Tibb Universitetinin bu ixtisası ləğv edilib? –Təhsil Nazirliyindən şərh
Sosial şəbəkələrdə yazırlar ki, IV ixtisas qrupunda “Müalicə işi” ixtisası ixtisasların siyahısından çıxarılıb və ləğv edilib.
Dünyada “Müalicə işi” ixtisası yoxdur, “Tibb” ixtisası adı var. Azərbaycan Tibb Universitetini bitirənlər xaricə təhsil almaq üçün gedəndə də bu ixtisasın adı anlaşılmazlıq yaradırdı. Ona görə də “Müalicə işi” ixtisasının adı dəyişdirilib.
Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.
Onun sözlərinə görə, Azərbaycanda mövcud olan “Tibbi profilaktika” ixtisası çox dar çərçivəli idi. Bu ixtisasın dünya təhsil sistemindəki ixtisaslar təsnifatında olmadığını deyən Y.Piriyev həmin ixtisasın “İctimai səhiyyə” ixtisası kimi tanındığını, Azərbaycanda da “Tibbi profilaktika” ixtisasının adının dəyişdirilərək buna uyğunlaşdırıldığını söyləyib.
Y.Piriyev qeyd edib ki, bununla yanaşı, “Bədən tərbiyəsi və idmanda reabilitasiya”, “Fizioterapiya və tibbi reabilitasiya”, “Məşqçilik” və s. adlı yeni səhiyyə ixtisasları yaradılıb:
“Elə ixtisaslar var idi ki, oraya 10 il müddətində heç bir tələbə qəbulu aparılmamışdı. Məsələn, “Həkim yardımçısı”. Yeni yaradılan ixtisaslardan biri də “Tibb bacısı işi” ixtisasıdır. Bu ixtisas üzrə kadrlar daha üst səviyyədə hazırlanaraq əməliyyatlar zamanı yardımçı olacaqlar. Onlar subbakalavr dərəcəsi alacaqlar”.
Qeyd edək ki, Nazirlər Kabinetinin bu günlərdə təsdiq etdiyi “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı”nda ixtisasların sayı azaldılıb.
Qərarla mövcud 175 ixtisas sayı 148-ə endirilib, o cümlədən 46 yeni ixtisas yaradılıb, 70-ə yaxın ixtisas isə birləşdirilib və ya ləğv edilib.
Bu xəbər üçün şərh yazın