Uşaq papışları -Hekayə
Universitetdə adi dərs günlərindən biri idi. Zəng vuruldu, tələbələr auditoriyalara daxil oldular. Biz filologiya fakültəsində oxuyurduq. Dərs yenicə başlamışdı ki, dekanlıqdan arxamca adam göndərdilər. Dekanlığa getdim. Rəhilə xanım məni görüb gülümsəyərək dedi:
-Gəl, qızım, yenə də sənə işimiz düşüb, bir neçə işlənməli sənəd var, zəhmət olmasa onları işlə, sabah nazirliyə təhvil verməliyik.
Universitetdə arada bəzi yazılar işlənməli olanda məni çağırırdılar. Müəllimlərin dediklərinə görə yazıda qrammatik səhvlər etmirdim. Artıq dəftəri bitirmək uzrə idim. Elə bu vaxt qapı açıldı və Asya müəllimə otağa daxil oldu. .
Bizə dərs demədiyi üçün Asya müəlliməni o qədər də yaxşı tanımırdım, lakin görünüşcə soyuq və qaraqabaq insana bənzəyirdi. Ayağa qalxdım. Müəllimə "narahat olma, qızım, otur yazını işlə" dedi. Demək olar ki, ilk dəfə idi onun səsini eşidirdim. Çox gözəl, məlahətli və incə səsi var idi, gözlərində çox dərin və kədərli ifadə duyulurdu sanki. Mənə diqqətlə baxdığının fərqində idim. Gözləri bir nöqtəyə zillənib qalmışdı, ağır və qarışıq düşüncələr içində boğulurdu sanki. Birdən üzünü mənə tutub evli olub-olmadığımı soruşdu. "Bəli, evliyəm" deyə cavab verdim. Bir anlıq susdu, sonra dedi:
-Övladın necə, varmı, qızım?
-Bəli, balaca bir qızım var..
O kövrək və titrək səslə dedi:
-Nə gözəl!.. Övlad qadın üçün əvəzsiz nemətdir həyatda.. Hər zaman övladın, ailənin qədrini bilin!..
Bu sözləri söyləyərkən səsində, üzündə məyusluq ifadəsi vardı. Müəllimənin nisgilli olduğu hiss olunurdu. O, universitetin kafesindən çay sifariş etdi. Biz müəlliməylə cay içə-içə xeyli söhbət etdik. Cox səlist və rəvan danışığı vardı, saatlarca onu dinləyər, yorulmazdım. O, da mənimlə söhbət etməkdən qəribə rahatlıq duyurdu. Birdən mehribanlıq dolu baxışlarla mənə baxıb dedi:
-Qızım, görürəm həssas və anlayişlı qızsan, bir həyat hekayəsi söyləyəcəm sənə, amma əvvəlcə çayları içək, sonra..
Çox maraqlı idi. Səbirsizliklə onun danışmasını gözləyirdim. Müəllimə dərindən nəfəs aldı və söhbətə başladı:
…“Universitetin son kurslarında oxuyurdum. Günün cox hissəsini kitabxanada oxumaqla kecirirdim, həm də kurs işləri üçün kitablardan bəzi materiallar toplayırdım. Bir həftə sonra kurs işlərini bitirdim və təhvil vermək üçün dekanlığa getdim. Otaqda kimsə yox idi, bir kənarda əyləşib gözləməyə başladım. Elə bu vaxt otağa bir oğlan daxil oldu və salam verdi. Dekanımızı soruşdu, mən də onu gözlədiyimi söylədim. O, mənimlə üzbəüz divanda əyləşdi. Oğlanın hərdən gizli baxışlarla mənə baxdığını hiss edirdim, amma biruzə vermirdim. Birdən o gözlənilmədən soruşdu:
-Bağışlayın, xanım, siz tələbəsiniz?
-Bəli, tələbəyəm..
-Neçənci kursda oxuyursunuz?
-Sonuncu kursda…
Onun sual verməsi mənə qəribə gəlirdi nədənsə. Bəlkə də adi suallar idi, mənə bir az qəribə gəlirdi, ancaq yenə də baxışlarındakı qeyri-adiliyi duydum. Bu vaxt dekan otağa daxil oldu, dərhal ayağa qalxdıq. Dekan oğlanı görən kimi dedi:
-Ooo, Kamil, xoş gəlmisən, necəsən?
-Çox sağ olun Polad müəllim, yaxşıyam, siz necəsiniz?
-Biz də yaxşıyıq, sükür!. Bizim bir üstünlüyümüz ondadır ki, belə gözəl və istedadlı gənclərlə işləyirik və onlar bizi qocalmağa qoymurlar.
Birdən Polad müəllim üzünü mənə tutub dedi:
-Kamili tanımırsan yəqin ki, amma yaxın zamanda tanıyacaqsan, çünki o universitetimizin fəxridir. Elmi iş yazır, vaxt gələcək alim kimi də tanınacaq.
Müəllim danışarkən Kamilin mənə baxdığını hiss etdim, amma nədənsə bu baxışlar məni narahat etmirdi. Düşüncələrə dalmışkən Polad müəllimin mənim haqqımda danışdığını duydum. " Asya bizim ən çalışqan, istedadlı tələbələrimizdəndi, magistraturaya hazırlaşır. Sizin kimi tələbələri görəndə ürəyimiz dağa dönür." Mən işləri təhvil verib, sağollaşıb auditoriyaya döndüm.
Səhəri gün universitetə bir az gec getdim, çünki axşam gecə saatlarınadək kitab oxumuşdum. Universitetdə böyük tənəffüs idi, qızlar kafeyə enib nəsə içməyi təklif etdilər. Kafeyə daxil olan kimi Kamili gördüm. O çay içə-içə yazılara, kitablara baxırdı. İstədim özümü görməməzliyə vurum, artıq gec idi, o, məni görmüşdü. Biz masaya əyləşdik. O, durub masamıza doğru gəldi, mən özümü itirdim. Qızların görməyini, bilməyini istəmirdim, çünki onlar ciddi nə isə varmış kimi anlayacaqdılar. O, yaxınlaşıb nəzakətlə birinci mənimlə, sonra da tələbə yoldaşlarımla salamlaşdı. Hal-əhval tutub öz masasına döndü. Qızlar sualları yağdırmağa başladılar. Mən nə qədər desəm də ciddi nəsə yoxdu, inanmadılar. Mənalı baxışlarla "xeyirli olsun" deyib gülüşdülər. Bir həftə keçdi, artıq imtahanlar yaxınlaşırdı. Mən həvəslə imtahanlara hazırlaşırdım. Kitabxanaya gedib kitab oxuyur, havanın necə qaraldığından belə xəbərim olmurdu. Axıra həmişə mən qalırdım.
Bir gün yenə axıra qalmışdım. Çantamı toplayıb getməyə hazırlaşırdım. Elə bu vaxt arxadan kimsə "Salam, Asya" dedi. O idi, Kamil.. Salam verdim. O, adəti üzrə hal- əhval tutdu. Mən də ilk dəfəydi ondan əhvalını soruşdum. Biz söhbət edə-edə kitabxanadan ayrıldıq. Kamil məni çay içməyə dəvət etdi, etiraz etmədim. Biz kafedə çay içə-içə xeyli söhbət etdik. Söhbətimizin mövzusu əsasən dərslər və imtahanlarla bağlı idi. Söhbətin şirin yerində mən artıq gec olduğunu söylədim və qalxdıq. O, ilk dəfə məni evə ötürdü və beləcə biz görüşməyə başladıq. Kamil bütün imtahanlarda nə çətinlik olsa yardım edirdi. Nəhayət, imtahanları verib qurtardım, diplom işini uğurla müdafiə etdim, artıq magistraturaya hazırlaşırdım. Bu arada tez-tez Kamillə görüşür, dənizkənarı parka gedir, maraqlı söhbətlər edirdik. Bir-birimizi görməyəndə çox darıxırdıq. Bəli, biz artıq bir-birimizi sevirdik və ikimiz də bunun fərqində idik. Kamil həyatımı şən, rəngli və mənalı etmişdi.
Bir gün Kamil məni ailəsiylə tanış etmək istədiyini söylədi, etiraz etmədim, ancaq öncə anamgildən izn almalıydım. Anam bir az tərəddüd etsə də razılaşdı. Səhəri gün axşam Kamilgilə getdik. Ailə üzvləri məni çox mehriban qarşiladılar, çox səmimi və istiqanlı insanlar idilər. Tanişlıqdan hamı məmnun idi. Kamil də sevincini gizlədə bilmirdi. Xeyli söhbətlər etdik, dedik, güldük. Kamilin anası Validə xala xüsusi təşəkkür etdi. Mən də dərin minnətdarlığımı bildirdim və hamıyla sağollaşıb çıxdıq. Yol boyu Kamillə maraqlı müzakirələr apardıq yeni tanışlıq haqqında. Kamil məni evə ötürüb qayıtdı.
Günlər sürətlə keçirdi. Artıq magistraturada təhsil alırdım. Kamil də elmi işini müdafiə etmişdi və elmi dərəcə almışdı. Bir gün parkda gəzişərkən Kamil dedi:
-Artıq vaxtdır, istəyirəm həyat yoldaşım olasan, gözəl ailəmiz, övladlarımız olsun!..
Bu təklif mənim üçün gözlənilən idi. Mən onun gözlərinə baxdım və sadəcə gülümsədim..
Yeni il yaxınlaşırdı, bayram ərəfəsi Kamilin valideynləri bizə gəlmişdilər. Atamgillə danışib razılaşdılar və şirinçayı içdilər. Sevincimin həddi-hüdudu yox idi, sevdiyim insanla ailə qururdum. Bir müddət sonra nişanlandıq, bir neçə gündən sonra Kamil mənə ilk dəfə hədiyyə aldı. Bu hədiyyə çox şirin və maraqlı idi- uşaq papışları.. Hədiyyəni mənə verərkən gözlərində böyük sevinc və ümid vardı, gülümsədim və "niyə məhz uşaq papıçları?" deyə soruşdum. O, da gülümsəyərək cavab verdi:
-Mən uşaqları çox sevirəm, lap çox.. Bu papışları ilk övladımıza geyindirərsən, bu ən böyük arzumdu.
