Meral Akşener Rusiya raketlərinə qarşı çıxdı:“Cənab Ərdoğan, "S-400" –lər anbarda çürüyəcək”
Türkiyə hökumətinin Rusiyadan S-400 zenit-raket kompleksləri satın almaq qərarı ölkə müxalifəti tərəfindən dəstəklənməyib.
“Cumhuriyet” qəzetinin verdiyi xəbərə görə, yeni qurulan “İyi Parti” (Yaxşı Partiya) lideri Meral Akşener hökumətin bu addımını tənqid edib. O bildirib ki, alınacaq S-400 Türkiyə hərbi təyyarələrini tanımayacaq: “Buradan hörmətli Ərdoğana səslənirəm. Əlində meqafonla çığıraraq, bağıraraq xarici siyasət aparılmaz. Azacıq ağıl, sükunət, tarix bilgisi lazımdır. İndi Rusiyadan S-400 alırsınız, halbuki bu qurğu bizim təyyarələrimizi tanımır. O raketləri harada istifadə edəcəksən, qardaş? Sənin F-16-ların onları tanımır və onlar da F-16-ları düşmən təyyarəsi kimi görür. Qoyacaqsan anbara, çürüyəcək”.
Qeyd edək ki, bu gün Ankarada Türkiyə və Rusiya arasında S-400 zenit-raket komplekslərinin tədarükü üçün kredit razılaşması imzalanıb. Rusiyanın "Rostex" dövlət korporasiyasının rəhbəri Sergey Çemezov Türkiyəyə 2,5 milyard dollar dəyərində 4 divizion S-400 kompleksi satacaqlarını bildirib. O deyib ki, vəsaitin 55%-nin ödənişi üçün Rusiya tərəfindən Türkiyəyə kredit veriləcək. Zenit-raket komplekslərinin 2020-ci ilin martından etibarən Türkiyəyə göndərilməsinə başlanacaq.
Bu xəbər üçün şərh yazın