Xəzər dənizindən yeyilən milyonların və büdcədən gizlədilən pulların izi ilə – Qüdrət Qurbanovun gizli dosyesi

Xəzər dənizindən yeyilən milyonların və büdcədən gizlədilən pulların izi ilə – Qüdrət Qurbanovun gizli dosyesi 

Bu günə qədər Azərbaycanda bir çox məmurların biznes şəbəkələri ilə bağlı mətbuatda ciddi informasiyalar yayımlanıb.

Bu məmurlar arasında "Bakı Lift İdarəsi” kimi gözə görünməyən, amma araşdırıldığı zaman ciddi qanun pozuntularının ortaya çıxdığı idarələri misal kimi göstərmək olar. Öz qızının 400 minlik toyu ilə gündəmə gələn sözügedən idarənin rəhbəri Qüdrət Şükürovun ailə biznesi və sərvəti bir anın içərisində mətbuatda faş edilərək hər kəsin təəccübünə səbəb oldu. Sən demə, bu kiçik idarənin içərisində milyonluq maxinasiyalar, dövlət əmlakının mənimsənilməsinə aid yüzlərlə fakt var imiş. Ancaq araşdırmalar göstərir ki, bu hadisələrdən öncə Qüdrət Şükürov barəsində müxtəlif mətbuat orqanlarında mədhiyyələr, təriflər yazılıb. Onun öz işinin peşəkarı olduğu və əvəzolunmaz bir məmur olduğu qeyd edilib. Zaman kiçik bir hadisə ilə hər şeyi ortaya çıxartdı.Azxeber.com-un apardığı bu dəfəki araşdırma, son günlər mətbuatda adı daha çox mədhiyyələrlə keçən məmurlardan olan Dövlət Dəniz Administrasiyasının (ARDDA) rəhbəri Qüdrət Qurbanovla bağlıdır. Apardığımız araşdırma zamanı müxtəlif agentliklərdə və saytlarda Qüdrət Qurbanovun qurumun "əvəzolunmaz kapitanı” kimi təqdim edilməsi haqqında kifayət qədər məlumat gözə dəydi. Bu nümunə keçmiş SSRİ-dəki kimi "şəxsiyyəti təriflə və öz ranqını hakimiyyətdə qoru” prinsipini yada salır.


Administrasiya daxilindəki mənbənin sözlərinə görə, bir ara mətbuatda milyonluq yeyintiləri və biznes şəbəkəsi haqqında yayılan xəbərlərdən narahat olan Qüdrət Qurbanov "qırmızı düymə”yə basmaq qərarına gəlib. O, situasiyadan çıxmaq üçün mətbuatda söz sahibi şəxslərə öz media işlərini həvalə edərək haqqında mədhiyyələr yazdırmağa başlayıb.


Buna səbəb həm də Xəzər Dəniz Gəmiçiliyin keçmiş rəhəbəri Aydın Bəşirovun milyonluq yeyintiləri və bu yeyintilərin davamlı şəkildə mətbuatda işıqlandırılmasından sonra "vurulması"ndan doğan qorxu olub. Sonuncu ilə eyni taleyi gələcəkdə bölüşmək istəməyən Q.Qurbanov medianın imkanlarından yararlanmağa üstünlük verib. Bu iş üçün həm də administrasiyanın "ardda.gov.az” saytının imkanları artırılıb və burada "şəffaflığın imitasiyası” yaradılıb.


Belə ki, saytda yerləşdirilən gəmilərin təmiri və bu təmirlə bağlı dövlət büdcəsindən ayrılan vəsaitlərin heç biri haqqında bircə məlumat belə yoxdur. Saytın manşetində yalnız gəmilərin adları və alındığı zavodların adları qeyd edilib. Gəmilərin təchizatının yenilənməsi və bu istiqamətdə xərclənən vəsaitlərin hansı kriteriyalara görə verilməsi ilə bağlı izə rast gəlmək mümkünsüzdür.


Bundan başqa administrasiyanın əsas gəlir mənbələrindən biri hesab olunan sertifikatların verilməsi haqqında bölmədə sertifikat verilən gəmi agentlikləri ilə bağlı məlumatlar qeyd olunsa da, sertifikatı ləğv edilmiş gəmi agentliklərinin adı yoxdur. Hansı səbəbdən bu məlumatların gizlədilməsi cavabsız qalan suallardan biridir.


Administrasiyanın əsas xərclərindən birini təşkil edən yanacaq təchizatı ilə bağlı da məlumatlarda kasadlıq gözə dəyir. Saytda yalnız podratçı iki şirkət "Azpetrol. LTD” MMC və "Monolit-D LTD” MMC-nin adı qeyd olunub. Bu şirkətlərdən hansı səbəbə yanacağın alınması və ümumilikdə il ərzində administrasiyanın nə qədər yanacaq təchizatına xərc çəkməsi ilə bağlı məlumatlara rast gəlmək mümkün deyil.


Araşdırma nəticəsində yuxarıda qeyd etdiyimiz kimi, saytda başdan-ayağa "şəffavlığın imitasiyası"nı görmək mümkündür. Burada əldə tutula biləcək və informasiya şəffavlığını təmin edəcək önəmli heç bir məlumat yoxdur.


Qüdrət Qurbanovun administrasiyadakı fəaliyyətinin görünən və görünməyən tərəfləri ilə Hesablama Palatası məşğul olsun, biz keçək araşdırmamızın cavabsız qalan suallarına.


Post-neft dövrününbaşlanması ilə bağlı dövlət başçısının çıxışlarından sonra dövlətin öz əlavə yüklərindən azad olması və yeni gəlir mənbələri üçün "start” düyməsinə basması ARDDA-dan görünür hələki yan keçir. Maraqlıdır, hava və quru nəqliyyat növləri kimi su nəqliyyatının da dünyada əsas gəlir gətirən sahə olduğunu nəzərə alsaq niyə Azərbaycanda bu sahə hələ də inkişafdan qalıb və qısırlaşdırılıb? Və ya büdcəyə əsas gəlir gətirə biləcək dəniz ticarəti haqqında biz niyə ciddi uğurlardan danışa bilmirik? Niyə Azərbaycanda hansısa bir xarici investor bu sahəyə yatırım ayırmaq istəmir? Baxmayaraq ki, burada Xəzər dənizi kimi üstü də, altı da qızıl olan böyük bir sərvətdən danışılır. 


Bütün bu suallar post-neft dönəmində Qüdrət Qurbanova veriləcək əsas suallar siyahısındadır.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi