“YANĞIN İŞİ”NİN ƏSAS FİQURANTI AZADLIQDA! – Miryusif Mahmudov 8 il həbs cəzası almışdı…
2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş, 15 nəfər ölümü, 50 nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsinə görə açılmış cinayət işi çərçivəsində həbs olunmuş baş fiqurant – “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu azadlığa çıxıb.
Bu barədə “AzPolitika.info”ya məlumatlı mənbə xəbər verib.
Məlumatda məhkəmənin qərarı ilə 8 il azadlıqdan məhrum edilmiş Miryusif Mahmudovun bir neçə gün öncə “üçdə birlə” azadlığa çıxdığı bildirilir.
Xatırladaq ki, sözügedən faciə ilə bağlı həbs olunanların arasında ən ağır cəza Miryusif Mahmudova kəsilmişdi. Belə ki, binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov (eləcə də digərləri-müəl.) qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına, qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqda ittiham olunaraq, barəsində 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələrilə 8 il azadlıqdan məhrum edilmişdi.
Miryusif Mahmudov isə özünü təqsirli bilməyərək, hadisənin qəsdən törədildiyini bildirmişdi. O, qeyd etmişdi ki, keyfiyyətsiz məhsul istehsal etmək niyyətində olsaydı, şirkəti öz adına deyil, başqa şəxslərin adına təsis edərdi: “Hadisə baş verən gün günorta yanan binanın qarşısına gəldim. Sonra səhhətim pisləşdi. Yanğın heç vaxt bu şəkildə ola bilməzdi. Yanğın baş verən vaxt mənə xəbər etdilər ki, MTN-dən ofisimizə yoxlama gəlib. Mən dərhal ofisə qayıtdım və gördüm ki, 29 MTN işçisi şirkəti yoxlamağa gəlib. Məni idarəyə dəvət etdilər. Orda ifadəmi aldıqdan sonra prokurorluğa apardılar. Bir az əvvələ qayıtmaq istəyirəm. 2012-ci ildə MTN “Texnikabank”da əməliyyat keçirdi və bizim oradakı bank hesabımızı öyrəndikdən sonra bizə qarşı təqiblər başladı. Bizi MTN-ə dəvət etdilər. 2014-cü ildə mən qəti şəkildə telefonlarımın dinləndiyinə və avtomobilimin izləndiyinə əmin oldum”.
O, Binəqədidəki yanğının təxribat olduğunu deyib: “Mən demirəm ki, bu hadisəni sabiq Milli Təhlükəsizlik Nazirliyi edib, sadəcə, başıma gələnləri danışıram…“
Bununla belə, məhkəmə onu təqsirli bilərək, barəsində 8 il azadlıqdan məhrumetmə cəzası kəsdi. Ancaq ictimaiyyəti bu işdə əsas günahkarın Miryusif Mahmudov olduğuna inandırmaq mümkün olmadı. Hər halda nə binanın tez alışan “poliuretan” məmulatı ilə üzlənməsinin sifarişini verən, nə də yanğının baş verməsinin günahkarı Miryusif Mahmudov deyildi. Miryusif Mahmudovun şirkəti olmasaydı, binanı bir başqa şirkətə, ucuz başa gəlsin deyə, “poliuretan” məmulatı ilə üzlətdirəcəkdilər.
Ona görə də, 15 nəfərin ölümünə görə məsuliyyətə ilk növbədə məhz binaları “poliuretan” məmulatı ilə üzləməyi sifariş edənlər və buna icazə verən qurumların rəhbərləri cəlb edilməli idi. Ancaq bir çox hallarda olduğu kimi, bu hadisənin də əsas günahkarları “təmiz” qalmağı bacardılar…
Bu xəbər üçün şərh yazın