Təhsillə bağlı yenilik: vəziyyət pisləşəcək - Ekspert
Təhsil idarələrinin birləşdirilməsinin təhsilə heç bir müsbət təsiri olmayacaq.
Bu sözləri Axar.az-a təhsil üzrə ekspert Elşən Qafarov təhsil idarələrinin regionlaşdırılması barədə verilən yeni qərar barədə danışarkən deyib.
“Bundan əvvəl təhsilin idarə edilməsində 2016-cı ilin yanvarın 1-dən Ərazi Maliyyə Hesablaşma mərkəzləri yaradılmışdı. Bu mərkəzlərə indiyə qədər təhsillə birbaşa əlaqəsi olmayan şəxslər rəhbər təyin olundu. Yaranmasından cəmi bir neçə il sonra Ərazi Maliyyə Hesablaşma mərkəzlərində rüşvət, korrupsiya və digər halların açıq şəkildə baş alıb getdiyini gördük. Əgər regional təhsil idarələrinə də bu cür, təhsil sahəsində təcrübəsi olmayan, “xaricdə təhsil aldığı” deyilən rəhbərlər təyin olunacaqsa, vəziyyət daha da kəskinləşəcək”, - ekspert bildirib.
E.Qafarov qeyd edib ki, sözgedən qərar digər tərəfdən ölkənin bir çox dağlıq və dağətəyi rayonlarındakı təhsil müəssisələrinin vəziyyətini çətinləşdirəcək:
“Çünki həmin ərazilərdə internet zəifdir. İnfrastruktur tam qurulmayıb. Sadə bir müəllim sözünü demək üçün regional idarənin yerləşəcəyi rayona ən azı 100 kilometr yol getməli olacaq. Bu problemlər necə həll olunacaq? Hər halda gözləyək. Çünki Nazirlər Kabineti ölkə Prezidentinin sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı qərar qəbul etməlidir. NK qərar qəbul etdikdən sonra bu məsələ barədə daha detallı danışa biləcəyik”.
Faktinfo.az xatırladır ki,Ərazi Maliyyə Hesablaşma mərkəzlərinin yaranması sabiq Təhsil Naziri Mikayıl Cabbarovun dövrünə təsadüf edir.Sonradan bu qrumlarda aparılan maliyyə yoxlamaları təsdiqlədi ki, heç də Ərazi Maliyyə Hesablaşma mərkəzləri şəffaf fəaliyyət göstərmirmişlər.Bu qrumlarda kifayət qədər rüşvət, korrupsiya hallarına yol verilirmiş,indi də həmin "ənənə" davam edir.
Bu xəbər üçün şərh yazın