
VENSDƏN İSRAİLƏ AĞIR İTTİHAMLAR - “Gizli əməliyyatların əsas hədəfi...”
"Epşteynin MOSSAD rəhbərliyi ilə açıq əlaqələri var idi"
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens rəsmi Vaşinqtonla Təl-Əviv arasında gərginliyi daha da artıracaq sensasion bəyanatlarla çıxış edib.
Azpolitika.info Türkiyə mediasına istinadla xəbər verir ki, məşhur aparıcı Co Roqanın verilişində qonaq olan vitse-prezident İsrail hakimiyyətini və ölkənin xüsusi xidmət orqanlarını hədəf alıb.
Ceyms Devid Vens bildirib ki, İsrail rəsmiləri Amerika ictimaiyyətinə təsir göstərmək və Vaşinqtonla Tehran arasındakı danışıqları pozmaq məqsədilə gizli, eyni zamanda çox böyük maliyyəyə malik kampaniyalar həyata keçirirlər.
Vitse-prezidentin sözlərinə görə, bu gizli əməliyyatların əsas hədəfi konkret bir nəticə əldə etmək deyil, sadəcə olaraq bölgədəki müharibəni uzatmaqdır.
Vens ABŞ administrasiyasının milli maraqları hər şeydən üstün tutmalı olduğunu vurğulayaraq deyib: "Amerika maraqları prioritetlərimizin ən başında dayanmalıdır".
Çıxışı zamanı ABŞ vitse-prezidenti daha bir səs-küylü mövzuya toxunub. O, pedofiliya və cinsi istismarda ittiham edilərək həbsxanada müəmmalı şəkildə ölən milyarder Ceffri Epşteynin İsrail kəşfiyyatı ilə birbaşa əlaqədə olduğunu iddia edib. Vensin sözlərinə görə, Epşteynin "İsrail kəşfiyyatının (MOSSAD) ən üst rəhbərliyi ilə açıq və birbaşa əlaqələri mövcud idi".
Bu iddia onsuz da beynəlxalq mətbuatın gündəmindən düşməyən Epşteyn qalmaqalının kəşfiyyat və casusluq şəbəkələri ilə bağlı pərdəarxası məqamlarını yenidən müzakirəyə çıxarıb.
ABŞ vitse-prezidentinin bu kəskin ittihamları diplomatik və siyasi dairələrdə geniş rezonans doğursa da, Ağ Ev hələlik məsələ ilə bağlı rəsmi şərh verməkdən yayınıb.
Qeyd edək ki, fevral ayında ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatlara başlaması və Tehranın Yaxın Şərqdəki ABŞ hərbi bazalarına qarşılıqlı zərbələr endirməsi ilə regionda gərginlik pik həddə çatıb. Belə bir həssas məqamda Ağ Evin ikinci şəxsinin İsraili hədəf alan bəyanatları müttəfiqlər arasındakı daxili fikir ayrılıqlarının dərinləşdiyini göstərir.












Bu xəbər üçün şərh yazın