TƏBİB-in kadr təyinatı: nələr sezilir, gizlədilməyə çalışılır
Səhiyyə Nazirliyi ilə TƏBİB arasında rəqabət mövcuddur.Bunu Səhiyyə Nazirliyi və ya TƏBİB rəsmiləri inkar edə bilər.Amma kənardan müşahidə apardıqda,davamlı idarəetməyə nəzər yetirdikdə bu açıq sezilir. Reallığa gəlincə, TƏBİB-in icraçı direktoru və komandası Səhiyyə naziri və onun müavinlərinə tibb müəssisələrində tibbi xidmətin keyfiyyəti və maneəsiz təşkili baxımından uduzur. Vəziyyət kadr seçimində də fərqlidir.
Belə ki, bu mənzərə 01.01.2023-cü ildən TƏBİB-in tabeliyindən çıxarılıb, Səhiyyə Nazirliyinin idarəetməsinə verilən 10-a yaxın Mərkəz və Elmi-Tədqiqat İnstitutlarında özünü göstərdi. Məsələn, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bu sualla qarşılaşa bilərdi: 2021-ci ilin sonunda Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstituna təyin olunan Pərvin Ələkbərov 2022-ci ilin tamamına 10 gün qalmış niyə işdən çıxarıldı və ya onun ərizəsi niyə qəbul edildi?
Bəlkə, 2023-cü ildən səhiyyə naziri Teymur Musayev onunla işləyəcəkdi. Digər tərəfdən, Pərvin Ələkbərov üzərinə düşən bütün vəzifələri yerinə yetirdi ki,onun öz ərizəsi ilə işdən getməsinə razılıq verildi? Yox o,bacarıqsız həkim idisə, nədən Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstituna, oradan isə TƏBİB-in icraçı direktorunun müşaviri təyin edildi?
Deməli, məsələ başqadır və Pərvin Ələkbərovun Elmi-Tədqiqat Tibbi Bərpa İnstitundan tələsik TƏBİB-in icraçı direktorunun müşaviri təyin edilməsi "hansı şəxslər Elmi-Tədqiqat İnstituna direktor təyin edilə bilər" kriteriyasına cavab vermirmiş. Anlaşılan odur ki, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstituna rəhmətlik Əlişir Musayevdən sonra institutun özündə yetişən həkimlərdən birini direktor təyin etmək olarmış.Orada elmi- tədqiqata bağlı həkimlər var imiş.Özü də həm elmi dərəcəsi olan,digər tərəfdən də istənilən həkimin elimi rəhbəri olmağa qadir həkim korpusu mövcud imiş.
Əks təqdirdə, Səhiyyə naziri Teymur Musayev Elmi-Tədqiqat Tibbi Bərpa İnstituna kənardan kadr gətirərdi.O,bunu etmədi və 2023-cü il yanvar ayının ilk həftəsində Sədaqət Hüseynovanı sözügedən instituta direktor təyin etdi,bununla elmi dərəcəsi olmayan şəxsin Elmi-Tədqiqat İnstituna direktor təyin edilməsi "ənənəsini" aradan qaldırmış oldu.O cümlədən,Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktor vəzifəsini icra etmiş baş həkim,tibb üzrə fəlsəfə doktoru Nizami Nəbiyevin də zamanla TƏBİB tərəfindən işdən kənarlaşdırılmasının səhv qərar olduğunu isbatlamış oldu.Yoxsa,Nizami Nəbiyev oraya şöbə müdiri vəzifəsinə qaytarılmazdı.
Beləliklə,Səhiyyə Naziri tibb müəssisələrinin dost, tanış yeri olmadığını sezdirdi. Belə nümunələr çoxdur və yanvar ayında Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitundan Elviz Qasımovun Respublika Klinik Xəstəxanasına direktor təyin edilmə səbəblərindən də danışmaq olar.
Görünən odur ki, kadr seçimi önəmlidir. TƏBİB rəhbərliyi isə əksər xəstəxanalara elə şəxsləri direktor, baş həkim təyin edib ki, müəssisələrdə yaranmış narazılıq fonunda bunu gizlətmək artıq mümkün deyil.Bu görünən və açıq müşahidə edilən mənzərə isə deməyə əsas verir:TƏBİB Səhiyyə Nazirliyinə rəqabətdə uduzur.
FAKTİNFO.AZ
Bu xəbər üçün şərh yazın