Xalq yaradıcılığı xəzinəsindən İrəvanda “xal” qalmadı, yoxsa “xan” ? -Mahnı necə yaranıb?
Zəngin, mədəni irsə malik olan xalqımızın dürlü-dürüst folkloru vardır. Bu folklor incilərindən bəziləri iki kitabdan ibarət olan “Azərbaycan folkloru antologiyası”nda (Azərbaycan SSRİ Elmlər Akademiyasının nəşriyyatı, Bakı 1968) toplanmışdır.
Antologiyada folklor nümunələrindən biri də birinci kitabda olan “O xal nə xaldı” adlı qədim xalq mahnımızdır. Mahnı “7” bənddən və hər bənd də 7 misradan ibarətdir. Mahnının hər bəndi “İrəvan” sözü ilə başlayır. Sonuncu bəndi belədir:
İrəvanda xan qalmadı,
Gəncədə soltan qalmadı,
Daha məndə can qalmadı,
Ay qız, o xal nə xaldı
Sən ora düzdürmüsən?
Ay naz, o xal nə xaldı
Sən üzə düzdürmüsən?
Bu bəndi oxuyarkən yadımıza, təbii olaraq, hərdən radioda səsləndirilən “İrəvanda xal qalmadı” mahnısı düşür... Maraqlıdır ki, axı bu necə olub: antologiyada “İrəvanda xan qalmadı” deyilir, indi oxunan mahnıda isə “İrəvanda xal qalmadı” deyilir? “İrəvanda xal qalmadı” mahnısının yaranma tarixi mərhum F.Şuşinskinin “Azərbaycan xalq musiqiçiləri” və “Cabbar Qaryağdıoğlu” kitablarında verilmişdir.
F.Şuşinskinin yazdıqlarına görə, mahnının yaranma tarixi belədir:
“İrəvan şəhərinin varlı sakinlərindən biri Qaryağdıoğlu Cabbarı oğlunun toy məclisinə dəvət edir. Toyun axırıncı gecəsi ümumi qayda üzrə “özündənbəy” təriflənməli idi. Ona görə də Qaryağdıoğlu “Toyun tərifi” mahnısını oxuyur və “bəyi” tərif edir.
“Özündənbəy” tərifini eşidən qızın atası narazı halda xanəndəyə deyir:
- Bəs mənim qızımı niyə tərifləmədin?
Qaryağdıoğlu belə gözlənilməz sualdan heç də narahat olmayıb cavab verir:
- Əmioğlu, adət belədir. Toyda gəlini yox, bəyi tərifləyirlər.
Qızın atası:
- Niyə, gəlinin bəydən nəyi əskikdir?
Qızın atasının bu sözlərini eşidən məclis əhli gülüşür. Lakin Cabbar Qaryağdıoğlu qızın atasının pərt olduğunu nəzərə alıb dillənir:
- Yaxşı, iş ki belə oldu, gəlini məclisə çağırın, mən də onu görüb tərif edim.
Cabbarın bu sözündən qızın adamları hiddətlənirlər.
- Belə adət yoxdur ki, qızı məclisə dəvət edəsən, - deyən qızın atası da əsəbləşir.
Bu zaman özünü saxlaya bilməyən tarzan Qurban Pirimov narazı halda qızın atasına deyir:
- Əşi, başın xarabdır? Bu yazıq, qızı görməmiş, ona baxmamış nə təhər qızı tərif etsin?
Məsələni belə görən Cabbar Qaryağdıoğlu Qurbanı sakitləşdirib yenidən qızın atasına çox sakitcə, mülayim halda müraciət edir:
- Əmioğlu, heç eybi yoxdur. Onda qızın gözəllik nişanələrindən birini deyin, mən də ona mahnı qoşum.
Qızın atası dillənir ki, qızımın üzündə qoşa xalı var. Bunu eşidən Qaryağdıoğlu tərzanə müraciətlə:
- Qurban, tarı götür, dalımca gəl.
Qaryağdıoğlu bədahətən bu mahnını qoşur:
İrəvanda xal qalmadı,
O xal nə xaldı, üzə düzdürmüsən?
De görüm nə xaldır, qoşa düzdürmüsən?
Xal mənim,
Yar mənim,
İxtiyar mənim,
Xalqa nə borcdur üzə düzdürmüşəm?
Yarım deyibdir, qoşa düzdürmüşəm.
Mahnı məclis əhlini heyran edir. Qızın atası da razılıqla gülümsəyir. Hamı xanəndəni hərarətlə alqışlayır.
...Qaryağdıoğlunun dillər əzbəri olan bu mahnısı düz 80 ildən çoxdur xanəndələrimizin repertuarlarında yer tutmuşdur. Lakin təəssüf ki, müasir xanəndələr bu gözəl mahnını düzgün oxumurlar...”
Müəllifin bu sonuncu cümləsindən sonra məndə öncə əmələ gəlmiş maraq bir az da artdı. Ola bilsin ki, bu mahnı antologiyada göstərilmiş “ O xal nə xaldı” xalq mahnısına bənzər qoşulub bəstələnmiş və onun adı da “İrəvanda xal qalmadı” deyil, “İrəvanda xan qalmadı” olub.
“İrəvanda xan qalmadı” sözləri olan “O xal nə xaldı” xalq mahnısı, ehtimal ki, ruslar XIX əsrin əvvəllərində Qafqaza hücum edib,Qafqaz xalqlarını, o cümlədən İrəvan xanlığını işğal edib, Azərbaycan torpaqlarını tutandan sonra meydana gəlmişdir, yaranmışdır. Sonralar isə müğənnilərimizin ifasında, ola bilsin ki, siyasi və digər səbəblər (milli) özündən təhrif edilmiş və “İrəvanda xal qalmadı” adı ilə oxumağa başlanmışdır.
Bu barədə mütəxəssislərin, alimlərin, folklorşünasların, sənətşünasların, möhtərəm oxucuların fikrini bilmək maraqlı olardı.
...Bəlkə də haqqında söhbət apardığımız mahnılar, bir-birindən asılı olmayaraq, müxtəlif tarixlərdə və şəraitlərdə yaranıb...
Məxsusi bir deyim də var. Bu söhbətdə dahi sənətkarımız Cabbar Qaryağdıoğlu, Qurban Pirimov və başqalarının böyük sənətinə kölgə salmaq, şübhələnmək kimi fikirlərdən tamamilə uzağıq...
Bu barədə heç bir iddiamız yoxdur və ola da bilməz.
...nəticədə məqaləyə sözardı:
İrəvanda nə xan qaldı,
nə də xal,
İrəvanda nə insan qaldı,
nə də bir filan...
Faktinfo.az
Bu xəbər üçün şərh yazın