Bu sözlərdən qeyri-ixtiyari kövrəldim, heç özüm də bilmədim niyə?!.. Sonra o, ikinci hədiyyəsini verdi. Bu üzərində bir cüt göyərçin təsviri olan üzük idi. Üzüyü barmağıma taxıb dedi:
-Hər zaman bu göyərçinlər kimi qoşa olaq!..
Toy günümüz yaxınlaşırdı, böyük sevinclə toya hazırlaşırdıq. Hazırlıqlar demək olar ki, başa çatmışdı, dəvətnamələr də paylanıb qurtarmışdı. Toya hazırlıq bizə xüsusi zövq verirdi. Nəhayət, toy günü gəlib çatdı. Biz çox xoşbəxt idik, ömrümüzü, taleyimizi birləşdirirdik. Toya gələnlər xoş arzularını bildirir, təbrik söyləyirdilər. Toyumuz maraqlı və şən keçdi. Çoxlu sağlıqlar deyildi, doyunca rəqs etdilər, arada biz də qonaqlarla rəqs edirdik.
Toyumuzdan üç ay keçməsinə baxmayaraq sanki dünən evlənmişdik. Ömrümün ən xoşbəxt günlərini yaşayırdım, zamanın su kimi axıb getdiyinin fərqində deyildik. Bir gün Validə ana yarızarafat, yariciddi şəkildə dedi:
-Bizi nə vaxt sevindirəcəksiz? Bizim nəvəylə oynayan vaxtımızdır artıq..
Kamil ailənin yeganə övladı olduğu üçün ata-ananın bu istəyi təbii idi. Ananın bu sözlərindən sonra bir az təşvişə düşdüm, Kamillə həkimə getməyi qərara aldıq, həkimə getdik və lazımi müayinələrdən keçdik, qan analizləri verdik. Həkimlər cavabların üç-dörd günə hazır olacağını söylədilər. Mən də, Kamil də hər şeyin yaxşı olacağına inanırdıq. Dörd gün keçdi. Səhər tezdən klinikadan zəng vurub cavabların hazır olduğunu söylədilər. Kamil işə gedərkən cavabları özü götürəcəyini söylədi. Mən də hazırlaşıb işə getdim. Axşam Kamil evə gələndə cavabları alıb-almadığını soruşdum. O birdən başını tutaraq dedi:
-Bağışla, əzizim, cavabları işdə unutdum, narahatçılığa əsas yoxdu, həkim dedi ki, hər şey qaydasındadır.
Mən düşündüm ki, nə isə ciddi bir hal olsaydı hiss edərdim. Günlər ötüb keçirdi, son vaxtlar Kamil evə dalğın gəlirdi hərdən. Səbəbini soruşanda işlə bağlı olduğunu söyləyirdi və mən də inanırdım, çünki mənə qarşı münasibəti əvvəlkindən də qayğıkeş, mehriban, sevgi dolu idi. Bir gün Kamillə şəhərə çıxmışdıq, parkda gəzirdik, uşaqlar oynaşırdı burda. Kamil həmişə uşaqları görəndə sevinir, onlarla oynayırdı, amma bu dəfə qəribə soyuqluq hiss etdim onda, demək olar ki, heç uşaqlar olan tərəfə baxmırdı. Onun bu halı mənə çox qəribə gəldi, axı o uşaqları çox sevirdi. Yolboyu bu suallar məni narahat edirdi, ancaq heç nə soruşmadım. Düşüncələr içində evə gəlib çatdıq. Əslində uşaq barədə düşüncələrim məni rahat qoymurdu. Həkim müayinələrindən bir neçə ay keçməsinə baxmayaraq heç bir dəyişiklik yox idi. Kamilə dəfələrlə müayinəyə getmək istədiyimi söyləsəm də, gərək olmadığını söyləmişdi. Səhəri gün işdən icazə alıb həkimə getdim, bu barədə Kamilə hec nə demədim. Mən qəbula yazılıb növbəmi gözlədim. Çox keçməmiş çağırdılar məni. Həkimlə salamlaşıb hal-əhval tutduqdan sonra narahatçılığımı söylədim. Mən danışdıqca həkimin üzündə qəribə ifadələr yaranırdı. Hiss etdim ki, ortada nə isə anlaşılmazlıq var. Məni dinlədikdən sonra həkim gözlərini yerə dikib ağır və üzgün ifadəylə dedi:
- Asya xanım, sizi dinlədim, ana olmaq istəyinizi təqdir edirəm, amma təəssüf ki, həyat çox vaxt istəklərimiz üzərində qurulmur. Görünür yoldaşınız sizi üzməmək naminə sizə heç nə deməyib. Mənim üçün nə qədər ağır olsa da, həqiqəti söyləməliyəm, üzgünəm, amma sizin övlad sahibi olmanız mümkün deyil, istəsəniz başqa həkimlərə də müraciət edə bilərsiniz, ancaq müsbət cavab alacağınızı güman etmirəm. Yenidən üzülməyinizi istəmirəm.
Həkimin sözlərindən sonra dünya başıma fırlandı, qəhər məni boğdu. Həkimlə birtəhər sagollaşıb çox üzgün halda klinikadan ayrıldım. Küçələri sərsəri kimi dolaşırdım, hara, niyə getdiyimi unutmuşdum. Bütün bu olanların bir yuxu olmasını arzulayırdım, ancaq bilirdim ki, bu acı həqiqətdir!.. Bir xeyli fikirli halda parkda dolaşdım. Ətrafda o qədər insan olmasına baxmayaraq böyük bir boşluq içində idim. Ağır düşüncələr içində evə necə çatdığımdan xəbərim olmadı. Qapını açıb evə girəndə Kamili evdə görüb qəribə bir rahatlıq duydum. O məni görən kimi qeyri-adi bir sevinclə "axır ki gəldin" deyə boynuma sarıldı. Kövrəldim və göz yaşlarımı görməsin deyə dərhal otağa keçdim. Özümü topladım, əl-üzümü yuyub mətbəxə keçdim. Yemək süfrəsini hazırladım. Məndə baş verən qəribə halları duyurdu Kamil, lakin hələ heç nə soruşmurdu. Yemək zamanı Kamil ordan-burdan söhbət edirdi, hiss edirdim ki, əhval-ruhiyyəmi qaldırmaq istəyir, lakin mən daha çox susmağa üstünlük verirdim. Yeməyi bitirdikdən sonra süfrəni yığışdırıb otağa keçdim. Başım çox ağrayırdı. O, yanıma gəldi, sual dolu baxışlarını üzümə dikdi. Hər şeyi bildiyimi açıb söylədim. O günahkarcasına gözlərini yerə dikdi, sanki bütün olanlar onun günahı idi. Mən gülümsəyib dedim:
-Kamil, niyə günah etmiş insan kimi davranırsan? Axı burda nə sənin, nə də mənim heç bir günahımız yoxdu, taleyin qisməti beləymiş.
Kamil gözlərini yerdən ağır-ağır qaldırıb üzümə baxdı, əllərimdən tutaraq dedi:
-Bunu səndən ona görə gizlətdim ki, fikir çəkməyini, üzülməyini istəmirdim. Mənə sən lazımsan, uşaq vacib deyil..
Bilirdim ki, bu sözləri mənə görə deyir və bu mənə daha çox acı verirdi. Düzdü, o məni çox sevirdi və söylədiklərində də səmimi idi, lakin Kamilin uşaqlara olan sevgisini öncədən bilirdim. O hələ evlənməmişdən öncə necə ata olmaq istədiyi barədə dəfələrlə söhbət etmişdi. Bütün bunları bilə-bilə onun söylədikləriylə razı ola bilməzdim, ən azından buna vicdanım yol verməzdi- onu öz övladının atası olmaq haqqından məhrum edə bilməzdim. Düzdür, burda qəbahətli heç nə olmasa da, biz bir-birimizi çox sevsək də bacarmazdım!..
Həftəsonu Kamilin valideynləri bizə gəlmişdilər. Söhbət əsnasında Validə ana:
-Bizi nə vaxt sevindirəcəksiz? -deyə eyham atdı. Mən də, Kamil də susqun baxışlarımızı yerə zillədik. Ananın heç nədən xəbəri yox idi, ancaq mənim bu məsələni gizlətmək fikrim yox idi, çünki onlara bunu etməyə haqqım yox idi. Əzab və qarışıq hisslər içində həqiqəti onlara söylədim. Bu çox çətin idi, vicdanım danışmağımı, qəlbim isə susmağımı diktə edirdi. Bilirdim ki, həqiqəti söyləyərək onları da məyus edəcəm, ancaq yalançı vədlər vermək də ağır idi. Danışığımı necə bitirməyimdən xəbərim olmadı, başımı qaldırıb onların üzünə baxanda, peşmanlıq və üzgünlüklə dolu ifadəni aydın gördüm, sanki bir ağır yük götürüldü çiynimdən.. Kamil gözlərini yerə zilləmişdi, sanki günahkar özü idi. Ancaq bu taleyin qisməti idi və burda kimsə günahkar deyildi. Validə anagil çaylarını içib qalxdılar. Onları ötürdükdən sonra Kamil mənə dedi:
-Nahaq anamgilə söylədin həqiqəti, mən bilsəydim qoymazdım.. Mən onlara həqiqəti deyəcəydim, amma başqa cür..
Mən təəccüblə soruşdum:
-Nə cür?
Kamil dərindən nəfəs alıb dedi:
-Mən deyəcəydim ki, problem səndə yox, məndədi..
Bu kəlmələri duyduğumda gözlərim doldu, özümü güclə boğaraq dedim:
-Əvvəla, imkan verməzdim ki, bu cür yalan söyləyəsən, ikincisi, lap söyləmiş olsan belə mən yenə həqiqəti deyəcəkdim..
Kamil susdu, heç bir söz demədən boynumu qucaqladı, gözlərimdən öpdü..
Səhər günəşinin al şəfəqləri yataq otağının pəncərəsindən üzümə düşürdü. Gözəl bir bazar səhəri idi. Kamil hələ yatırdı. Onu oyatmadım. Hər gün işləyib çox yorulurdu, qoy bu gün doyunca dincəlməsini istəyirdim. Qalxıb əl-üzümü yuyub mətbəxə keçdim, həvəslə səhər yeməyini hazırladım. Nədənsə bu gün hər şeyi unutmaq, Kamillə xoş bir gün keçirmək istəyirdim, bütün sıxıntılardan uzaqda. Mən süfrəni hazırlayana qədər Kamil də oyandı. Sonra mətbəxə gəldi və masaya baxıb dedi:
-Bəh, bəh, nə gözəl süfrə hazırlamısan əzizim, əllərinə sağlıq, çox ləziz görünür..
-Nuş olsun, əfəndim, qulluğunuzda hazıram- deyə gülümsədim..
Səhər yeməyindən sonra evdə bəzi səliqə-səhmanlama işlərinə görə Kamildən kömək istədim. O, məmnuniyyətlə təklifimi qəbul etdi. Biz deyə-gülə işlərimizi görürdük. Hərdən tələbəlikdə baş vermiş gülməli hadisələrdən danışır, xatirələri vərəqləyir, vaxtın necə keçdiyini hiss etmirdik. Kamil gülə-gülə paltar dolabını boşaldarkən birdən susdu, üzündə qəribə, üzgün və biraz da əsəbi ifadə yarandı. Əvvəl nə olduğunu anlamadım, sonra dolabın küncündəki uşaq papışlarını görəndə hər şeyi anladım. Kamil onları məndən gizlətməyə çalışsa da, artıq gec idi. Bəli, nə qədər uzaqlaşmaq, qaçmaq istəsəm də xeyri yox idi, sıxıntılarım hər zaman mənimlə idi. Birdən Kamil üzünü mənə tutub qətiyyətlə dedi:
-Gözəl bir fikrim var, gəl uşaq evinə müraciət edək, yeni doğulmuş körpə gətirsələr onu övladlığa götürək..
O, bu sözləri elə ürəkdən və qətiyyətlə dedi ki, sanki belə də olacaqdı. Ancaq mən buna razı ola bilməzdim, axı onun övladı ola bilərdi, problem məndə idi. Öz övladı ola biləcəyi halda niyə başqasının övladını böyütməlidi?!.. Niyə mənə görə ata olmaq arzusundan vaz keçməli idi?!.. Bilirdim ki, Kamil mənə görə hər cür fədakarlığa hazır idi, mən də onun üçün hər addımı atmağa hazır idim. Bütün bu suallar mənə daxilən rahatlıq vermirdi, özümə yer tapa bilmirdim. İşləri tez yekunlaşdırdım, papıçları isə gizlətdim. Artıq nə isə etməliydim, öz istəklərim naminə başqalarının arzularının üstündən xətt çəkə bilməzdim, amma nəyi necə edəcəyimi bilmirdim, gecə-gündüz bu barədə düşünürdüm, hətta Kamilə boşanma təklifi etməyi belə düşünmüşdüm, ancaq dilə gətirmədim, çünki bilirdim ki, Kamil əsla bu təklifi qəbul etməz.
Bir gün ağlıma başqa bir fikir gəldi. Əlbəttə, bu fikir özüm üçün ən böyük əzab idi və bunu icra etmək də çox çətin idi, ancaq başqa yolum da yox idi. Sumqayıtda Kamilgilin yaxən dostluq etdikləri ailə vardı. Onların Ruxsarə adlı qızları vardı, Kamil onun xətrini çox istəyirdi. Ruxsarənin iyirmi altı yaşı vardı, magistraturanı da bitirmişdi. Hərdən gəlib- gedərdi bizə, gözəl, xoş xasiyyət və ağıllı qız idi. Elçiləri çox idi, lakin onların heç birini bəyənmirdi. Hətta bir dəfə ondan zarafatla soruşanda ki, "niyə heç kimi bəyənmirsən?", gülümsünüb demişdi ki, "mən Kamil kimi xarakteri olan oğlanla ailə quracam." Təbii ki, bütün bunlar səmimi söhbətlər və zarafatlar idi. Bəli, mən düşünürdüm ki, Kamil mütləq evlənməlidir, başqa heç cür rahatlıq tapa bilməzdim. Kamilin hər hansı bir qızla evlənməsinə də razı ola bilməzdim, onun kimi yaxşı insanın dünyaya gələcək uşaqlarının anası da ən azı özü qədər yaxşı olmalı idi. Mən öz aləmimdə Ruxsarəni düşünürdüm, ancaq bunun üçün əvvəcə qızla söhbət etməli, hər şeyi anlatmalı, başa salmalı, qəbul edib-etmədiyini öyrənməli idim. Mənim üçün nə qədər çətin olsa da, cəsarətimi toplayıb qıza zəng vurdum, hal-əhval soruşub qonaq dəvət etdim. Qız dəvətimi sevə-sevə qəbul etdi və gələcəyini söylədi. Mən isə "kaş qəbul etməyəydi!.." deyə qəlbimdən keçirdim. Bu qəlbimin səsi idi və hər zaman onu susdurmağa çalışırdım..
İki gün sonra Ruxsarə bizə qonaq gəldi. Onu həmişəki kimi mehribanlıqla qarşıladım. Kamil evdə yox idi, mən özüm onu Kamil evdə olmayan vaxt çağırmışdım ki, rahat söhbət edib, hər şeyi başa sala bilim. Əvvəlcə qonağa da, özümə də çay süzdüm, sonra söhbətə başladım. Çox həyəcanlı idim, həyat sınağından keçirdim əslində. Bu anda bütün hisslərimi unutmalı, yalnız Kamili düşünməli idim. Kamillə tanışlığımızın ilk günündən bu günə qədər olan hər şeyi təfsilatıyla ona anlatdım. Bir müddət susdu, gözləri doldu. Üzünü yana tutaraq məndən gizlətməyə çalışdı göz yaşlarını. Mən ona artıq hər şeyi qəbul etdiyimi, üzülməməsini söylədim. Onu çağırmaqda məqsədimi söyləməliydim, amma ilk öncə ehtiyat etdim. Düşündüm ki, ilk dəfədən söyləsəm etiraz edər və bizə bir daha gəlməz. Xeyli söhbət etdik. Özüm qəsdən Kamil işdən gələnə qədər saxladım onu. Nəhayət, Kamil də gəldi. Ruxsarəni görüb sevindi. Kamil gələndən sonra da bir xeyli danışdıq, güldük. Havanın qaraldığını görüb qız ayağa qalxdı, mən Kamildən qızı ötürməsini xahiş etdim. Onlar çıxdıqdan sonra ağır düşüncələrə daldım. Ağlımla qəlbim arasında gərgin mübahisə gedirdi- görəsən özüm düşündüklərimin, etmək istədiklərimin nəticəsinə hazırammi?!.. Əlbəttə, qəlbim heç vaxt buna hazır ola bilməzdi, çünki onu çox sevirdim. Elə buna görə də qəlbimi susdurmalıydım..
Ağır və qarışıq düşüncələr içində günlərin necə keçdiyindən xəbərim olmurdu. Mən tez-tez Ruxsarəni evə qonaq çağırırdım, Kamillə daha yaxın ünsiyyət qurmasına şərait yaradırdım. Xeyli müddət keçdikdən sonra mən niyyətimi açıb qıza söylədim, Kamilin məhz onunla ailə qurmasını istədiyimi bildirdim. Əvvəlcə qız qəti şəkildə etiraz etdi, lakin mən ona başa saldım ki," Nə olur olsun Kamilin evlənməsinə, övlad sahibi olmasına nail olacağam, niyə bu adam sən yox, başqası olsun ki?!.. Bəlkə sənin qismətindir?!.." Əlbəttə bu bir an içində qəbul ediləcək qərar deyildi və ən əsası, Kamilin bütün olanlardan xəbəri yox idi. Qıza söyləməkdə məqsədim o idi ki, Kamildə ona qarşı az da olsa hisslərin yaranmasına nail olsun.
On gündən çox idi ki, Ruxsarə bizə gəlmirdi. Mən həm narahat idim, həm də rahat. Bu hissləri dil ilə anlatmaq çox çətindi. Bir yandan Kamildən ayrılmaq istəmirdim, bir yandan da onu ata olmaqdan məhrum etmək istəmirdim. Yalnız sevən insan bu fədakarlığı bacara bilərdi. Kamilə olan sevgimin böyüklüyü məni heç bir fədakarlıqdan çəkindirmirdi. Bir gün işdə olarkən Ruxsarə mənə zəng vurdu. Hal-əhval soruşub axşam bizə gələcəyini söylədi. Özümün də səbəbini tam anlamadığım bir narahatlıq doldu içimə.. Bəlkə də səbəbi məlum idi, nə isə…
Axşam qız gəldi və əyləşib söhbət etdik. O təklifimi bir şərtlə qəbul edəcəyini söylədi:
- Asya, mən bu təklifi sənə, Kamilə və əlbəttə, özümə görə qəbul edəcəyəm, ancaq bir şərtlə, Kamilin mənə qarşı az da olsa hissləri yaranmasa bu iş alınmayacaq.
Razılaşdım, bəlkə də kənardan bütün bunlar aglasığmaz görünür, ancaq bu hissləri yaşamadan etdiklərimi anlamaq çətindi. Artıq o bizə tez-tez gəlməyə başladı, daha çox Kamillə ünsiyyət qurur, onunla vaxt keçirirdi, tədricən Kamildə də ona bağlılıq yarandığını duyurdum. Son vaxtlar Kamillə şəxsi münasibətlərdə özüm qəsdən soyuqluq yaratmışdım, onun nəvazişlərindən, qayğılarından imtina edirdim. Təsəvvür belə edə bilməzsiniz ki, bütün bunları etmək mənim üçün nə qədər çətin, əzablı və dözülməz idi. Qəlbimin səsini, istəyini boğaraq yaşamaq əzab idi, ancaq Kamil üçün bunu etməli idim. Son günlərdə Ruxsarə demək olar ki, günaşırı gəlirdi. Hiss edirdim ki, o özü də Kamilə bağlanıb və bir gün baş verən bir hadisə hər şeyə son qoydu…"
Asya müəllimə bu sözləri söyləyərkən əlləri titrədi, dodaqları əsdi, sanki dili söz tutmurdu. Tez ayağa qalxıb ona su verdim, çiynini qucaqladım və sakitləşdirdim. İlahi, o nə qədər əzab çəkirdi danışarkən. Mən ona sakitləşməsini, qalan hissəni sonra danışmasını təklif etdim. O, təkidlə indi danışmaq istədiyini, bir daha heç vaxt heç yerdə danışa bilməyəcəyini söylədi və davam etdi…
"Həmin gün işdən tez gəlmişdim, az keçməmiş Ruxsarə də gəldi bizə. Axır vaxtlar mənimlə çox söhbət etməyə utanırdı. Onu anlayırdım, özünü günahkar hiss edirdi, ancaq mən çalışırdım ki, o özünü günahkar hiss etməsin. Axşama doğru hər şeyi köməkli hazırladıq, qız masanı düzəltdi. Hər dəfə bizə gələndə əlindən gələn köməkliyi əsirgəmirdi, çox qabiliyyətli qız idi. Az sonra Kamil də gəldi, masaya əyləşdik. Axşam yeməyindən sonra masanı yığışdırıb çay dəstgahı hazırladıq. Ruxsarə mətbəxi yığışdırıb qonaq otağına getdi. Mən çayları süzüb qonaq otağına keçmək istəyirdim ki, gördüyüm mənzərə mənə çox ağır gəldi. Ayaqlarım getmədi, sanki yerə mismarlanmışdım.. Kamil onun əllərindən tutmuşdu, bəli, deməli o da qıza qarşı nə isə hiss edirdi. Bu mənim evi tərk etməyim üçün yetərli idi. Bu işi düzəldən də, bu yerə gətirib çıxaran da özüm idim, buna görə də heç kimi qınaya və ya günahlandıra bilməzdim. Nə mən, nə Kamil, nə də o qız günahkar deyildi. Taleyimiz bu cür gətirmişdi. Axşam sakitcə, Kamilə hiss etdirmədən əşyalarımı topladım. Səhər Kamil işə gedən kimi mən də evdən çıxdım və atamgilə üz tutdum. Kamilə isə bir məktub yazdım: "Əzizim Kamil, hər şeyə görə sənə çox minnətdaram!.. Mənə əsl sevginin nə olduğunu sən öyrətdin.. Səni nə qədər çox sevdiyimi bilirsən, ancaq mən sənə övlad bəxş etmədən xoşbəxt ola bilmərəm. Övladımızın olmayacağını söyləyəndə atanla ananın üzündəki peşmanlıq ifadəsini görməməzlikdən gələrək, bu cür yaşaya bilmərəm!.. Məni anla, Ruxsarə də çox yaxşı qızdı, əminəm ki, onunla xoşbəxt olacaqsan.. Bir şeyi unutma, hər zaman qəlbimin tək sakini olacaqsan!.. Bundan sonra səninlə yalnız səmimi dost olaraq davam edəcəyik həyata.. (Asya)."
Evdən çıxarkən Kamilin mənə hədiyyə etdiyi uşaq papıçlarını da özümlə apardım. Mən Kamildən cismən ayrılsam da, ruhən həmişə onunla olacağımı bilirdim. Bütün yaxınlar məsələnin nə yerdə olduğunu bilirdilər. Kamillə Ruxsarə evləndilər, kiçik bir məclis keçirdilər və məni də dəvət etdilər, getdim və iştirak etdim. Bilirdim ki, getməsəm Kamilin də, Ruxsarənin də, Validə ananın da qəlbi rahatlıq tapmayacaq. Hər şey yaxşı keçdi, keçməyən yalnız qəlbimin ağrısı idi. Bu ağrının hər zaman mənimlə olacağını bilə-bilə etmişdim hər şeyi, buna görə də gileylənməyə haqqım yox idi.
Evləndikdən sonra da Ruxsarə tez-tez zəng vurub hal-əhvalımı soruşurdu. Sag olsun, məni yaddan çıxarmırdı. Kamil isə demək olar ki, hər gün əhvalımı xəbər alırdı. Bir gün Ruxsarə hamilə olduğunu dedi, çox sevindim, sanki öz övladım olacaqmış kimi sevindim. Hamı səbirsizliklə vaxtın ötməsini gözləyirdi. Kamilin valideynləri çox sevinirdilər. Validə ana hər dəfə məni görəndə xüsusi diqqət, qayğı və nəzakət göstərirdi, səbəbini anlayırdım.
Nəhayət, o gün gəlib çatdı- Kamil qız atası oldu. Çox sevinirdim, bir neçə gün keçdikdən sonra onları ziyarətə getdim. Bir daha təbrik etdim və uşağın hədiyyəsini verdim. Bəli, bunlar Kamilin ilk dəfə uşağımıza geyindirmək ümidiylə hədiyyə etdiyi papıçlar idi. Kamil hədiyyəni görüb mütəəssir oldu, mən dedim:
-Bax Kamil, nəhayət, papıçlar öz sahibini tapdı, çox şükürlər olsun, indi içim rahatdı.
O, mənə həm günahkar, həm sevincli, həm də sevgi dolu gözlərlə baxdı. Bu baxışlar çox şeyi söyləyirdi...
Həyat öz axarıyla davam edirdi. Balaca Asya günü-gündən böyüyürdü. Uşağın adını mənim şərəfimə Asya qoymuşdular. Biz vaxt olduqca balaca Nərgizlə tez-tez görüşür, parkda gəzirdik. Onların mənə qarşı olan doğma münasibətlərindən böyük məmnunluq duyurdum. Mənə bir neçə yerdən evlilik təklifləri gəlsə də, qətiyyən təkrar ailə qurmaq niyyətim yox idi. Qəlbim yalnız Kamilə məxsus idi və hər zaman da belə olacaqdı. İllər tez ötüb keçdi. Kamilin artıq üç övladı vardı. Babayla nənələri nəvələri o qədər çox istəyirdilər ki, köçüb gəlmişdilər Kamilgilin yanına..
Bir gün Ruxsarə zəng vurdu ki, Validə ana narahatdı, səni istəyir.. Axşam işdən çıxıb birbaşa onlara getdim. Doğrudan da, qadın çox üzülmüşdü, həkimlər ürəyinin narahat olduğunu demişdilər, lakin yaşlı olduğundan əməliyyata icazə verməmişdilər. Gedib yanında əyləşdim, əllərindən tutdum, gözlərini açıb üzümə baxdı, gülümsədi. Gəlişimə çox sevindi, əllərimi bərk-bərk sıxıb dedi:
-Xoş gəlmisən qızım, həmişə sən gələsən!.. Neçə vaxtdı ürəyim səni istəyirdi, yaxşı ki, gəldin..
Qəhər məni boğsa da biruzə vermədim, qadının əllərindən öpüb dedim:
-Belə deməyin, Validə ana, sizi ziyarət etmək borcumdu..
Qadın kövrək səslə dedi:
-Sənə o qədər minnətdaram ki, qızım, sən Kamil üçün bir ananın yalnız övladı üçün edə biləcəyi fədakarlığı etdin, bir ana olaraq sənin bu qəhrəmanlığın qarşısında baş əyirəm!..
Gözlərim yaşardı, qeyri-ixtiyari ah çəkdim. Əslində bu ağbirçək qadının sözləri hər şeyi demişdi mənə, bəli, mən övlad dünyaya gətirmədən də, ana kimi fədakarlıq etmişdim. Bu sözləri duymaq mənim üçün boyük bir xoşbəxtlik idi... Validə anayla sağollaşıb tez-tez gələcəyimi söylədim, ancaq hiss edirdim ki, qadın ömrünün son günlərini yaşayır və mənimlə halallaşır. Bunu düşünmək ağır idi, ancaq həyatın bu dəyişməz qanunu qarşısında hamımız acizik.
Bir neçə gün sonra Validə ana dünyasını dəyişdi. O gedişiylə hamımızı nə qədər məyus etsə də, mənə söylədiyi son sözlərlə qəlbimi rahatlayıb getmişdi. Yas məclisində Ruxsarəyə nə köməklik lazımsa etdim. Kamil də, Ruxsarə də çox minnətdarlıq etdilər. Mən hamıyla sağollaşıb çıxdım. Çöldə bərk yağış yağırdı. Gözlərim təsadüfən Ruxsarənin yuyub sərdiyi uşaq papıçlarına sataşdı, həmin papıçlar idi. Nə deyim, bu da mənə qəribə bir rahatlıq bəxş etdi."
Asya müəllimə susdu və sanki bir rahatlıq ifadəsi gəldi üzünə. Əslində müəyyən qədər rahatlamış və yükdən azad olmuşdu. Onun gözlərinin dərinliyində gizlənən əzablardan, iztirablardan kimsənin xəbəri olmayacaqdı heç vaxt. İnsanlar yenə də onu qaraqabaq, soyuqqanlı insan kimi tanıyacaqdılar. Ancaq mən bilirdim ki, onun nə qədər geniş, sevgi və şəfqət dolu isti və mehriban bir qəlbi var. Bəlkə də həyat hekayətini mənə danışdığı üçün özümü xoşbəxt hesab edirdim. İndi o mənim gözlərimdə bir İnsanlıq və Fədakarlıq nümunəsi idi.
Asya müəllimə ayağa qalxdı, alnımdan öpdü və heç bir söz söyləmədən getdi. Mən də yazıları bitirib auditoriyaya döndüm. Artıq dərs bitmək üzrə idi. Tələbələr hay-küylə evə tələsirdilər. Mən də universitetdən çıxdım. Çöldə möhkəm yağış yağırdı. Nədənsə bu günkü yağış ruhuma dinclik bəxş edirdi. Birdən mənə elə gəldi ki, sanki yağış da, yer də, göy də müəlliməyə minnətdarlıq edir. Göyün üzünə xeyli tamaşa etdim. Elə bu vaxt iki göyərçin elektrik dirəklərini birləşdirən məftilin üzərinə qondular. Diqqətlə göyərçinləri seyr etdim və bir anlıq mənə elə gəldi ki, onlar göyərçin yox, teldən asılmış bir cüt uşaq papışları idi…
ÜLVİYYƏ NİYAZQIZI
Bu xəbər üçün şərh yazın