Vüsalə Ağabəylidən Kamal Abdullaya açıq məktub: “Mənə haqsızlığı siz etmisiniz, universitet yox!”
Kimin qurduğu ssenaridə hansı rolu almışam, xəbərim yoxdur!? Ardı kəsilməyən sərt ittihamlar, hədə-qorxular və Kamal Abdullanın sifarişi ilə yazılan yazıların hamısı əslində, mənim nə qədər haqlı olduğumu sübut edir.
Mən öz sözümü deyirəm, özümdən başqa məni müdafiə edəcək bir kimsə yoxdur. Lakin Kamal Abdulla, siz bütün medianı, millət vəkillərini, universiteti, tanıdığınız bütün dostlarınızı bir nəfərə qarşı cəbhədə toplamısınız.
Elə buradan başlayaq. Ədalətlisinizmi? Səsləndirdiyiniz ittihamlara özünüz də inana bilirsiniz?
Verdiyiniz müsahibədə qeyd edirsiniz ki, “İşdən çıxarılan dekana töhmət vermişəm, başlayıb bizi saytlarda hədələməyə. Bütün bu proseslərə görə, əvvəllər də işində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb. Əmrdə də yazılıb ki, hansı qüsurlarına görə işdən çıxarılıb”.
Məncə yazdırdığınız yazıları araşdırın. Kim kimi hədələyir, çox maraqlıdır? İndiyə qədər hansı yazımda hədələmə və ya şər-böhtan olub ki? Mən sizə şər-böhtan atmışam, yoxsa siz mənə? Mən sizə qarşı bütün universiteti qaldırmışam, yoxsa siz mənə? Mən sizə qarşı başqalarına yazı sifariş verdirmişəm, yoxsa siz mənə qarşı? Mən sizin əleyhinizə ittihamlarla başqalarını da bu məsələyə qatıb məcbur imza atdırmışam, yoxsa siz mənə? Axı imza atmağa məcbur etdiyiniz insanların ağlayaraq və ya acizanə məni yığaraq çıxış yolları olmadığını təsdiqləyən səs yazıları var. Siz ən yaxın rəfiqələrimi belə mənə qarşı imza atmağa məcbur etmisiniz.
Mən onları bağışlayıram, çünki istəmirəm aqibətləri mənim kimi olsun, bəs siz necə, özünüzü bağışlaya bilirsiniz? 15 ilə yaxındır mən ikinci ailəm hesab etdiyim o universitetdə işləmişəm, heç kəslə də konfliktim və problemim olmayıb. Necə indi siz özünüz bütün universiteti bir nəfərə qarşı müharibə elan etməyə sövq etdiyiniz halda kiminsə sizi şərlədiyini düşünürsüz?
Bəli, mən universitetdə müdafiə etdiyim dövrdə qarşılaşdığım problemlərlə bağlı fikir səsləndirmişəm, bunu mənim elmi rəhbərim də bilir. Dünyamin Yunusovun dövründə hansı məsələlər var idi; qəbul, minimum imtahanları, seminar, müdafiə və opponentlərlə hansı problemlər yaşamışdım, necə əziyyət çəkmişdim bunu mən və mənə yaxın olan kəslər bilir. Məsələnin istiqamətini dəyişmək əvəzinə, mahiyyətini öyrənmək istəsəydiniz təbii ki, siz də bilərdiniz. Bu fikri səsləndirməyimin müdafiə şurasına nə aidiyyatı var idi ki, müdafiə şurasının nə günahı var idi ki, Dünyamin müəllimin dövründə məsələlər bəzən başqa cür həll olunurdu. Siz hətta müdafiə şurasına da dezinformasiya verərək onları da ayağa qaldırmağa cəhd etmisiniz. Universitetin hansı əməkdaşı haqqında mən qeyri-etik ifadə və ya şər-böhtan xarakterli bir söz işlətmişəm ki? Qurduğunuz strategiya heç də düzgün deyil. O kollektivin hamısı sizə doğma olmaya bilər, amma mənə çox doğmadır, çünki onların əksəriyyəti mənim müəllimlərim və ya müəllimlərimin müəllimləri olub. Müəllimlərimdən də araşdıra bilərsiniz mənim haqqımda hər şeyi. Ya da yox, onların da zərər çəkməsini istəmirəm.
