Uğurlu vaksinasiya strategiyası əhalinin sağlamlığının qorunması istiqamətində vacib amildir
Artıq üç ilə yaxın bir müddətdir ki, dünyanı çətin sınaq qarşısında qoyan COVİD-19 pandemiyası günümüzün ən aktual məsələsinə çevrilmişdir.
Həyatın bütün sahələrində problemlər yaradan, həm maddi həm də mənəvi cəhətdən sarsıntılara səbəb olan bu virusla mübarizədə ölkəmiz nümunəvi ölkə olaraq tanındı. Əhalinin sağlamlığını və təhlükəsizliyini hər zaman ən vacib amil olaraq qəbul edən dövlət başçımız cənab İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər, atdığı mühüm addımlar sayəsində pandemiya ilə mübarizədə ən tədbirli dövlət olaraq çıxış etdik. Hər zaman humanizm, ədalət, həmrəylik, sülh prinsiplərinə sadiq qalan Prezident cənab İlham Əliyev pandemiya ilə mübarizədə hər zaman həmrəyliyə çağırışlar etmişdir.
Hazırkı mərhələdə pandemiya ilə mübarizənin ən baçlıca yolu vaksinasiyadır. Bu sahədə də ölkə başçımız tədbirli davranmış və uğurlu vaksinasiya strategiyasının tətbiqi üçün bütün lazımi tədbilər görülmüşdür. Bu tədbirlərin nəticəsidir ki, ölkəmizdə vaksin çatışmazlığı yoxdur, əhalinin vaksinasiyasında problem yaşanmır. Pandemiyaya qarşı mübarizədə hər bir vətəndaş sosial məsuliyyət daşıyır. Bu səbəbdən də vaksinasiyada iştirak artıq vətəndaş məsuliyyətinin ayrılmaz göstəricisidir. Ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır. Bu gün əhalinin 4 növ vaksin seçimi var. Ölkəmizdə aparılan peyvənd kampaniyası çərçivəsində “Sinovak”, “AstraZeneca”, “Pfizer” və “Sputnik” vaksinləri ilə 2 milyon dozadan artıq peyvənd istifadə edilib. Onların hər biri effektiv və təhlükəsizdir.
Vaksin çox vacib təsir mexanizminə malikdir. Çünki, immun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Pandemiyanın fəsadları bütün yaşlarda olan insanlara təsir edə bilər. COVİD-19 virusuna gənc və sağlam insanlar da yoluxa bilər. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanları yoluxdura bilərlər. Vaksinasiya olunmayan şəxslərin kütləvi tədbirlərdə iştirakı insanların həyatını təhlükə altına qoyur. Məsuliyyətsiz addımlar cəmiyyətin gələcəyini təhlükə altına qoyur, görülmüş işləri və sərf olunmuş vəsaiti heçə endirir.
Məlumat üçün qeyd edək ki, Füzuli rayonunda bu günə qədər əhalinin təxmini 90%-i vaksinasiyadan keçmişdir. Vaksinasiyanı sürətli və uğurlu həyata keçirmək üçün rayonumuza indiyə qədər 83000 doza vaksin daxil olmuşdur.Hazırda Füzuli rayonunda əhalinin vaksinləşməsi prossesi davam edir.
Dünyada müşahidə olunan tendensiyalar COVID-19 ilə mübarizə üsullarının təkmilləşdirilməsini və qabaqcıl tədbirlərinin görülməsini zəruri edir. Peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Buster doza immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir.
Buster dozasının istifadəsi yüksək risk qrupuna daxil olanlar (tibb işçiləri, yaşı 50-dən yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan, xroniki xəstəliyi olan şəxslər) üçün məqsədəuyğun hesab olunur və əhəmiyyəti daha çoxdur. Bu günə kimi xroniki böyrək xəstəlikləri, hər hansı uroloji və nefroloji problemi olan xəstələrin COVID-19-a qarşı vaksinasiya olunmasına dair heç bir əks göstəriş yoxdur. Uroloji, nefroloji xəstəlikləri olan şəxslərin vaksinasiyasında ciddi problem olmayıb. Yan təsirlər də hər kəsdə olan təsirlərdir. Vaksinasiya nəticəsində əmələ gələn fəsadlar vaksinasiya olmadan xəstəliyə yoluxma nəticəsində yaranan fəsadlardan daha yüngüldür.
Hazırki durumun analizləri göstərir ki, yoluxma ilə bağlı beynəlxalq statistika artıq təkrar vaksinasiya olunmanın zəruriliyini isbat edir. Ona görə də buster dozasının alınması sürətləndirilməlidir. Müxtəlif xarici ölkələrdə də artıq buster dozasının vurulmasına başlanılıb. Koronavirusun ştammlarından qorunmaq üçün buster dozasının vurulması tövsiyə olunur. Buster dozası yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri azalda bilər. Üçüncü doza virusla savaşan anticismləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir. Bu anticismlər koronavirusun ştammlarına qarşı güclüdür. Koronavirusun mutasiyası nəticəsində yeni “Delta” variantının ortaya çıxmasından sonra Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə 3-cü peyvənd dozası – buster dozası təklif olunur. Nəzərə alınmalıdır ki, bəzi hallarda yeni variantlara qarşı qorumanı gücləndirmək üçün peyvəndin əvvəlkindən fərqli növü tətbiq oluna bilər.
Bir həkim olaraq, mən də öz növbəmdə hər kəsi vaksin olunmağa dəvət edirəm. Həm özümüzün, həm də ətrafımızdakıların sağlamlığı, təhlükəsizliyi naminə vaksin olunmaq hər birimizin vətəndaş borcumuzdur.
Dövlət başçımız cənab İlham Əliyevə biz tibb işçilərinə göstərdiyi diqqət və qayğıya, işləmək, camaatımıza xidmət etmək üçün yaratdığı gözəl şəraitə və əhalinin sağlamlığı naminə atdığı bütün addımlara görə dərin minnətdarlığımızı bildiririk.
Elçin Qurbanov
Füzuli Mərkəzi Rayon Xəstəxanası
Publik Hüquqi Şəxsin Direktoru
Bu xəbər üçün şərh yazın