Təhsil Nazirliyi parlamentdə tənqid olundu – “Çox söz-söhbət gəzir…”
“Tələbə xaricdə təhsil alıbsa, gəlib onu bir məmur imtahan etməməlidir. Təhsil Nazirliyi elektron qaydada müraciətlə bu məsələni həll edə bilər”.
ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında AMEA-nın müxbir üzvü, deputat Musa Qasımlı bildirib.
M.Qasımlı deyib ki, xaricdə təhsil alanların diplomlarının tanınması məsələsi ilə bağlı çox söz-söhbət gəzir: “Ona görə də Təhsil Nazirliyi xaricdə təhsil alanı çağırmaqla yox, həmin xarici ölkəyə elektron qaydada sorğu göndərməklə həmin şəxsin sərhədi keçib-keçmədiyini, təhsil alıb-almadığını müəyyənləşdirə bilər”.
Musa Qasımlı Dissertasiya şuraları ilə bağlı məsələyə də toxunub: “Universitetlərdəki müdafiə şuralarının tərkibi sağlamlaşdırılmalıdır. 20-25 il əvvəl güc-bəla ilə elmi iş müdafiə edən və xaricdə bir kitabı, məqaləsi çıxmayan şəxsləri həmsədr qoymaq olmaz. Bu, Azərbaycan elminə ayıbdır. Elmi şuralar “anekdot” yer olmamalıdır, elmimiz xaricə çıxmalıdır”.
Report.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Musa Qasımlı deyib.
Onun sözlərinə görə, bəzi universitetlərdə 3-4 nəfərlik heyət yaradılır və universitetin 700 nəfərlik müəllim kollektivinin məqaləsini oxuyur, xaricdə dərc olunub olunmaması ilə bağlı tövsiyə verir: “4-5 nəfər heç bir zaman 700 nəfərin məqaləsini oxuya bilməz, bu, fiziki baxımdan mümkün deyil. Bir şəxs və ya bir neçə şəxs bütün sahələr üzrə mütəxəssis ola bilməz”.
O, deputatı olduğu rayondan da danışıb: “2003-cü ildən bəri cənab prezidentin Yardımlıya ayağı dəyən andan bəri Yardımlının siması dəyişib. Xəyallara gəlməyən işlər həyata keçirilir. Asfalt yollar çəkilir, elektirik enerjisi problem yoxdur. Təbii qazla təmin olunma prosesi başlayıb və davam etməkdədir. Tam səmimi söyləyirəm ki, cənab prezidentin Yardımlıya ayağının dəyməsi oraya xeyir-bərəkət gətirdi”.
Bu xəbər üçün şərh yazın