Məlumunuz olduğu kimi, siz mənə töhmət əmri verdikdən sonra mən heç bir yerə yox, yenə də hörmət əlaməti olaraq, sizin özünüzə müraciət etmişdim. Əbu Türkan demişkən “Güc qaranlıqda qorxunc görünür, onun nəcabəti ancaq xidmət etdiyi amalın işığında üzə çıxır”. Siz bir rəhbər, bir böyük olaraq öz gücünüzü, qüdrətinizi ədalətinizlə göstərməli idiniz. Etinasız yanaşdığınız üçün mən də məcbur qalıb mediaya yox, rəsmi müraciətlər etdim. Təkrar edirəm, mən mediaya çıxmamışdım, məni siz çıxartdınız. Yaşatdığınız təzyiqlər məni xəstəxanalıq etdiyi üçün mən sağlamlığımla məşğul olduğum müddətdə, sizin sifarişinizlə haqqımda heç bir məlumatı olmayan, uzaqdan-yaxından mənimlə əlaqəsi olmayan Beynəlxalq münasibətlər və idarəetmə, Tərcümə və mədəniyyətşünaslıq fakultəsinin tələbələri Şahin Sərdarlı və Salman Quliyevin əleyhimə yazdırdığınız yazıları mediyaya çıxdı. Xəbəriniz yox idi? Tərbiyə işləri üzrə prorektorun da xəbəri yox idi? Niyə qarşısını almırdınız, çünki sifarişi siz vermişdiniz. Daha sonra universitetin tam sizin mənafeyinizi qoruyan rəsmi səhifəsində əleyhimə yazılar yazdırmağa başladınız, bundan da xəbəriniz yox idi?
Nəhayət, geniş media konfransı etdiniz və mənim haqqımda mənfi imic yaratmağa cəhd etdiniz. Mən özümü müdafiə üçün rəsmi müraciət etməməliydim? Sizdən dəstək gəlmədi, dövlətimdən, Prezidentimdən, Birinci Vitse-Prezidentimdən dəstək istəməməliydim? Daha sonra real vəziyyətdən yetəricə məlumatı olmayan, dostluq münasibətləriniz olan deputatların da bu işə qarışmağına nail oldunuz, əleyhimə yazılarını təşkil etdiniz. Mən yalnız və yalnız özümü müdafiə etmək üçün cavablar yazmışam. Özümü müdafiəmi qəbahət sayırsız? “Hədələmək” dediyinizdə nəyi nəzərdə tutursunuz? “Mən hələ son sözümü deməmişəm, o bir də yazsın, görsün gününü” və s. ifadələri işlətməkdir hədələmək, yoxsa mənim sizə qarşı özümü qorumağa çalışmağım, müdafiə etməyim? Ümumiyyətlə, bir müəllim, bir dekan rektora necə hədə-qorxu gələ bilər, necə şər-böhtan ata bilər ki?
