“Topaz”la fahişəxana və qumarxanalar arasında heç bir fərq yoxdur" -Aslan İsmayılov
Azərbaycanda mərc oyunlarının gətirdiyi faciələrin sayı getdikcə artır.
Əsasən kişilərin və gənc nəslin qurşandığı bu bəla ailələri dağıdır, faizə, borca girmə hallarını artırır. Borc vaxtında qaytarılmadıqda isə cinayət hadisələri baş verir. Bu baxımdan Azərbaycanda fəaliyyətinə rəsmi icazə verilən "Topaz" bir çox tanınmış insanlar tərəfindən tənqid olunur.
Faktinfo.az saytının məlumatına görə, məsələ ilə bağlı tanınmış hüquqşünas-vəkil Aslan İsmayılov Demokrat.az-a açıqlamasında bildirib ki, ölkəmizdə “Topaz”dan böyük əxlaqsızlıq yoxdur.
“Fahişəxanalar ilə qumarxanalar arasında heç bir fərq yoxdur. Ən dəhşətlisi isə odur ki, bu qumarxanalar əhalinin kasıb-savadsız təbəqəsini rəzil vəziyyətə, pis günə salır. Ölkəmizdə fəaliyyətinə icazə verilən “Topaz” açıq-aşkar qumarxanadır. Bilirsiniz ki, ölkəmizdə qumarxanalar qadağandır. Amma, onları “Topaz” və s. kimi minbir adla ölkənin hər tinində, bucağında açırlar. Normal ölkədə belə bir şey ola bilməz. Onu da qeyd edim ki, bunun arxasında duranların hamısı yüksək məmur təbəqəsidir”.
Hüquqşünasə əlavə etdi ki, bu cür məkanlar xalqa qarşı soyqırımdır:
“Bu barədə mənə yazanlar çoxdur. Buna görə, neçə ailələr viran olub. Yüzlərlə gəlinlər, bacılar, analar ağlar qalıb. Bu, elə narkomaniya kimi bir şeydir. Təsəvvür edin ki, açıblar və bir mağazada narkotik satırlar. Mənim üçün bunların heç bir fərqi yoxdur”.
Bu xəbər üçün şərh yazın