Təhsil haqqını ödəyə bilməyib, İNTİHARA ƏL ATIRSA... - Övlad atanın əvəzinə düşünürsə...
Sabunçu rayonu, Pirşağı qəsəbəsində intihar hadisəsi qeydə alınıb.
Orada yaşayan, 18 yaşlı Miriyev Sabir Lütfiyar oğlu evdə özünü asaraq həyatına son qoyub. Məlumata görə, Sabir Türkiyədəki universitetlərdən birində oxuyurmuş. O, təhsil haqqını ödəyə bilmədiyi və bilet almağa pul tapmadığı üçün canına qəsd edib. Hazırda araşdırma aparılır.
İqtisadçı Fuad İbrahimov hadisə ilə bağlı Sherg.az-a danışarkən bildirib ki, bu bir xalqın faciəsidir:
“Sağlam cəmiyyətlərdə təhsil almaqdan ötrü maddi imkanı olmayan birinin belə bir həddə gəlib çatdırılması yolverilməzdir. Biz bu sistemi artıq kökündən dəyişməliyik. İlk növbədə heç olmasa tələbələr üçün güzəştli kredit imkanları yaradılmalıdır. 1990-cı illərin əvvəllərinə qayıtsaq görərik ki, Azərbaycan MDB dövlətləri arasında test sistemini ən birinci tətbiq edən ölkələrdən biri olub. Bununla da şəffaf şəkildə təhsilini davam etdirmək istəyən abituriyentlərin tələbə olmaq imkanı yaranıb.
Sovetlər vaxtında hər hansı maraqlar çərçivəsində sosial rifahı yaxşı olmayan ailələrin övladları bu imkana malik deyildi. Məhz bizim tez üsuluna keçid etməyimizlə istənilən təbəqənin övladının şəffaf yolla ali məktəbə qəbul olmasına şərait yarandı. Amma sonrakı mərhələdə isə ölkəmizdə pullu təhsil sistemi yaranmağa və şaxələnməyə başladı. Beləliklə də testin mahiyyəti də itdi. Hazırda imtahanla istər yerli, istərsə də xaricdəki universitetlərə qəbul olan yüzlərlə gənc var ki, onların pullu təhsil almaq imkanı yoxdur. İllik təhsil haqqını ödəyə bilmirlər. Tələbələr üçün geniş şəkildə kredit imkanları da yaradılmayıb”.
Ekspert onu da diqqət çatdırıb ki, imtahanla qəbul ola bilməyən kifayət qədər abituriyent də attestatla Türkiyə, eləcə də digər ölkələrə üz tutur:
“Bu da maddiyyata bağlı məsələdir. Tələbə ödəniş edə bilmir və yenə də qapalı dairə yaranır. Elə bir sistem qurublar ki, burdan xaricə gedən tələbə ödənişsiz təhsil almaq üçün ən azı 600-650 bal yığmalıdır. Belə olmalı deyil axı. Bu ballar da müəyyən qədər aşağı endirilməlidir. Təhsildə tarazlıq pozulub”.
İqtisadçının qənaətincə, Təhsil Nazirliyi tərəfindən ödənişli təhsil alan tələblər üçün güzəştli proqram çoxdan hazırlanmalı idi:
“Müəllimləri lazımsız ixtisasartırma kurslarına göndərməkdənsə, bu istiqamətdə işlər görmək lazım idi. Heç kim bu haqda düşünmür. Arada Milli Məclisdə məsələnin həlli üçün bir sıra təkliflər səsləndirilsə də, elə orda da qalır. İcra olunmur. İndi də bunun nəticəsində cavan bir insan canına qəsd etdi. Mövcud təhsil sistemimizdə olan qüsurlar həmin gəncin aramızdan ayrılmasına başlıca səbəbdir”.
Bu xəbər üçün şərh yazın