"Türkiyəyə gedib, istintaqla maraqlandım" - İlyas İsmayılov
“Oğlumu qətlə yetirən şəxslərin cinayət işinin istintaqı ilə bağlı Türkiyəyə getmişdim”.
Faktinfo.az xəbər verir ki,bu barədə Unikal.org-a Ədalət Partiyasının sədri İlyas İsmayılov açıqlama verib. O bildirib ki, övladı Etimad İsmayılovun qətli ilə bağlı Türkiyə hüquq-mühafizə orqanları tərəfindən obyektiv istintaq aparılır: “İstintaq işinin gedişi ilə bağlı Türkiyədə oldum. Gördüm ki, araşdırma obyektiv aparılır. İstintaq işi bitdikdən sonra məhkəmə prosesi başlayacaq. Hər şey istintaqın gedişindən asılıdır. Övladımın qətlində adı hallanan killer Gözəl Dəmirov hazırda həbsdədir”.
Xatırladaq ki, 2018-ci ilin sentyabrın 19-da axşam Ədalət Partiyasının sədri, sabiq ədliyyə naziri İlyas İsmayılovun biznesmen oğlu Etimad İsmayılov Türkiyədə qətlə yetirilib. Qətli isə onu şəriki, Azərbaycan DİN-in sabiq polkovniki Gözəl Dəmirov törədib. İlkin məlumatda deyilirdi ki, E.İsmayılovla G.Dəmirovun birgə inşaatçılıq işi olub. Hadisə baş verən gün onlar axşam saatlarında E.İsmayılovun ofisində görüşüb. Birlikdə çay içən şəriklər arasında az sonra mübahisə yaşanıb. Bundan sonra Dəmirov silahını çıxararaq İsmayılovu qətlə yetirib. E.İsmayılova iki güllə başına vurduqdan sonra 3-cü gülləni də ürəyindən atıb. E.İsmayilov tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşıdır.
Bu xəbər üçün şərh yazın