«Ya verdiyimiz pul qaytarılsın, ya da evimiz…» –Məhkəmədə icra başçısının müavini Şahmar İbadova "cinayətkarsan!" dedilər
– İstənilən vaxt icra başçısının da, müavinlərinin də qəbuluna düşmək olar. Rayon icra hakimiyyətinin qapıları həmişə vətəndaşların üzünə açıq olub.
– Yalansa, bütün qapılar üzünüzə bağlansın…
Bu dialoq Bakı Ağır Cinayətlər Məhkəməsində Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovla gözdən əlillər üçün tikilən binada ev almaqdan ötrü pul verib növbəyə dayanmış vətəndaşlar arasında olub.
Nərimanov rayonu, Faiq Yusifov küçəsi-196 ünvanında inşa olunan binadan ev almaq vədiylə adamlardan 50-60 min manat arası pul alınıb. Onlara Nərimanov Rayon İcra Hakimiyyətinin mənzil növbəsinə götürülmələri barədə sərəncamı verilib. 2015-ci ilin dekabrında bina istifadəyə veriləndə onlar aldadıldıqlarını başa düşüb şikayət etməyə başlayıblar. Bu yolla aldananların sayı 177 nəfərdir. Bu şəxslər əlillər üçün binadan ev almaq məqsədilə rüşvət verdiklərinə görə zərərçəkmiş yox, şahid qismində tanınıblar.
Bu cinayət işi üzrə üç nəfər cinayət məsuliyyətinə cəlb olunub – Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev, bu qurumun əməkdaşı Hikmət Şükürov və Nərimanov Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinə rəhbərlik etmiş Yoməddin Şıxəliyev. Onlar CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələriylə ittiham olunurlar. Onların ümumilikdə 6.5 milyon manatdan çox ziyan vurduğu iddia edilir.
İcra başçısının müavini Ş.İbadov məhkəmədə iddia edib ki, növbəyə götürülmə barədə sərəncamlar saxta olub, icra hakimiyyətinin bundan xəbəri olmayıb. Bu da ev almaqdan ötrü pul vermiş adamları qəzəbləndirib.
«İcra başçısının müavini olaraq, 177 ailənin çöldə qalmasından necə xəbərsiz ola bilərsiz? 177 ailə 4-5 nəfərdən hesablasaq, 800-900 nəfər eləyir. Bunlar axı icra hakimiyyətinin sərəncamıyla qeydiyyata götürülüb», – Musa Ağayev icra başçısının müavininə deyib.
Əksər suallara «xəbərim olmayıb», «hüquq şöbəsi məşğul olub» kimi cavablar verən Ş.İbadovun bu cavabı isə şahidləri özündən çıxarıb: «Bu qədər insanın arasında bir savadlısı yox idi ki, onları aldadıb saxta sənədləri verəndə gəlib icra hakimiyyətinin başçısının, müavinin qəbuluna düşüb məsələni dəqiqləşdirsin?».
Şahidlər də deyib ki, bəs o boyda icra hakimiyyətində bir savadlı adam yox idi ki, rayonda baş vermiş bu qalmaqaldan xəbəri olsun? Onlar bildirib ki, dəfələrlə icra hakimiyyətinə qəbula gediblər, amma qəbul edən, sənədlərinə baxan olmayıb. İddia ediblər ki, bütün bu məsələlərdən birbaşa Ş.İbadovun da xəbəri olub, prosesdə onun özü də iştirak edib.
Ş.İbadov isə təkzib edib: «Mənim ailəmin kənardan gəliri var. Bir adam deyə bilməz ki, icra hakimiyyətində işlədiyim müddətdə mənim otağıma gəlib bir quru qoz gətirib…».
Gülnar Qaraxanova deyir ki, onun ev növbəsinə qeydiyyata götürülməsi ilə bağlı iki sərəncam olub. Birincidə o, əlil kimi göstərilməyib. İkinci sərəncamda gözdən əlil olduğu qeyd edilib.
İcra başçısının müavini deyir ki, o sərəncamlar saxta olub, icra hakimiyyətinin onların verilməsindən xəbəri olmayıb. Onları Məzahir Nəsirov saxta üsullarla hazırlayıb.
«O sənədləri özümdən verməmişəm ki»
M.Nəsirov dəllal olub, ev almaq istəyən vətəndaşlar, icra hakimiyyəti və Gözdən Əlillər Cəmiyyəti arasında vasitəçilik edib. Hazırda Almaniyada sığınacaq alıb yaşayan M.Nəsirovun İnterpol xəttilə axtarışa verildiyi bildirilir.
«Hamımız Məzahiri icra hakimiyyətinin adamı kimi tanımışıq. Necə olur dələduz dəllal bütün günü icra hakimiyyətində idi? Biz onu həmişə orada görmüşük. Mən heç vaxt icra hakimiyyətində qəbula düşə bilməmişəm. Mənə verilən sərəncamda icra hakimiyyətinin möhürü var, sənədi verən Firdovsi də icra hakimiyyətinin əməkdaşıdır. Hazırda da hüquq şöbəsinin müdiridir», – G.Qaraxanova belə deyib.
İcra başçısı müavinin gülümsəməsinə əsəbiləşən Bədəl Qasımov ona «birbaşa cinayətkar sizsiniz» deyib: «Bizi bu vəziyyətə salmısız, utanmadan gülürsünüz də…».
Ş.İbadov B.Qasımovun «tərbiyəsiz adam» olduğunu bildirib: «İcazə verin, onun iç üzünü açım…».
Nəticədə məhkəmədə tərəflər arasında gərginlik yaşanıb. Hakim B.Qasımova xəbərdarlıq edib.
Təqsirləndirilən şəxslərdən icra hakimiyyətinin hüquq şöbəsinin sabiq müdiri Y.Şıxəliyev Ş.İbadovun bütün məsuliyyəti onun üzərinə atmasına etiraz edib: «Mən o sənədləri özümdən verməmişəm, icra hakimiyyəti tərəfindən verilib».
Hakim məhkəmə iclasının sonunda zərərçəkənlərdən soruşub ki, bu məsələ ilə əlaqədar icra hakimiyyətindən şikayəti olan var? Hamı ayağa qalxaraq deyib ki, şikayət və tələbləri icra hakimiyyətinə qarşıdır: «Ya verdiyimiz pul qaytarılsın, ya da evimiz…».
(Azadlıq radiosu)
Bu xəbər üçün şərh yazın