"Tarixi sənədlərin imzalanması Azərbaycan və Türkiyə arasında əlaqələrin sistemli inkişafından xəbər verir" -Aqiyə Naxçıvanlı
"Bu gün Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik səviyyəsində uğurla inkişaf edir.
O cümlədən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 25-də Azərbaycana rəsmi səfəri bir sıra mühüm hadisələrlə əlamətdar olub. Səfər çərçivəsində Türkiyə və Azərbaycan Prezidentlərinin iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimi keçirilib. Bu qaz kəməri Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verməklə onun bir mənbədən asılılığını aradan qaldırmış olacaq. İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimindən sonra Azərbaycan-Türkiyə sənədləri imzalanıb. İlk növbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu"nu imzalayıblar. Həmçinin ölkələrimiz arasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi" və "Azərbaycan Respublikasında və Türkiyə Respublikasında bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb. Bu tarixi sənədlərin imzalanması bir daha iki qardaş ölkə olan Azərbaycan və Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin dinamik inkişafını nümayiş etdirir.”
Bu sözləri mətbuata Milli Məclisin deputatı,professor Aqiyə Naxçıvanlı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 25-də Azərbaycana rəsmi səfəri zamanı imzalanmış ikitərəfli müqavilələrlə bağlı açıqlamasında deyib.
Milli Məclisin deputatı qeyd edib ki, sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuata bəyanatlarla etdikləri çıxışlarında bir çox vacib məqamlara dair açıqlamalar təqdim olunub: "Öz çıxışında cənab Prezident İlham Əliyev ilk növbədə qeyd edib ki, İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin tarixində önəmli hadisədir və ölkələrimiz arasında əlaqələrə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək. 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzurun Azərbaycandan ayrılması ilə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında coğrafi bağlantının kəsildiyini xatırladan dövlət başçısı bunun tarixi ədalətsizlik olduğunu vurğuladı. Məlumdur ki, Azərbaycana qarşı işğalçılıq siyasəti aparan Ermənistanın Naxçıvana qarşı da ərazi iddiaları var idi. Ötən əsrin sonlarında bu ərazilər uğrunda da şiddətli döyüşlər gedirdi və o dövrdə yalnız Ulu Öndər Heydər Əliyevin Naxçıvana rəhbərlik etməsi sayəsində Muxtar Respublika öz torpaqlarını qoruya bildi və düşməni yerinə oturtdu. Bundan sonra ermənilər Naxçıvana gələn bütün elektrik və qaz xətlərini kəsdi və Naxçıvan faktiki olaraq mühasirə vəziyyətində, 15 il qazsız yaşamalı oldu.Yalnız 2005-ci ildə İran İslam Respublikası ilə imzalanmış anlaşmaya görə, mübadilə yolu ilə İrandan Naxçıvana qazın verilməsi təmin edilmişdir. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi isə ikinci xətt vasitəsilə Naxçıvana təbii qazın verilməsinə şərait yaradacaq."
Daha sonra A.Naxçıvanlı Türkiyə Prezidentinin BMT-nin Baş Assambleyasında Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatlar səsləndirməsini əsil səmimi dostluğun təzahürü olduğunu vurğulayaraq bunları deyib: “Azərbaycan və Türkiyənin bütün beynəlxalq platformalarda bir-birilərinin mövqelərini və maraqlarını müdafiə etmələri artıq uzun illərdir ki, bir sarsılmaz ənənə halını alıb. Cənab Prezident İlham Əliyev öz bəyanatında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 21-də Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatlar verməsini yüksək qiymətləndirmişdir. Qeyd olunmuşdur ki, bu, Türkiyə tərəfindən göstərilən növbəti qardaşlıq addımıdır. Dövlətimizin başçısı bir daha xatırlatmışdır ki, İkinci Qarabağ müharibəsinin ilk saatlarında Türkiyə Prezidentinin "Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır" deməyi bir çoxları üçün ciddi mesaj oldu və Azərbaycan xalqı bu siyasi və mənəvi dəstəyi heç vaxt unutmayacaq. Bu gün Azərbaycan həqiqətən şərəfli dövrünü yaşayır. İkinci Qarabağ müharibəsi, Azərbaycanın tarixi Zəfəri, beş gün bundan əvvəl uğurlu əməliyyat nəticəsində ölkəmizin suverenliyinin bərpası tarixi hadisələrdir və Azərbaycan xalqı haqlı olaraq bununla qürur duyur” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Bu xəbər üçün şərh yazın