“White City Kindergarden” uşaq bağçasında işçini müqaviləsiz işlədib,məvacibini də vermədilər

“White City Kindergarden” uşaq bağçasında işçini müqaviləsiz işlədib,məvacibini də vermədilər 

Bağçalar, bağçalar... Deyəsən Azərbaycan mətbuatında da bu bağçalar mövzusu, getdikcə hind filmlərindəki məhəbbət mövzusunun malik olduğu statusa sahiblənməkdədir.

      Yəni əbədilik və dəyişməzlik statusuna. Fərq isə yalnız bunda olacaq ki, məhəbbətin əbədiliyi arzuolunan bir haldırsa, Azərbaycanın uşaq bağçalarında hökm sürən özbaşınalıqlar haqqında bunu qətiyyən demək istəməzdim. Amma çifayda, bu özbaşınalıqlar da uzun illərdir ki, davam edir və nə mətbuat, nə də ictimaiyyət bu neqativ halın aradan qaldırılmasına nail ola bilmirlər.

        Bu gün müxtəlif növ qanun pozuntularının dövri şəkildə, yəni hər müəyyən zaman kəsiyindən bir forma və məzmunca dəyişərək özünü təkrar-təkrar büruzə verdiyi belə uşaq məktəbəqədər müəssisələrindən biri də paytaxtın Ağ şəhər ərazisində fəaliyyət göstərən “White City Kindergarden” uşaq bağçasıdır. 

Redaksiyamıza təqdim olunan şikayət ərizəsində vətəndaş Vəfa Əliş qızı Abdulova bildirir ki, o, həmin bu bağçada nə az, nə çox düz 3 ay işləyib. Müəssisənin müdiriyyəti ilə əldə olunan razılığa əsasən də V.Abdulovanın aylıq əmək haqqı 300 manat məbləğində təyin edilib. Lakin şikayətçi iddia edir ki, bu 3 ay ərzində ona ümumiyyətlə maaş verilməyib: “Əvvəlcə dedilər ki, müəyyən günlərdə işə çıxmamısan, həmin günlərin maaşını tuturuq və sənə 600 manat verəcəyik. Mən buna da razılaşdım. Amma indi heç o altı yüz manatı da ala bilmirəm. Bəhanələri də budur ki, əmək müqaviləsi bağlamadan işləmişəm,hara şikayət etsəm qanun mənim hüququmu müdafə edə bilməz,buna görə də heç bir hüququm yoxdur...”

        Çox qəribədir, elə deyilmi? Amma qəribə olmasından daha çox həm də açınacaqlı, üzücü bir vəziyyətdir. Deməli belə çıxır ki, əgər sənin müəyyən imkanların varsa, kasıbı, məzlumu əzə bilərsən, pulsuz işlədə bilərsən... Amma“White City Kindergarden”-nin sahibi unudur ki,onları  müdafiə edəcək şəxs NAZİR,PROKUROR olsa belə, bütün mənalarda kasıbın,məzlumun,rəyyətin pulunu verməmək ona haqq qazandırmır.Hələ mən onu demirəm ki, bu uşaq bağçasının müdiriyyəti əmək müqaviləsi bağlamadan işçi çalışdırdığına görə Dövlət Vergi Xidməti, DSMF və digər əlaqədar qurumlar tərəfindən görəsən niyə məsuliyyətə cəlb olunmur? Nədən müqaviləsiz işçi işə götürməklə Vergi və DSMF-yə ödəmədən yayınır?

Yeri gəlmişkən, yazının əvvəlində mən müəyyən qanun pozuntularının “White City Kindergarden” uşaq bağçasında periodik olaraq təkrarlandığını da boş yerə qeyd etməmişdim. Məsələ bundadır ki, oxşar hal, amma hadisələrin daha kəskin və dramatik inkişafı ilə bu uşaq müəssisəsində təxminən bir il bundan öncə də baş vermişdi. Mətbuatda yayımlanan məlumatlara görə o zaman da bağçanın müdirəsi və işçi arasında məhz pul məsələsi zəminində münaqişə yaranmışdı. Amma həmin vaxt bu münaqişə son dərəcə kəskinləşərək əlbəyaxa dava ilə müşayiət olunmuş və nəticədə hüquq-mühafizə orqanlarının müdaxiləsinə ehtiyac yaranmışdı. Belə görünür ki, işçinin haqqını kəsmək “White City Kindergarden” uşaq bağçasında artıq bir ənənə halını almışdır. Hər halda ümid edək ki, bu dəfə səlahiyyətli qurumlardan hansısa bu məsələnin qanun çərçivəsində həllini təmin edəcək.

        Qeyd edək ki, Faktinfo.az saytı iki həftə öncə mövzu ilə bağlı “White City Kindergarden” uşaq bağçasının icraçı direktoru Nazilə xanımın münasibətini öyrənmək üçün onunla əlaqə saxlayıb.Nazilə xanım bağçada yeni icraçı direktor olduğunu,Vəfa Əliş qızı Abdulovanı işə o götürmədiyini,problemi yuxarı rəhbərliyə çatdıracağını, əmək haqqının verilməsinin onun səlahiyyətində olmadığını,məsələni ictimailəşdirməməyi,gözləməyi məsləhət bilib.Lakin sonradan Vəfa Abdulovanın əmək haqqının verilməsi həllini tapmayıb.

 FAKTİNFO.AZ

 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi