TƏHSİL NAZİRİ AzTU-NUN MƏKTUBUNA CAVAB VERMİR - Tələbələr narahatdır
Buraxılış kurslarından bir fənn kəsri qalan tələbələrlə bağlı Azərbaycan Texniki Universitetinin rəhbərliyinin təhsil nazirinə göndərdiyi məktuba cavab verilmir.
Faktinfo.az saytı xəbər verir ki, bir imtahan fənnindən 2 və ya 3 krediti qalan tələbələr onlayn imtahana buraxılıb kəsrlərini düzəldə bilməsələr, hərbi xidməti 1 il deyil,1 il 6 ay çəkməli olacaqlar. Yaranmış vəziyyət tələbələri, onların valideynlərini narahat edir, narazılıqla müşayiət olunur.
Çevik idarəetmənin olmamasından əziyyət çəkən AzTU-nun Nəqliyyat və Loqistika fakültəsinin sonuncu kurs tələbəsi Göyüşov Qüdrət Azər oğlu ilə bağlı vəziyyət isə fərqlidir. Belə ki, Qüdrət Göyüşov 8 kreditlik iki fəndən kəsrini verib. Hətta, ona dövlət imtahanı üçün 240 manat kredit pulu ödətdirilib. Baxmayaraq ki, Təhsil Nazirliyi hazırkı halda dövlət imtahanının verilməsini məqbul bilmədi.
On gün sonra Qüdrət Göyüşova bildirilib ki, o Dövlət İmtahanına buraxılmayacaq, onun Mülki Müdafiə fənnindən 3 kreditlik bir kəsri var. Yəni, tələbə universiteti bitirmiş hesab edilmir. Göründüyü kimi, Qüdrət Göyüşov vaxtında fənn kəsrini vermək hüququndan məhrum edilib.
Hazırda Qüdrət Göyüşov da Təhsil Nazirliyinin etməsi ehtimal olunan güzəştdən asılı vəziyyətdədir. Əslində isə universitet rəhbərliyi tərəfindən tələbəyə münasibət belə olmamalı, o və valideyinləri narazı salınmamalı idi. Çünki, yanvar ayında Qüdrət Göyüşov kreditə yazılanda ona buraxılış ili olduğu, iki yox üç fənn kəsrinin olduğu bildirilməli idi.
İkinci halda, Qüdrət Göyüşov Tarix və Fəlsəfə fənlərindən kəsrini verəndə yenə gec deyildi və ona bir fəndən də kəsrinin qaldığı bildirilməli idi. Yəni tələbənin ən azı ehtiyatında olan 20 krediti əsas götürülüb, ona Mülkü Müdafiə fənnindən 3 kreditlik imtahanının verilməsinə şərait yaradılmalı, AzTU-nun Tədris Hissə Şöbəsi Qüdrət Göyüşova yaradılmış maneəni aradan qaldırmaq üçün təxirəsalınmaz tədbir görməli idi. Çünki, AzTU-nun Təhsil Nazirliyinə ünvanlayıb güzəşt istədiyi məktub qanunla tələbələrin bir semestr ərzində 30 kreditdən artıq verməsi mümkün olmayan çoxluğuna aiddir. Qüdrət Göyüşov isə cəmi iki fəndən kəsrini verib, onun ehtiyatda 20-dən çox krediti qalıb.
Bir də ki, tələbənin bir fəndən 3 kreditlik kəsri qalmışdırsa, niyə ona Dövlət İmtahanını vermək üçün 240 AZN kredit pulu ödətdirilirdi? Hər halda, AzTU-nun rektoru, Tədris Hissə Şöbəsinin müdiri kimlərin iradəsini ifadə etdikləri sualı ətrafında düşünməlidirlər.
Mövzunu diqqətdə saxlayacağıq.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın