Valideyinlərin fikirinə təhsil eksperti də dəstək verdi- Bir sinifdə 50 şagird...
Bir sinifdə şagirdlərin sayının çox olması dərsin keyfiyyətinə mənfi təsir göstərir.
Faktinfo.az xəbər verir ki,bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Etibar Əliyev deyib. O bildirib ki, 1992-ci ildə qəbul olunmuş Təhsil haqqında Qanunda siniflər üzrə şagirdlərin kompleksləşməsi barədə maddə var idi:
“Həmin maddəyə əsasən, siniflərdə şagirdlərin sayı təxminən 20 olmalıdır. Ancaq indi şagird sayında müəyyən artımlar qeydə alınıb, şəhər məktəblərindəki siniflərdə sıxlıq var. Hətta elə məktəb var ki, orada 50 şagird bir sinifdə oxuyur. Bu cür sıxlıq mərkəzdə fəaliyyət göstərən əksər məktəblərdə müşahidə olunur. Məktəb rəhbərliyi belə halların qarşısını almaq üçün nizamlama, tənzimləmə işi aparmalıdır.
Şagird çox olanda fənlərin tədrisi üçün vaxt yetərsiz olur. Müəllim 45 dəqiqə ərzində jurnalda uşaqların sayını yoxlamalı, dərs soruşmalı və yeni dərsini keçməlidir”.
Ekspertin sözlərinə görə, şagird sıxlığı bütün dünyada önəmli məsələdir:
“Bununla bağlı konkret addımlar atılmalıdır. Dünya praktikasında çalışırlar ki, şagird sayı siniflərdə 20-25 nəfəri keçməsin. Sinifdə bu saydan artıq şagird olarsa, bu, dərsin keyfiyyətinə birmənalı olaraq təsir göstərir”.
E.Əliyev qeyd edib ki, sıxlığın yaranmasına süni təbliğat səbəb olur:
“Elə təbliğat aparırlar ki, guya mərkəzdə daha yaxşı təhsil verilir. Valideynlər də buna aldanıb, uşaqları mərkəzdəki məktəblərə yönəldirlər. Amma bu, heç də elə deyil. Müqayisə etsək, görərik ki, Sumqayıtda, Suraxanıda və digər yerlərdə yerləşən məktəblərdə təhsilin keyfiyyəti daha yüksəkdir, nəinki şəhərin mərkəzindəki hansısa məktəbdə”.
Ekspert onu da bildirib ki, siniflərdə sıxlıq valideynlərdən də asılıdır:
“Ümumiyyətlə, valideynlər anlamalıdırlar ki, sıxlıq çox olarsa, dərsin keyfiyyəti də aşağı düşür. Onlar süni təbliğata inanıb, övladlarını evlərindən uzaqda yerləşən həmin məktəblərə qoymamalıdırlar”.
Qeyd edək ki, bir neçə gündür, sosial şəbəkələrdə valideynlər 2018-2019 tədris ilində orta məktəb siniflərində şagird sayının çox olmasından şikayətlənirlər.
Bu xəbər üçün şərh yazın