. 2017-ci ilin yekunlarına görə isə bu məbləğ 47 qəpiyə enib. Bəs maya dəyərin 2 dəfəyə yaxın azalması nəyin hesabına baş verib.

Qeyd edək ki, T.Əhmədov 2014-cü ildə işdən çıxarılıb. Elə həmin ilin əvvəlində Tağı Əhmədov rəsmən bəyan etdi ki, metropolitenin balansında 2 minə qədər ticarət obyekti var və metro ticarətindən aylıq gəlir 70 min manat, illik gəlir isə cəmi 840 min manatdır.

Hamıya bəllidir ki, 2014-cü ildə metropoliten keçidlərindən ticarət köşklərinin əlindən keçmək olmurdu. Yeni rəhbərlik ticarət köşklərinin sayını əhəmiyyətli dərəcədə azaldıb. Bun baxmayaraq 2017-ci ildə bu mənbə üzrə 2 milyon 947 min manat vəsait daxil olub. Yəni T.Əhmədovun dövrü ilə müqayisədə 2 milyon 107 min manat və yaxud 3,5 dəfə çox vəsait daxil olub. İndi ticarət köşklərinin T.Əhmədovun dövrü ilə müqayisədə ən az 2 dəfə azaldığını nəzərə alsaq, bəlli olar ki, hər ticarət köşklərinin icarəsindən 6 milyona yaxın gəlir götürülübsə də, bu vəsaitin cəmi 14 faizi (840 min manatı) metropolitenin büdcəsinə, qalanı isə (5 milyondan çox) rəhbərliyin şəxsi cibinə axıb. Yeri gəlmişkən, o dövrdə metronun reklam gəlirləri ilə bağlı heç bir rəsmi və ya qeyri-rəsmi statistika yoxdur.

Araşdırmalarda bəlli olub ki, metronun reklam və icarə haqlarının rəsmi büdcəyə daxil edilməsi, başqa xərclərə qənaət edilməsi hesabına maya dəyəri 1 manatdan 47 qəpiyə endirmək mümkün olub. Deməli, korrupsiya ocaqlarını söndürmək mümkündür, yetər ki, istək olsun! \\istiqlal.az\\ 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər