Türk iş adamlarından komitə sədrinə açıq məktub: “Buna “dur” deyin!”
Azərbaycanda fəaliyyət göstərən bir qrup Türkiyəli iş adamı Azərbaycan Respublikası Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə açıq məktubla müraciət ediblər.
Yeni Sabah.az-a daxil olan müraciətdə bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan xalqının mənfəəti üçün imzaladığı fərmana əsasən sahibkarlar xarici ölkələrdən idxal etdikləri malların gömrük rüsumlarını öz və ya öz firmaları adına öddəməli idi. Yəni bununla karqo sisteminin ləğv olunması nəzərdə tutulurdu. Hətta buna görə gömrük məmurları dəyişdirildiyi məktubda qeyd edilir:
“Bəs karqo ləğv ediləcəkdi, rəqabət olacaqdı, hər kəs gətirdiyi malların gömrük rüsumunu ödəyəcəkdi? Eyni firmadan mal alan sahibkar öz adına malı gətirdiyi zaman gömrük rüsumu yüksək olur, amma karqo ilə gətirdikdə isə ucuz başa gəlir. Bunun səbəbi ondadır ki, sahibkar məhsulu öz və ya firması adına gətirdikdə rəsmi faktura ilə gətirir. Karqolar isə fakturaları və məhsul kodlarını dəyişdirərək gətirir.
Bununla da bazarda haqsız rəqabət yaranır. Bunun səbəbi isə rəsmi şəkildə malı idxal edən sahibkar, karqo ilə malı idxal edən sahibkardan baha satdığı üçün haqsız rəqabət yaranmış olur. Həmçinin bu vəziyyətin yaranması ilə həm sahibkarlar, həm də karqolar vergidən yayınmış olurlar.
Ümumiyyətlə, dünya təcrübəsində karqo şirkətləri yalnız malın daşınması üçün göstərdikləri xidmət haqqını almalıdırlar. Malların gömrük rəsmiləşdirilməsini sahibkarlar öz və ya öz firmaları həyata keçirməlidir. Bizdə isə karqo şirkətləri saxta şirkətlər açaraq malları öz adlarına rəsmiləşdirir və vergi fakturasını dəyişərək ölkəyə idxal edirlər. Hətta onlar malın gömrük fakturasını dəyişdirməklə yanaşı malın gömrük kodlarını da dəyişirlər.
“Biz Türk iş adamları olarak bu saxta faturasız mal satışlarından, qarşılığı olmayan bəyannamələrdən yorulduq. Nəyə görə, bizi karqoların qucağına atdılar? Eyni yerdən, eyni malı alan iş adamı karqo ilə daşıdığı zaman daha ucuz olur, özü gətirdikdə baha. Gömrükdə olan bütün bu uyğunsuzluqlara “dur” desəniz Türkiyə və Avropa iş adamları olaraq sizə minnəttar olacağıq!
Konkret olaraq bildiririk ki, karqo şirkətləri bir tırın içərisinə 20-30 iş adamının idxal etdiyi malı yükləyib, 5-6 fiziki şəxs adına gömrük fakturası ilə Azərbaycana idxal edirlər. Nəticədə dövlətimizin büdcəsinə az vergi ödənir, haqsız rəqabət yaranır və Cənab Prezident İlham Əliyevin iqtisadi siyasətinə xəyanət olunur.
Sizdən xahiş edirik ki, karqo şirkətlərinə nəzarəti gücləndirəsiniz və onların yalnız malların daşıması ilə məşğul olmalarını və gömrük işlərindən kənarda qalmalarını təmin edəsiniz.
Əgər bunun qarşısı alınmazsa, biz Türk iş adamları olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və Azərbaycan Respublikasının Vitse Prezidenti xanım Mehriban Əliyevaya şikayət edəcəyik!”.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın