Tanınmış şair Sahil Babayevə şeir yazdı – ”Haram ağrımır tapın”
Tanınmış şair Kəmaləddin Qədim Tibbi Sosial Ekspert Komissiyasina şeirlə açıq məktub yazıb.
Məktubun surətini Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə ünvanlayıb. Həmin şeri təqdim edirik:
Haram ağrımır tapın…
Salam, a təbibbaşı,
a həkimbaşı, salam.
Dağların qarı, buzu,
daşların daşı, salam
Boynum haqqa əyili,
Asın, kəsin, hazıram.
Dərdimi nəzmə çəkib
sizə məktub yazıram.
Borcum olsa da, Tanrı
almamış canı məndən;
Haqsız-haqsız alırsız
haqqım olanı məndən.
Yaş altmışdan yuxarı,
İrəlimi, gerimi?
Əllərim tutmaz olub,
Ayaqlarım yerimir.
Baxın, bu qanda təzyiq,
Bu da ki, qanda şəkər.
Görün, tutar qoyubmu
ürəkdə, canda şəkər?
Üzüm abır örtülü,
Hər namərd üzü görmür.
Nə yaxşı zəifləyib
gözlərim sizi görmür.
Bu adım, bu ünvanım,
Bu ev, bu da ki, qapı…
Axtarın, bu bədəndə
haram ağrımır, tapın…
Kəmaləddin Qədim
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın