Tərtərin İcra başçısı 1-ci qrup Qarabağ əlilindən 27 min AZN istəyib?-

Tərtərin İcra başçısı 1-ci qrup Qarabağ əlilindən 27 min AZN istəyib?- Mal-heyvanlarımızı tələsik ucuz qiymətə satdıq ki...

Faktinfo.az-a daxil olan məlumata görə,Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 1-ci qrup Qarabağ əlilindən 30 ha sahədə pambıq əkilməsi üçün 27 min manat istəməsi iddiasından sonra çətin duruma düşüb.

Belə ki, Tərtər rayonunun Qaraağacı kənd İnzibati Ərazi dairəsinin Qaradağlı kəndində qeydiyyatda olan, 1-ci qrup Qarabağ müharibəsi əlili Hüseynov Cəfər Əli oğlu və rayonun  N.Nərimanov küçəsi, ev-15, mənzil- 02 ünvanda qeydiyyatda olan Məmmədov Elçin Saleh oğlu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Azərbaycan Respublikasının 1-ci vitse- prezidenti Mehriban xanım Əliyevaya, Baş prokuror Cənab Zakir Qaralova, Baş Nazir cənab Novruz Məmmədova, Kənd Təsərrüfatı naziri İnam Kərimova müraciət edib.Qeyd edək ki,müraciət bir müddət əvvəl Təzadlar.az saytı vasitəsilə yayımlanıb.

Faktinfo.az sözü gedən müraciəti ixtisarla təqdim edir:

Hörmətli Cənab Prezident! 

Mən Qarabağ torpaqlarının müdafiəsində, qanlı döyüşlərdə düşmənimiz ermənilərə qarşı vuruşaraq sağlam canımdan keçərək bir qolumu itirdim, 1-ci qrup Qarabağ müharibəsi əliliyəm. Çox sağ olun ki, mənim Qarabağ döyüşlərində fəal və qəhrəman işlərimi yüksək qiymətləndirərək dövlət səviyyəli imtiyazlarla məni təmin etmisiniz.

Cənab Prezident! 

Mən ailə başçısıyam. Mənə verilən pensiya ailə üzvlərimi təmin etmir. Özüm də bir qolumla hərəkət edirəm. Ona görə yaxın qohumum olan, Məmmədov Elçin Saleh oğlu ilə birgə qərara gəldik ki, Tərtər rayon Şıxarx qəsəbəsində boş qalmış, əkin üçün yararlı olan 20-30 hektar torpaq sahəsində pambıqçılığın inkişafı üçün verilən sərəncamınız əsasında həm öz güzəranımızın yaxşı olması üçün, həm də pambıqçılığın inkişafı üçün pambıq əkib,becərək.

Cənab Prezident! 

Bundan sonra ərizə vasitəsi ilə Tərtər rayonun icra başçısı Müstəqim Məmmədov cənablarına müraciət etdik.Başçı Müstəqim Məmmədov bizi qəbul etdi və dedi ki, şöbə müdiri Fizuli Əliyevə tapşırıq verərəm, o Sizi istədiyiniz torpaq sahəsi ilə təmin edər.

Müstəqim Məmmədov bu sözü bizə deyəndən 2 gün sonra aparatın şöbə müdiri Fizuli Əliyev Məmmədov Elçin Saleh oğlunu icra hakimiyyətinə çağırdı və orada ona dedi ki, cənab başçı mənə tapşırıq verib ki, 27.000 (iyirmi yeddi min) manat pul al, Şıxarx qəsəbəsində olan boş torpaqdan 30 hektar  sahəni onlara icarəyə ver. Biz bilirdik ki, bu qanunsuzluqdur, amma məcburiyyətdən razılaşdıq. 

Cənab Prezident!

 Hər ikimiz gedib özümüzə məxsus mal-heyvanlarımızı tələsik ucuz qiymətə satdıq ki bizdən istənilən pulu tez düzəldək. Mal-heyvanlarımızı satsaq da, həmin miqdarda pulu düzəldə bilmədiyimiz üçün Mingəçevir şəhərinə gedib lombard Kredit Təşkilatından Məmmədov Elçinin adına kredit götürüb 27000 AZN-i on günə düzəltdik. Sonra şöbə müdiri Fizuli Əliyevin yanına getdik və həmin dediyi miqdarda pulun düzəldiyini bildirdik. Şöbə müdiri Fizuli Əliyev bizə dedi ki, Siz pulu gec gətirdiyiniz üçün həmin torpağı cənab başçı Sizə deyilən miqdardan daha çox pul verən başqa bir şəxsə verdi. Artıq o adam yeri əkdirib, suvarma işi aparmaq istəyir.

Rayonun başçısı Müstəqim Məmmədov və şöbə müdiri Fizuli Əliyev tərəfindən aldadıldığımıza ,görə böyük maddi və mənəvi zərərə düşdük.Noyabr, dekabr 2018-ci il tarixdən şəxsən Sizin adınıza, Mehriban xanımın adına və aidiyyəti olan rəhbərlərə şikayət teleqramları və ərizə vasitəsi ilə müraciət etmişik. Bundan sonra Prezident Aparatına qəbula getmişik. Qəbul otağında bizə bildirdilər ki, zona üzrə kurator Arif müəllimə öz şikayətinizi deyə bilərsiniz. Biz kuratot Arif müəllimin iş otağına nə qədər zəng etsək də, bizə cavab vermədi və biz qəbul etmədi. Bizim Prezident Aparatına etdiyimiz şikayətlərimiz Sizə bildirilmədən Tərtər rayon İcra Hakimiyyətinə göndərilir.

 Rayonda da bizi aldadaraq şikayətlərimizi ört-basdır edirlər. Hətta həmin Füzuli Əliyev bizə yalandan cavab yazıb ki, guya həmin torpaq sahəsi cəbhə bölgəsində olduğundan istifadəsi mümkünsüzdür. Amma biz Sizə fotoşəkillər və videokadrlar təqdim edirik ki, həmin torpaq sahəsi şumlanıb, taxıl əkilib və suvarılır.


Cənab Prezident! 

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun 5 il müddətində etdiyi qanunsuz əməllərini yazmaqla qurtarası deyil. Ona görə bizim şikayət ərizəmizin ciddi nəzarətə alınıb araşdırılmasına göstəriş verməyinizi Sizdən xahiş edirik.

Qeyd edək ki,Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevə yaxın şəxslərdən biri kimi tanınır,Elmar Vəliyev hələ Yevlax rayon İcra Hakimiyyətinin başçısı olduğu müddətdə Müstəqim Məmmədov RİH-də Təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışıb.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi