Ukraynadan Orta Asiya ölkələrinə tabutlar gəlir – Onları zorla müharibəyə göndərirlər...
Orta Asiyada onlarla ailəyə Ukraynadakı həlak olmuş yaxınlarının meyitləri gəlməkdədir. Son bir ayda təkcə Qırğızıstanda ən azı dörd ailəyə qohumunun Ukraynada döyüşdə həlak olması xəbəri gəlib.
AzPolitika.info “Radiso Svoboda” radiosuna istinadla xəbər verir ki, onlar orduya Rusiya həbsxanalarından, “Vaqner” muzdlu döyüşçü qrupu tərəfindən cəlb olunublar.
Ölüm xəbəri gələnlər arasında cənubi Oş vilayətindən olan, zorlama və oğurluq ittihamıyla doqquz illik həbsə məhkum edilmiş 30- yaşlı Erlan Ermekov da olub. O, noyabrda “Vaqner” ilə altı aylıq kontrakt imzalayıb. Əvəzində pul, Rusiya vətəndaşlığı əldə edəcək, kriminal tarixçəsi təmizlənəcəkdi.
Anası Gulnara Zakirova deyir ki, Ermekov buna həyata yenidən başlamaq şansı kimi baxırdı. Ana Rusiyadan pul aldıqlarını təsdiqləyir – birinci ay 1300 dollar, sonrakı aylar 2 min 400 dollar alıblar. Ancaq bu çox çəkmir, Ermekov fevralın 6-da döyüşdə öldürülür.
İndi ana Rusiyada məhbəs həyatı yaşayan bütün qırğızıstanlıların ölkəyə gətirilməsi, cəzalarını öz ölkələrində çəkməsi üçün kampaniya aparır.
“Yeganə oğlumu itirdim, başqa anaların mənim yaşadıqlarımdan keçməsini istəmirəm”, – o söyləyib.
Qırğızıstanın hakim orqanları hazırda 1077 vətəndaşın Rusiyada həbs cəzası çəkdiyini təsdiqləyib, onların çoxu narkotik ittihamı ilə cəzalandırılıb.
Rusiyada Orta Asiyanın digər ölkələrindən də minlərlə insan həbs cəzası çəkir. Çünki Rusiya keçmiş sovet respublikalarından miqrant işçilərin üz tutduğu əsas məkandır.
Dünyada müxtəlif döyüş gedən yerlərdə vəhşiliklər törətdiyi bildirilən “Vaqner” qrupunun Ukraynaya 50 minədək döyüşçü cəlb etdiyi deyilir. Onların 80 faizi isə Rusiya həbsxanalarında adları olanlardır.
Birləşmiş Ştatlar yanvarın 29-da bu qrupu transmilli cinayətkar təşkilatlar kateqoriyasına salıb.
“Vaqner” iyunun sonundan bəri azı 35 min məhkumu Ukraynadakı müharibəyə cəlb edib. Bunu məhbusların hüquqları üzrə ixtisaslaşmış “Rus Sidyashchaya” insan haqları təşkilatının direktoru Olqa Romanova deyib. Onun sözlərinə görə, qrup əsasən Orta Asiyadan məhkumları hədəfə alır, çox vaxt onları iradələri əleyhinə siyahıya salır.
Tacikistandan 52-yaşlı Fatulla Narzullayev iyunda Rusiyaya işləməyə gedib. Fevralın əvvəlində onun meyiti paytaxt Düşənbə yaxınlığındakı doğma kəndinə göndərilib. Narzullayev məhbəsdən qohumlarına telefon zənglərində deyirmiş ki, onu zorla müharibəyə göndərirlər.
Jurnalistlər azı 14 tacikistanlı məhbusun son aylar Ukraynada öldürüldüyünü hesablayıb.
Bu xəbər üçün şərh yazın