Nərgiz Qurbanlı məsələsini də bu qədər gündəmə özünüz gətirirsiniz. Nərgiz Qurbanlı ilə apardığımız müzakirə bizim öz aramızda həll olunmalı idi, bütün universitetdə və geniş mediada yox. Niyə bütün universitet, bütün ölkə bilməliydi ki, Nərgiz Qurbanlı ingilis dilini bilmir? Bu məsələdə komissiya üzvlərinin iştirak etdiyi iclas, aparılmış müzakirələr, verilmiş yekun rəylər və komissiya üzvlərinin atdıqları imzalar surquçlanmış protokol dəftərində öz əksini tapır. Siz ümumiyyətlə, həmin dəftəri yox edə də bilərsiniz, açıq dərsləri də ləğv etmək sizin səlahiyyətinizdədir. Lakin bizim dediyimiz odur ki, açıq dərs olsa da olmasa da, 2006-cı ildə ADU-nun Pedaqoji fakultəsində ingilis dili ixtisası alan Nərgiz Qurbanlı niyə ingilis dilində ən primitiv səviyyədə də olsa 2 cümlə qura bilmir? Əgər mənim iddiam səhv idisə, həmin hadisələrdən sonra, siz 08 yanvar 2019-cu il tarixli əmrinizlə Nərgiz Qurbanlını ingilis dili kursuna göndərməzdiniz. Bəs biz nə istəyirdik ki, sizdən? Biz də komissiya olaraq bunu istəyirdik. Mən başa düşürəm və hörmətlə də yanaşıram onun atası Çərkəz Qurbanlının görkəmli mütəxəssis kimi alim olmasına, amma sizcə, bu, xüsusi imtiyaz verməlidir hansısa müəllimə? Ona ingilis dilini öyrənməsi təklifimiz qəbahət idi ki? Mən Çərkəz Qurbanlının qızı olmasam da, erməni övladı deyiləm ki, mən də bu millətin övladıyam. Siz Çərkəz Qurbanlının qızını müdafiə etdiyiniz qədər mənim də haqqımı müdafiə etməliydiniz axı! Mənim Nərgiz Qurbanlı haqqında dediyim bir cümləlik fikir niyə bütün universitetin tədrisinə yönəldildi ki?! Mən harada və nə zaman demişəm ki, universitetimizdə tədrisin keyfiyyəti aşağı səviyyədədir?! Mən sadəcə tədrisin inkişafı naminə bəzi təklifləri irəli sürmüşdüm. Mənim əvəzimə səsləndirdiyiniz ittiham olaraq tədrisin keyfiyyəti aşağı vəziyyətdə idisə, necə olur ki, universitetimizin tələbələri ən müxtəlif yerli və beynəlxalq tədbirlərdə öz peşəkarlıqları ilə seçilir və yüksək vəzifələrdə təmsil olunurlar. Təbii ki, bəzi problemlər var və mən də məhz o problemləri ortadan qaldırmaq üçün öz təkliflərimi irəli sürmüşdüm.
Deyirsiniz, “Siz onlardan soruşun, nə istəyirlər məndən? İsrarlı şəkildə universitetin dekan vəzifəsinə qayıtmaq istəmək nə deməkdir, onlardan soruşun. Vüsalə Ağabəyli universitetdən işdən çıxarılmayıb, müəllim kimi fəaliyyətini davam etdirir”. Kamal müəllim, siz axı özünüz də çox gözəl bilirsiniz ki, mən əgər “dekanlıq”, “vəzifə”, “kreslo” eşqində olsaydım, onda susardım, həqiqətləri sizdən gizlədərdim, vəzifəmi itirməmək üçün hər şey idealmış kimi davranardım. Dinamik iş olduğu yerdə perspektivlər olduğu kimi, problemlər də mütləq olur ki, bunları rektor olaraq sizin nəzərinizə çatdırmaq mənim borcum idi. Lakin xitam əmrində də qeyd etmisiniz və müsahibənizdə də deyirsiniz ki, qüsurlarına görə işdən çıxarıldı. Siz Filologiya və Jurnalistika fakultəsinin mənim fəaliyyətimə qədər olan dövrü ilə indiki, yəni 2 il sonrakı dövrü arasındakı əsaslı fərqi, inkişafı, tədrisin keyfiyyətindəki irəliləməni araşdırmısınızmı?
Dekan olaraq fəaliyyət göstərdiyim müddətdə tədris istiqamətində atdığım ən mühüm addım 2 il əvvəl, yəni mən dekan olaraq fəaliyyətə başlamamışdan öncə, Akkreditasiya Komissiyasının imtahanlarından keçməyən ixtisasların və fakultənin bütün tədris sənədlərinin 2018-ci ilin oktyabr ayında mənim 2 illik əməyimin nəticəsində qənaətbəxş qiymətləndirilməsidir. Bütün fakultənin 5 illik sənədləşməsini mən qaydaya salmışdım. Fakultənin bütün nizam-intizamı, tədris göstəriciləri, sənədləşməsi qaydasındadırsa və ən mühüm faktor olaraq, fakultə tələbələri tərəfindən yüksək etimad qazanmışamsa, fakultənin 2 il bundan əvvəlki halı ilə indiki halının müqayisəsində strateji inkişaf müşahidə olunursa, onda qüsur nə idi? Əgər doğrudan da, fəaliyyət göstərdiyim 2 il ərzində özümü doğrultmamış və tədris fəaliyyətimdə qüsura yol vermişdimsə, niyə fakultə Elmi Şurası mənim vəzifədən azad olunmağımla bağlı bu 2 il ərzində rektora müraciət etmirdi? Rektoryanı Şurada mən çıxış edəndən sonra sizin tələbinizlə imza atmağa məcbur oldular?
Ən əsası odur ki, 800 nəfərlik kontingenti olan fakultə tələbələri mənə hörmət edir, məni sevirlər. Sayənizdə xəstəxanaya düşdüyümü gözyaşları ilə qarşılayan tələbələrim – mənim həvəslə yetişdirdiyim fidanlarım idi ki, axın-axın, “potok-potok” gül-çiçəklə xəstəxanaya ziyarətimə gəlirdilər, işə çıxacağım günü barmaqla sayırdılar. İşə çıxdığım və haqqımda 15 dəqiqə ərzində 2 əmri birdən verdiyiniz gün də tələbələr bixəbər halda gül-çiçəklə qarşılamışdılar məni. Bütün bu göstəricilər yetərli deyilmi sizcə? Daha hansı faktorlar lazım idi? Dəfələrlə əksər Avropa ölkələrində, Böyük Britaniyada iştirak etdiyim seminarları, layihələri, konfransları, ölkədən kənarda dərc olunan elmi məqalələrimi və bütün yüksək göstəricilərimi də nəzərə almadınız. Siz tək mənə yox, bütün gəncliyə zərbə vurdunuz, mənim tələbələrimin də ümidini qırdınız. Siz mənim əziyyətimin üstündən çox rahatca xətt çəkmisiniz, mənim həyatıma, karyerama, sağlamlığıma bu boyda zərbə vurmusunuz, hələ üstəlik də deyirsiniz mən şər-böhtan atıram?
Deyirsiniz, müəllim olaraq fəaliyyətini davam edir. Kafedrada yaranan təzyiqlərdən, imza aksiyasının orada da davam etməyindən xəbəriniz yoxdur? Bu, əgər əvvəlcədən planlaşdırılmamış bir addım idisə, necə ola bilər ki, sentyabr ayında dərs yükləri bölünəndə 2-ci semestr üçün fakultə dekanına pedoqoji praktikaya rəhbərlik saatı ayrılsın? Sentyabr ayında kim, haradan bilirdi ki, 2-ci semestr mənim dekan olmama ehtimalım var?
Maraqlıdır, bütün bu təzyiqlər hara qədər davam edəcək? Nə vaxta qədər, Kamal müəllim? Nəyə nail olmağa çalışırsınız ki? Necə olur sizin tərəfinizdən yalançı imzalarla və ya öz imzalarıyla mənim əleyhimə sifarişli yazılar yayımlanır mediada, hər gün də davam edir, bu olar, amma mən böyük bir orduya qarşı özümü müdafiə edən bir yazı yazan kimi mediaya da basqı göstərirsiz. Milli və müstəqil medianın qarşısının alınmasına cəhd ümümiyyətlə nə deməkdir? KİV haqqında qanunda varmı belə bir şey? Yoxsa siz ictimai qınaqdan çəkinirsiniz?
Təkrar edirəm, mən nə universitetim, nə də kollektivim haqqında qarayaxan yazılar yazmamışam, yazmaram da. Mən sizin yazılarınıza qarşılıq özümü müdafiə etmişəm. Çünki mən həmin universitetin diplomlarını almışam, həmin professorların dərsini dinləmişəm. Xəbərim var ki, bütün universitet Elmi Şurasını yalan-yanlış məlumatla mənə qarşı ayağa qaldırmağa cəhd edirsiniz, öz marağınızı universitet marağına çevirməyin, professor-müəllim heyətinə elm və tədrislə məşğul olmağa imkan verin, bir nəfərə qarşı bütün univeritetə döyüşə hazırlıq dərsləri keçməyin. Mənə haqsızlığı siz etmisiniz, universitet yox, məni qanunsuz və qərəzli olaraq işdən siz uzaqlaşdırmısınız, nə qədər məcburi imza toplasanız da o insanların günahı yoxdur heç nədə. Mən sizə, bir vətəndaş olaraq, yaşım və təcrübəm sizdən az olan və elm yolunda böyük şövqlə irəliləyən bir insan olaraq, “durun” deyirəm, qanunsuz əməllərinizə son verin, insanları gərginlik və təzyiq altında saxlamayın. Tabeliyinizdə olan strukturlarla bağlı problemi məhkəmə müstəvisinə gətirmək cəhdinizin özü də sizin idarəçiliyinizin zəif olduğunu sübut edir.
Bu günlərdə məsələyə münasibət bildirən, hörmətli Zeynal Məmmədliyə buradan müraciət edirəm. Siz axı ölkənin tanınmış eksperti və peşəkar jurnalistisiniz. Sizin təhlilləriniz bir çox jurnalistlər üçün örnəkdir. Kamal Abdulla ilə şəxsi münasibətinizin olması normaldır, amma məsələnin xronoloji ardıcıllığını və ittihamları araşdırmamış münasibət bildirməyiniz bir vətəndaş olaraq mənə toxunur. Əminəm ki, bir ekspert olaraq, bitərəf mövqe seçməklə hadisələri və mediadakı yazıları araşdırsanız, tam düzgün qənaətə gələcəksiniz. Bir daha təkrar edirəm, mediaya mən böyük həvəslə ilk olaraq çıxmamışam, universitetin heç bir əməkdaşı haqqında da şər-böhtan xarakterli fikir bildirməmişəm. Mən sadəcə atılan ittihamlara qarşı özümü müdafiə etməyə çalışmışam. Araşdırın, görün bir nəfərə qarşı neçə nəfərin sifarişli hücum yazıları olub? O ki qaldı sizin “Medianı iddia, yalan, böhtan və ya ictimai önəmsiz doğrucuqlarla doldurmaq, ona inamı sarsıtmaq, onu qaranlığa gömmək deməkdir” fikrinizə, tam dəstəkləyirəm. Çünki mediaya müxtəlif mənbələrlə saysız-hesabsız yalan və böhtan dolu yazılar verilib mənim haqqımda. Əslində, mənim kimi tək olaraq hücuma məruz qalanların haqqını sizin kimi tanınmış media ekspertləri qorumalıdır. Neynəməliydim sizcə? Şəxsiyyətimə toxunduqları, 34 yaşımda karyerama son qoyduqları, məni repressiya qurbanına çevirdikləri halda sakitcə əcəlimi gözləməliydim? Ətimi kəsib yerinə duz basdıqları halda bağırmayım? Yerimdə olsaydınız, gənc yaşda bir qadın olaraq əziyyətlə qazanılan karyeranızın məhv olmasına necə reaksiya verərdiniz?
ADU-nun Filologiya və Jurnalistika fakultəsinin keçmiş dekanı, YAP Qadınlar Şurasının keçmiş sədri, Linqvokulturologiya kafedrasının dosenti, Filologiya üzrə fəlsəfə doktoru Vüsalə Ağabəyli //pia.az
Bu xəbər üçün şərh yazın