“UNEC-də həyata keçirilən bütün yeniliklərin əsasında məhz Dövlət Strategiyasından irəli gələn tələblər dayanır"

“UNEC-də həyata keçirilən bütün yeniliklərin əsasında məhz Dövlət Strategiyasından irəli gələn tələblər dayanır" 

Ədalət Muradov: “...Dünya iqtisadiyyatında mühüm çəkiyə sahib olan xidmət sektorunda təhsil sahəsinin rolu olduqca böyükdür, UNEC bu istiqamətdə liderliyə iddialıdır...”

“Təzadlar” bildirir ki, bir müddət əvvəl Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərliyinə bir sıra suallardan ibarət sorğu göndərilmişdi... Bu gün redaksiyamıza universitetin rektoru, professor Ədalət Muradovun imzası ilə həmin sorğuya cavab yazısı daxil olmuşdur. “KİV haqqında” Qanunun tələblərinə uyğun olaraq həmin yazını olduğu kimi təqdim edirik:
...Qlobal dünyada təhsil sahəsində ortaya çıxan yeni çağırışlar və Azərbaycan iqtisadiyyatının müasir inkişaf mərhələsinə daxil olması ölkədə təhsilin inkişafı üzrə vahid dövlət strategiyasının formalaşdırılmasını zəruri etdi. Ölkənin inkişaf konsepsiyasına uyğun olaraq, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda davamlı, dayanıqlı və rəqabətqabiliyyətli inkişafı təmin edən, insan kapitalının inkişafına önəm verən müasir təhsil sisteminin yaradılması ön plana çəkildi. Strategiyada ölkənin beynəlxalq standartlara cavab verən təhsil sisteminin uzunmüddətli inkişaf istiqamətləri müəyyənləşdirilərək, ali təhsil müəssisələri qarşısında da yeni vəzifələr qoyuldu. Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universiteti olan UNEC-də həyata keçirilən bütün yeniliklərin əsasında məhz Dövlət Strategiyasından irəli gələn tələblər dayanır.
Son dörd ildə UNEC-in infrastrukturunun, maddi-texniki bazasının möhkəmləndirilməsi, elmi-pedaqoji kadr potensialının gücləndirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi və dünya təhsil məkanına inteqrasıyası istiqamətində atılan müsbət addımları elm və təhsil ictimaiyyəti maraqla izləyir.
Prezidentin sərəncamına ilk cavab verən universitet – UNEC
Azərbaycan Prezidenti İlham Əliyevin 18 yanvar 2016-cı ildə “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncamda “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə dair konkret tapşırıqlar yer almışdır. Sərəncamdan irəli gələn məsələlərə müvafiq dəstəyi vermək məqsədilə ölkənin təhsil məkanında ilk dəfə olaraq Azərbaycan Dövlət İqtisad Universiteti öz brendləşməsini reallaşdırdı. UNEC brendi adı altında universitetin strateji hədəfləri müəyyən olundu və cəmiyyətin dəstəyi ilə brendin inşaası uğurla davam etdirildi. Universitetin brendləşdirilməsi missiyasının əsas hədəfi dünya təhsil xidmətləri bazarında rəqabətqabiliyyətli brend universitet yaratmaqdır.
Dünya iqtisadiyyatında mühüm çəkiyə sahib olan xidmət sektorunda təhsil sahəsinin rolu olduqca böyükdür. Həm regional, həm də dünya təhsil xidmətləri bazarında özəlliklə, ali təhsil müəssisələri ciddi rəqabət şəraitindədirlər. Bu rəqabətdə isə tanınmaq və seçilmək üçün universitetlərin brendləşməsi mütləq amildir. Bu kimi məqamlara xüsusi önəm verən UNEC, rəqabətdə üstünlük qazanmaqla yanaşı, istehlakçıların şüurunda etimadlı universitet obrazını formalaşdırmaqdadır.
Bu günə qədər cəmiyyətdə Azərbaycan Dövlət İqtisad Universitetinin bir neçə mənfi obrazı de-fakto brendləşmişdisə, qanunverciliyin tələblərinə uyğun olaraq, de-yure yenidən brendləşərək UNEC imicini yaratdı. Azərbaycan Dövlət İqtisad Universitetinin adı və abreviaturası dəyişilmədən, təhsil xidmətinin brendi olan UNEC, rəsmi olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən 2016-cı il yanvarın 21-də rəsmi qeydiyyata alındı və bütün dillərdə UNEC kimi təmsil olunmaq hüququ qazandı.

İş dünyası ilə yeni əməkdaşlıq modeli - “UNEC2B” platforması 

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda insan kapitalının inkişaf etdirilməsi təhsil sisteminin əsas məqsədi kimi qarşıya qoyulmuşdur. İnsan kapitalının inkişafında ən vacib elementlərdən biri praktiki vərdişlərə yiyələnməkdir.
Məhz bu tələblərin icrasını təmin etmək məqsədilə UNEC ölkədə geniş rezonans doğuran “UNEC2B” platformasını təqdim etmişdir. Azərbaycanda və regionda ilk dəfə olaraq UNEC-in iş dünyasında tətbiq etdiyi “UNEC2B” platforması çərçivəsində tədrisin əmək bazarının tələbələrinə uyğunlaşdırılması, sahibkarlıq universiteti modelinin yaradılması və UNEC-in məzunlarının işlə təmin olunmasında birgə fəaliyyəti təmin ediləcəkdir. Eyni zamanda, işin məzuna, məzunun isə işə uyğunluğunu müəyyən etmək məqsədilə UNEC Neyrolinqvistik Test Laboratoriyası və job.unec.edu.az virtual əmək birjası yaradılıb. UNEC Digital Marketinq Mərkəzi yerli məhsulların xarici bazarlarda rəqəmsal marketinq xidmətini təşkil etməklə işəgötürənlərə dəstək verəcəkdir.
“UNEC2B” Platformasının əsas istiqamətləri:
1. UNEC məzunlarını işə götürdüyü halda 3 il ərzində işəgötürənlərin sifarişi əsasında “servis xidməti”, yəni onlar üçün UNEC tərəfindən ödənişsiz ixtisasartırma kursları təşkil edilir;
2. İşə qəbulla bağlı müsahibə zamanı UNEC tələbələrinin zəif cəhətlərini bildirdikləri təqdirdə, məzun olana qədər həmin tələbələrin həmin zəifliyinin aradan qaldırılması üçün işəgötürənin verdiyi proqram əsasında UNEC tərəfindən pulsuz kurs təşkil edilir;
3. İşəgötürənlərin təklifi əsasında müxtəlif ixtisasları təmsil edən tələbələrdən ibarət komanda şəklində mütəxəssis hazırlığı həyata keçirilir;
4. UNEC məzunlarını işə götürmək istədikləri halda işəgötürənlərə yardım etmək üçün onların bilik və bacarıqlarını diaqnostika etmək məqsədilə beynəlxalq praktikada qəbul edilmiş UNEC Neyrolinqvistik Test Laboratoriyası yaradılır və onun xidməti təşkil edilir;
5. Yerli sahibkarların istehsal etdiyi məhsulların ixracının təşviqi və dünya bazarında online marketinq araşdırmasının aparılması məqsədilə UNEC Digital Marketinq Mərkəzinin xidmətləri təklif edilir;
6. UNEC məzunlarının iş və işəgötürənlərin tələb olunan peşəkarları tapmasına yardım etmək məqsədilə daimi əsasda fəaliyyət göstərən job.unec.edu.az virtual əmək birjası təşkil edilir;
7. “UNEC2B” Koordinasiya Şurası yaradılır. Şuraya Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda Amerika Ticarət Palatası (AmCham), Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Auditorlar Palatası və Bank Tədris Mərkəzi daxil edilir. Şuraya ilk sədrlik UNEC-in rektoruna həvalə edilir və rotasiya əsasında hər il dəyişdirilir;
8. İstədikləri halda işəgötürənlərin universitet və fakültə rəhbərliyində təmsil olunmasına şərait yaradılır.

Sürətlə beynəlmiləlləşən universitet - UNEC

QS Reytinq Agentliyinin 2018-ci il üçün “QS İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya” regionu üzrə reytinq cədvəlində UNEC regionun 161-170 ən yaxşı universiteti arasında qərarlaşaraq, ötən ilki nəticə ilə müqayisədə 30 pillə yüksəlmişdir. Məlumat üçün bildirək ki, bu regionda 2938 ali təhsil müəssisəsi vardır. Bu göstərici UNEC-i “İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya” universitetləri arasında ilk 5.5% ən yaxşı universitet sırasında qərarlaşdırmışdır. UNEC topladığı balla qlobal ortalamada performasını 23% yaxşılaşdırmışdır. UNEC iqtisadyönümlu universitetlər arasında regionun 4-cü ən yaxşı universitetidir.
UNEC Azərbaycan təhsilinin prioriteti olan beynəlmiləlləşmə istiqamətində uğurlu addımlar atır. Ölkədə dörd dildə təhsil verən yeganə ali təhsil müəssisəsi olan Universitetdə Beynəlxalq İqtisadiyyat Məktəbi (ingilis dilində), Rus İqtisad Məktəbi (rus dilində), Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin (ingilis, rus və türk dillərində) yaradılması, eyni zamanda London Universiteti/London İqtisadiyyat Məktəbinin beynəlxalq bakalavr proqramının açılması, Fransanın Monpelye Universiteti, Litvanın Mikolos Romeris, İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti və Türkiyənin Süleyman Dəmirəl və Uludağ Universitetləri ilə ikili diplom proqramlarının qurulması UNEC-in sürətlə beynəlmiləlləşməsi üçün mühüm imkanlar yaratmışdır.
UNEC MDB məkanında filialı olan yeganə universitetdir. UNEC-in Rusiya Federasiyasının Dağıstan Respublikasındakı filialına rəsmi lisenziya verilməsi universitetin son dörd ildə əldə etdiyi mühüm nailiyyətlərdən biri olmaqla yanaşı, UNEC-in ali təhsilin transmilliləşməsi prosesinə də qoşulduğunun bariz nümunəsidir.
UNEC-də kadr potensialının gücləndirilməsi və bu istiqamətdə beynəlxalq təcrübədən istifadə olunması sahəsində də ciddi irəliləyiş var. Belə ki, UNEC-də ikili diplom, iki tərəfli əməkdaşlıq proqramları ilə yanaşı, Avropa Komissiyasının maliyyələşdirdiyi “Erasmus+” və DAAD qrant layihələri çərçivəsində Avropa universitetlərində, Türkiyə Respublikasının maliyyələşdirdiyi “Mevlana” proqramı üzrə isə ümumilikdə 60-dan artıq ali təhsil müəssisəsi ilə tələbə və müəllim mübadiləsi imkanları təklif olunur. Təkcə son dörd ildə UNEC-də təqdim olunan beynəlxalq mübadilə proqramlarında iştirak hüququ qazanan tələbə və müəllimlərin sayı 6 dəfədən çox artıb. UNEC-in tələbə və müəllimləri ABŞ, Rusiya, Türkiyə, İngiltərə, Çin, Malayziya, Cənubi Koreya, Fransa, Almaniya, Hollandiya, Macarıstan, Rumıniya, Polşa, İtaliya, Çexiya, Portuqaliya, Slovakiya, Yunanıstan, İspaniya, Litva və başqa ölkələrdə mübadilədə iştirak ediblər. Eyni zamanda dünyanın müxtəlif ölkələrinin nüfuzlu professorları UNEC-də tədrisə cəlb olunublar.
Artıq iki ildir ki, UNEC ilə Yunanıstan Respublikasının Qərbi Makedoniya Texniki Təhsil İnstitutu arasında bağlanan əməkdaşlıq memorandumuna əsasən, “Neft və qazın idarəedilməsi və daşınması” (MOGMAT) üzrə magistr proqramı fəaliyyətə başlamışdır. Azərbaycan ali təhsil məkanında bir ilk olan bu layihə çərçivəsində tərəflər arasında akademik heyətin mübadiləsi ilə yanaşı elmi tədqiqatların aparılması və təhsilin digər istiqamətlərində əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulmuşdur. Həmçinin, UNEC ilk dəfə olaraq Avropa Birliyinin üzv ölkəsi olan Yunanıstan Respublikasının Təhsil Nazirliyinin “Akademik ad və məlumatların tanınması üzrə təşkilatı” tərəfindən Yunan ali təhsil müəssisələrinə ekvivalent universitet statusu almışdır. Bununla da, UNEC-dən müvəffəqiyyətlə məzun olan tələbələr Avropa Birliyinin üzv ölkəsi olan Yunanıstan Respublikasında əmək və akademik fəaliyyət göstərdikləri zaman UNEC-in Yunanıstan ali təhsil müəssisələrinə ekvivalentlik statusundan yararlanması mümkün olmuşdur.
Beynəlxalq əməkdaşlıq sahəsində əldə edilən daha bir uğur isə 2016-cı ildə UNEC-lə Almaniyanın Siegen Universitetinin birgə layihəsinin Alman Akademik Mübadilə Xidmətinin (DAAD) baş ofisinin müsabiqəsinin qalibi olmasıdır. “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amilləri” layihəsinin icra müddəti dörd ildir. Layihə çərçivəsində həm Almaniya, həm də Azərbaycanda professor-müəllim heyəti, gənc alim, eləcə də tələbələrin iştirakı ilə görüş və təlimlər təşkil edilir. Hər iki ölkədə yay və qış məktəbləri, müxtəlif seminarlar keçirilir. Eyni zamanda UNEC-in gənc alim və doktorantları üçün hər il Almaniyada bir aylıq tədqiqat imkanı yaradılır, Almaniyanın gənc alim-təqdiqatçıları isə Azərbaycanda elmi-tədqiqat aparırlar. Layihə çərçivəsində tələbələr Almaniya və Azərbaycanın müxtəlif şirkətlərində təcrübə keçmək imkanı da əldə edirlər.
UNEC-in beynəlmiləlləşmə istiqamətindəki növbəti nailiyyətlərindən biri də əcnəbi tələbələrin qəbul prosesinin sadələşdirilməsidir. UNEC-də 2015-ci ildən əcnəbilər üçün qəbul prosesi tam elektronlaşdırılıb və bununla da daha keyfiyyətli və sürətli qəbul prosesi təmin olunub. Bundan əlavə, təhsildə beynəlxalq təcrübənin təkmilləşdirilməsi işinə sadiq qalaraq, dünyanın aparıcı universitetlərinin təcrübəsindən faydalanan UNEC-in Moskva və Kiyev şəhərlərində qəbul ofislərinin açılmasına dair qərar verilib.

Hər kəsin təhsil ala biləcəyi universitet

Müasir təhsil sistemi sosial tələblərə uyğunlaşdırılır, yeni anlayış və texnologiyalara keçid edir. Bu baxımdan ali təhsildə inklüziv mühit fiziki məhdudiyyətli şəxslərin sosial adaptasiyası və bərpası üçün mühüm rol oynayır.
“2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nda sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnun təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin edilməsi, onların təhsili üçün maneəsiz mühit yaradılması və dünyada aktual olan inklüziv təhsil vasitəsi ilə cəmiyyətə inteqrasiyasını təmin edən bütün amillər nəzərə alınıb.
UNEC-də 2015-ci ildən İnklüziv təhsilin inkişafı mərkəzi fəaliyyət göstərir. Mərkəz UNEC-də təhsil alan 26 fiziki məhdudiyyətli tələbənin universitetin ictimai və sosial həyatında da fəal iştirakını təmin edir.
İnklüziv təhsil daima UNEC-in prioritetləri sırasındadır. Bunun bir göstəricisi də odur ki, Azərbaycanda ilk dəfə olaraq UNEC ilə Moskva Dövlət Humanitar İqtisad Universiteti (MDHİU) arasında inklüziv ali təhsildə bakalavr pilləsi üzrə ikili diplom razılaşması imzalanıb. Bu sahədə də dünyanın qabaqcıl universitetlərinin təcrübəsindən faydalanan UNEC, inklüziv təhsil sahəsində dünyanın ən yaxşı universitetləri ilə bir sırada dayanmağa iddialıdır.

Azərbaycanın adını dünya elm tarixə yazan universitet 

“UNEC-də həyata keçirilən bütün yeniliklərin əsasında məhz Dövlət Strategiyasından irəli gələn tələblər dayanır”
Dövlət Strategiyasından irəli gələn səriştə və nəticə əsaslı differensiallaşdırılmış, əmək bazarında rəqabətqabiliyyətli əmək haqqı sisteminin yaradılması tələbinə uyğun olaraq, UNEC-də artıq üçüncü ildir ki, “Azərbaycan Dövlət İqtisad Universitetində professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sistemi” tətbiq olunur. ABŞ, Avropa, Türkiyə və dünyanın digər aparıcı ölkələrinin təcrübəsinə əsaslanan sistem UNEC-in pedaqoji heyətinin illik xidməti fəaliyyətini elm, tədris və özünüinkişaf istiqamətləri üzrə 100-dən çox göstərici əsasında qiymətləndirir.
Aparılan təhlillər göstərir ki, sistemin tətbiqindən keçən dövr ərzində UNEC-in professor-müəllim heyətinin tədqiqat fəaliyyətində aktivlik əvvəlki dövrlərlə müqayisədə nəzərəçarpacaq dərəcədə artmışdır. Belə ki, Differensial Əməkhaqqı Sistemində UNEC-də elmi nəşrlərin sayının son üç ildə 2,5 dəfə, xaricdə çap olunan məqalələrin isə 3,6 dəfə artıdığı görmək mümkündür.
Elmi rəqabət dünyanın aparıcı informasiya agentliyi olan “Thomson Reuters”in ali təhsil müəssisələri üçün qlobal elmi bazası olan “Web of Science”a daxil olan elmi nəşrlərin sayında da özünü göstərməkdədir. UNEC-in əməkdaşlarının 2000-2016-cı illərdə çap edilən elmi əsərlərinin 35%-i məhz son üç ilin (2014-2016) payına düşüb. 2017-cı ildə dünyanın nüfuzlu xarici jurnallarında UNEC-in əməkdaşlarının elmi məqaləsinin sayı isə 350-yə çatıb.
UNEC-in elmi və iqtisadi tədqiqatlar mərkəzinə çevrilməsi istiqamətində mühüm addımlar atılmaqdadır. Universitetdə tədqiqat sahəsində ixtisaslaşmanı təmin etmək məqsədilə UNEC-in akademik heyətinin elmi maraqları nəzərə alınmaqla qlobal iqtisadi çağırışlara cavab verən aşağıdakı araşdırma mərkəzləri yaradılmışdır:
1.Avropa İqtisadiyyatının Araşdırılması Mərkəzi;
2.İslam İqtisadiyyatının Araşdırılması Mərkəzi;
3.UNEC Empirik Tədqiqatlar Mərkəzi;
4.Rəqəmsal İqtisadiyyatın Tədqiqi Mərkəzi;
5.Ermənistan İqtisadiyyatının Araşdırılması Mərkəzi;
6.Elektron-pul Araşdırma Mərkəzi;
7.Koqnitiv İqtisadiyyat Mərkəzi;
8.Monetar İqtisadiyyat Elmi-Tədqiqat Mərkəzi;
9.İqtisadi Klinika.
Universitetdə yerli və beynəlxalq ekspertləri cəlb etməklə elmi tədqiqatlar aparmaq, tədqiqatların nəticələrinin tədqiqinə dair təkliflər hazırlamaq məqsədilə “UNEC Tədqiqat Fondu” da təsis edilib.
UNEC-in nəzdində İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutu və Texnologiya Transfer Mərkəzində yüksəkixtisaslı iqtisadçı kadrlar müasir innovativ metodlar tətbiq etməklə milli iqtisadiyyatın real sektorunda tələb olunan tədqiqatlar aparılır. SOCAR-ın sifarişi əsasında yerinə yetirilən və ictimaiyyətin böyük maraqla izlədiyi, tarixdə ilk dəfə olaraq 2016-2020-ci illər üzrə “Azeri Light” markalı neftin dünya bazar qiymətininin proqnozlaşdırılması da məhz bu tədqiqatlardan biridir.
Elmi-tədqiqat yönümlü universitetə çevrilməyi hədəfləyən UNEC-də ənənəvi olaraq hər il “Elm aylığı” keçirilir. “Elm aylığı”nın məqsədi universitetdə aparılan elmi tədqiqatların səmərəliliyini artırmaq, professor-müəllim heyətini, tələbələri elmi tədqiqat işlərinə stimullaşdırmaq, tədqiqatçı əməkdaşların potensialını üzə çıxarmaq və yeni ideyalar ortaya qoymaqdır.
UNEC son dörd ildə dünyanın nüfuzlu alimlərini bir platformada toplayan çoxsaylı beynəlxalq konfranslara da ev sahibliyi edib. Nobel mükafatçıları Piter A.Daymond, Məhəmməd Yunus, türk dünyasının elm üzrə ilk Nobel mükafatçısı Aziz Sancarın iştirakı ilə UNEC-də keçirilən görüşləri ölkə ictimaiyyəti boyuq maraqla izləmişdir.
UNEC eyni zamanda, ölkədə beynəlxalq layihələrin uğurlu tətbiqinə ilk imza atan universitetdir. Belə ki, UNEC-də artıq iki ildir ki, dünyaca məşhur, unikal ideyaların səsləndirildiyi platforma – TEDx konfransı reallaşdırılır. TEDxUNEC konfransında ölkənin tanınmış elm, təhsil, səhiyyə və incəsənət adamları öz maraqlı çıxışları ilə ictimaiyyət arasında rezonans doğurmuşdur.
UNEC-də tələbələrin elmə marağının artırılması istiqamətində də dünya təcrübəsindən istifadə edilir. Çağdaş dünya elminin ən populyar platforması olan “Science Slam” elm müsabiqəsinin məhz UNEC-də təşkil edilməsi də ən uğurlu nümunədir. Elm müsabiqəsinin təşkilində ən qürurverici məqamlardan biri də odur ki, UNEC bu addımı ilə Azərbaycanın adını Almaniya, Böyük Britaniya, Rusiya, Ukrayna və Türkiyədən sonra dünyanın 6-cı ölkəsi olaraq “Science Slam” tarixinə yazmışdır.
UNEC-in elmi-tədqiqat universitetinə çevrilmə istiqamətində atdığı inamlı addımlar bununla kifayətlənmir. Professor-müəllim heyətinin elmi fəaliyyətinin aktivləşdirilməsi və daha da təkmilləşdirilməsi məqsədilə UNEC-də 2018-ci il “Elmi-tədqiqat ili” elan olunub.

Elektron Universitet Modeli – sabahın universiteti

Azərbaycanda ilk dəfə olaraq UNEC-də vahid elektron idarəetmə platforması olan Elektron Universitet Modeli tətbiq edilməklə bütün tədris binalarında tədris prosesi tam elektronlaşdırılmışdır. Sadə iş prinsipindən ibarət olan sistemin bazasına tələbə, müəllim və məzun bazası haqqında məlumat yerləşdirilərək, dərs cədvəlləri, fənn üzrə qruplar, fənlərin təqvim-tematik planları, tələbələrin fərdi tədris proqramları daxil edilmişdir. Sistem daxilində eyni zamanda müəllim və tələbələrin şəxsi kabineti, imtahan sistemi bölmələri də yaradılmışdır. Auditoriyalarda sistemə çıxışı olan elektron tribunalar quraşdırılmışdır. Bununla da kağız üzərində jurnal elektron jurnalla əvəz edilmişdır. Müəllim elektron jurnal bölməsinə daxil olaraq ilk 15 dəqiqə ərzində tələbələrin dərsə davamiyyətini yoxlaya bilir ki, bu da semestrin sonunda tələbənin dərsə davamiyyətini və seminar ballarını avtomatik hesablamağa şərait yaradır.
Yalnız UNEC-in tədris prosesinə uyğun hazırlanan yeni proqram təminatında müəllim bütün mühazirə və sillabusları öncədən şəxsi kabinetində yerləşdirir. Tələbə dərs vəsaitlərini müəllimin kabineti vasitəsi əldə edir və auditoriyada mühazirənin yazılmasına yox, mövzunun müzakirəsinə, fənnin mənimsənilməsinə zaman ayrılır ki, bu da təhsilin keyfiyyətinin yüksəldilməsinə birbaşa təsir etmişdir.

Magistratura təhsilində yeni standartlar – UNEC modeli

Dövlət Strategiyası ali təhsil pilləsinin hər bir səviyyəsi üçün ixtisaslar üzrə yeni standartların hazırlanmasını vacib edir. UNEC-də magistratura təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi (BMDM) yaradılmışdır.
Qürurla bildirmək istəyirik ki, 2017/2018-ci tədris ili üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistratura pilləsinə keçirilən qəbul imtahanlarında ölkə üzrə ən yüksək nəticəni göstərən ilk üçlük məhz UNEC-i seçib. Ümumiyyətlə isə, BMDM-də qəbul 99 faiz yerinə yetirilmişdir.
BMDM-də tədris 11 ixtisas 39 ixtisaslaşma üzrə Azərbaycan, ingilis, rus və türk dillərində həyata keçirilir. Mərkəz ali təhsilin magistratura pilləsi üzrə yeni təhsil standartlarının modernləşdirilməsinin təşəbbüskarı olmaqla yanaşı, bu standartlarla ölkəmizdə fəaliyyət göstərən ilk mərkəzdir.
Mərkəzdə magistrlər iki semestr aktiv dərslər aldıqdan sonra növbəti iki semestrdə dissertasiya işinin yazılması ilə məşğul olurlar. Dissertasiya işinin yazılması prosesində isə müəyyən olunan aralıqlarla tədqiqatın gedişatı ilə bağlı yazılı hesabat təqdim edirlər. Magistrlər ixtisaslarına uyğun dissertasiya mövzularını və elmi rəhbərlərini özləri sərbəst qaydada müəyyən edirlər. Elmi rəhbərlər UNEC-in elmi dərəcəsi olan və dövlət proqramı ilə xaricdə doktorantura təhsili alan müəllimlərindən təyin olunur. Eyni zamanda magistrlərə dissertasiya işi mövzusunun seçimində dəstək məqsədi ilə ölkənin özəl və dövlət sektorlarından təqdim olunan sifarişli tədqiqat işləri də verilir.

Şagirdlərə inanılmaz fürsət – “Birgünlük tələbə”

Yuxarıda qeyd etdiyimiz bütün bu nailiyyətlərin nəticəsidir ki, bu gün UNEC abituriyentlərin ən çox üstünlük verdiyi universitetlər sırasındadır. 2017/2018-ci tədris ilində UNEC-ə qəbul planı 96.6 faizlə yerinə yetirilmişdir. II ixtisas qrupu üzrə 600 və daha yüksək bal toplayan 481 nəfərin 288-i, yəni 60 faizi məhz UNEC-i seçmişdir. II ixtisas qrupu üzrə 700 ballıq nəticə göstərən abituriyentin hər ikisi – Cavad Əliyev və Arzu Məmmədzadə də UNEC-in Beynəlxlaq İqtisadiyyat Məktəbində maliyyə ixtisası üzrə təhsil alırlar. II ixtisas qrupu üzrə Prezident təqaüdçülərinin 74%-i məhz UNEC tələbəsidir.
600-dən yuxarı bal toplayaraq UNEC-ə qəbul olunan hər bir tələbəyə universitet hesabına əlavə əlaçı təqaüdü verilir. Bundan başqa, tələbələri stimullaşdırmaq məqsədilə imtahan sessiyasında fakültə fərqi olmadan hər kurs üzrə ən yüksək nəticə göstərən 15 tələbəyə ikinci əlaçı təqaüdü verilir.
Tələbələrin stimullaşdırılması məqsədilə həyata keçirilən layihələr UNEC-in Zaqatala filialında da tətbiq edilir. Belə ki, Zaqatala filialının imtahan sessiyasında yüksək nəticə göstərən tələbələrinə xüsusi təqaüdlər verilir. Sessiyada ən yüksək bal toplayan bir tələbə isə təhsilini bir semestrlik Bakıda davam etdirmək şansı qazanır.
2017/2018-ci tədris ilindən UNEC yuxarı sinif şagirdlərinə “bir günlük tələbə” olmaq şansı yaratmışdır. “UNEC-də bir gün” layihəsinin məqsədi 10-11-ci sinif şagirdlərini universitetlə daha yaxından tanış etməkdir. Eyni zamanda, ixtisas seçimində çətinlik çəkən şagirdlərə məsləhət vermək, onların ixtisas fənlərində dinləyici qismində iştirakına şərait yaratmaqdır. Layihədə iştirak etmək üçün universitetə gələn şagirdlərə şərti tələbə bileti təqdim edilir və şagirdlər həmin günü UNEC tələbələrinin yararlandığı bütün üstünlüklərdən faydalana bilirlər. Belə ki, onlar dərslərdə iştirak etməklə yanaşı, UNEC-in kitabxana və yeməkxanasından istifadə edir, tələbələrin təşkil etdiyi müxtəlif maraqlı tədbirlərə qatılırlar. Payız semestri ərzində “UNEC-də bir gün” layihəsində Bakının 32 məktəbindən 500-dən çox şagird iştirak etmişdir.
Bundan başqa, UNEC-in professor-müəllim heyəti savadlı abituriyentlərin universitetə cəlb olunması məqsədilə Azərbaycanın ən aparıcı məktəblərinə mütəmadi səfərlər edərək, yuxarı sinif şagirdləri ilə görüşlər keçirirlər. Görüşlərdə şagirdlərə Cənubi Qafqazın ən böyük iqtisadyönümlü ali təhsil ocağında təhsil imkanları barədə məlumat verilir. Bu ildən etibarən isə UNEC-in professor-müəllim heyəti Azərbaycanın sərhədlərini aşaraq, Gürcüstanda yerləşən azərbaycanlıların təhsil aldıqları orta məktəblərə də səfərlər edəcək.
Tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi istiqamətində də UNEC-də müxtəlif layihələr həyata keçirilmişdir. Bunlardan UNEC Yaradıcılıq Mərkəzi ilə Radio UNEC-in fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Belə ki, Yaradıcılıq Mərkəzinin vokal, instrumental ifa, rəsm, rəqs və bədii qiraət dərnəkləri tələbələrin yaradıcı potensialının aşkarlanması və inkişaf etdirilməsində mühüm roy oynayır. Universitetdə online fəaliyyət göstərən Radio UNEC isə gənclər arasında ölkənin ən maraqlı və rəngarəng tələbə radiosu kimi tanınır.
UNEC dünyanın ən qabaqcıl təhsil trendlərini Azərbaycana gətirməklə yanaşı, həm də geniş ictimaiyyət arasında açıq universitet imici ilə tanınır. Hər ayın ilk şənbə günü UNEC-də rektorun iştirakı ilə “Açıq qapı” günü keçirilir. Bundan başqa, müəllim və tələbələr UNEC-in rektoru ilə Facebook vasitəsi ilə də əlaqə saxlaya bilirlər.
Artıq dörd ildir ki, UNEC-in “Qaynar xətt” xidməti fəaliyyət göstərir. Açıq universitet prinsiplərinə uyğun olaraq, xidmət sessiya dövründə UNEC İctimai Nəzarət Şurasına və KİV nümayəndələrinə həvalə olunur. Onu da bildirək ki, UNEC İctimai Nəzarət Şurası yalnız imtahan sessiyası dövründə deyil, daimi fəaliyyət göstərir və rektorun “Açıq qapı” günlərində də iştirak edir.
Müasir dövrdə istənilən ölkənin iqtisadi inkişafı, onun vətəndaşlarının firavan yaşayışı ilk növbədə elm və təhsilin inkişafı ilə bağlıdır. Bu nöqteyi nəzərdən ali müəssisələri qarşısında birmənalı şəkildə yeni çağırışlar dayanır. UNEC bu çağırışlara cavab vermək istiqamətində əzmlə çalışır və qarşısına qoyduğu hədəflərə doğru inamla addımlayır.

Ədalət Muradov, 
UNEC-in rektoru

***********************

P.S   Faktinfo.az bu yazını olduğu kimi PRAVDAINFO.org saytından götürüb oxucuları üçün təqdim edir.Təəccüb doğuran məqam isə ondan ibarətdir ki,Təzadlar.az-ın ADİU-nun rektoruna ünvanladığı sorğuya cavab olaraq yaydığı  məlum yazı  PRAVDAINFO.org-da  ADİU-nun rektoru Ədalət Muradovun imzası ilə verilsə də, mənbə olaraq Təzadlar.az-da rektorun  imzası qeyd olunmayıb. 

O cümlədən, " Təzadlar  bildirir ki, bir müddət əvvəl Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərliyinə bir sıra suallardan ibarət sorğu göndərilmişdi... Bu gün redaksiyamıza universitetin rektoru, professor Ədalət Muradovun imzası ilə həmin sorğuya cavab yazısı daxil olmuşdur. “KİV haqqında” Qanunun tələblərinə uyğun olaraq həmin yazını olduğu kimi təqdim edirik."  fikri də Təzadlar.az-dan çıxarılıb. (tezadlar.az/manset/33253-unec-d-hyata-keiriln-btn-yeniliklrin-sasnda-mhz-dvlt-strategiyasndan-irli-gln-tlblr-dayanr.html) 

 Belə olan halda haqlı bir sual yaranır,hansı saitə inanmalıyıq... Təzadlar.az-a yoxsa,PRAVDAINFO.org-a ? 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi