Təhlükə: Araqları ucuz başa gələn texniki spirtdən hazırlayırlar
Son günlər ölkədə spirtli içkilərdən zəhərlənmə və ölüm hallarının baş verməsi cəmiyyətdə böyük narahatlığa səbəb olub.
Faktinfo.az xəbər verir ki,məsələ ilə bağlı Axar.az-a danışan professor Adil Qeybulla bildirib ki, kustar üsulla hazırlanan spirtli içkilər zəhərlənmə verir.
“Təəssüf ki, Azərbaycanda kustar üsulla spirtli içkilərin hazırlanması geniş vüsət alıb. Şadlıq saraylarında, müxtəlif kafe-restoranda standartlara uyğun olmayan içkilər hazırlanır və satılır. Vizual olaraq isə saxta arağı müəyyənləşdirmək çox çətindir. Yalnız peşəkar istehlakçı spirtin iyindən onun saxta olub-olmadığını hiss edə bilər. Digər tərəfdən isə spirtli içkiləri qəbul edən şəxslər dozaya məhəl qoymurlar. Bu da orqanizmdə ciddi dəyişikliklər yaradır. Orqanizm dozanı qəbul etmədikdə onu orqanizmdən kənar etməyə çalışır. Qusma, ümumi halsızlıq əlamətləri olur. Bu, alkoqol zəhərlənməsi kimi dəyərləndirilə bilər”.
A.Qeybullanın sözlərinə görə, hər şey arağın tərkibinə qatılan spirtdən asılıdır:
“Əsl araq etil (yeyinti) spirtindən düzəldilməlidir. Zəhərlənməyə səbəb olan araqları isə əsasən yeyinti deyil, ucuz başa gələn texniki spirtdən hazırlayırlar. Bu da ilk növbədə qaraciyərdə zəhərlənmə yaradır, başda ağrılara səbəb olur, mədəyə, ürəyə, böyrəklərə təsir göstərir. Həmçinin, texniki spirtdən hazırlanan içkilər beyinə təsir göstərir, beyin pozuntularına gətirib çıxarır. Bundan əlavə həmin içkilərin tərkibində olan metil isə gözü kor edəcək, hətta ölümə səbəb olacaq qədər təhlükəlidir”.
Professor arağın tərkibi, spirtin faizi və görünüşünün standartları haqqında da danışıb:
“Standart tələb edir ki, arağın xarici görünüşü şəffaf olmalı, tərkibində kənar cisimlər olmamalı, dadı və aromatı araq məhsullarına xas olmalıdır. Arağın ekstra növlərində spirtin həcmi 38-56 faiz, lüksda 40 faiz olmalıdır. Təbii ki, araq məhsullarının üzərində istehsal tarixinin yazılması da mütləqdir. Vaxtı keçmiş araqlar və digər spirtli içkilər də zəhərlənməyə səbəb ola bilər”.
Qeyd edək ki, bir neçə gün əvvəl spirtli içkidən zəhərlənən 2 nəfər dünyasını dəyişib, bir nəfərin isə vəziyyəti ağırdır, hər iki gözü kor olub.
Bu xəbər üçün şərh yazın