YAP Müstəqil Azərbaycan Respublikasının tarixində əbədi mayak olaraq qalacaq -Aqiyə Naxçıvanlı
Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı millət vəkili seçildiyi 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. Tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsi və vətən uğrunda şəhid olmuş oğullarımızın xatirəsinə ucaldılmış abidə kompleksini ziyarətlə başlayıb.
Oğuz Rayon Mədəniyyət Mərkəzində YAP fəalları Dövlət Himnini qürurla oxuyub, Partiyanın yaradıcısı Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Faktinfo.az xəbər verir ki,tədbirdə çıxış edən Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı partiyanın 30 illik zəngin tarixindən, şərəfli inkişaf yolundan, əldə etdiyi uğurlardan geniş söhbət açıb. O, çıxışında Partiyanın iqtidarda olduğu dövrdə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinın daha da möhkəmlənməsi, torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin güclənməsini qeyd edib. Deputat :“Bütün bunların nəticəsidir ki, Azərbaycan dövləti və onun vətəndaşı sosial və iqtisadi cəhətdən daha güclü, daha özgüvənlidir.Yeni Azərbaycan Partiyası təsis olunduğu gündən xalqın inam və etimadını ən yüksək səviyyədə doğrultmuşdur.Bu gün Ulu öndərin layiqli davamçısı,Yeni Azərbaycan Partiyasının sədri, möhtərəm İlham Əliyev cənablarının həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq paytaxt və bölgələrdə abadlıq və quruculuq işləri sürətlə davam etdirilir.
O cümlədən mənfur düşmənin viran qoyduğu işğaldan azad edilmiş ərazilərimiz müasir şəkildə yenidən qurulur, prezidentin rəhbərliyi ilə müstəqil Azərbaycan dünyada nüfuzlu və güclü dövlətlərdən birinə çevrilir.Bütün bunların başlıca səbəbi Yeni Azərbaycan Partiyasının möhtəşəmliyi, xalq-iqtidar birliyinin bariz təzahürü, partiyanın milli maraqlardan çıxış etməsidir.Prezident İlham Əliyevin hakimiyyəti dövründə müstəqil Azərbaycan Respublikası dünyanın ən sabit və inkişaf edən ölkələrindən birinə çevrilib.Azərbaycanın haqq səsinin beynəlxalq aləmə çatdırılması,ölkəmizlə bağlı tarixi həqiqətlərin ən mötəbər səviyyədə qəbul etdirilməsi İlham Əliyevin və rəhbəri olduğu partiyanın uğuru,siyas-diplomatik gedişlərinin məntiqi nəticəsidir.
Son illər Müzəffər Azərbaycan Ordusunun gücünü 44 günlük döyüşlərdə gördük.Azərbaycanın uzun illər apardığı danışıqlara,diplomatik səylərə baxmayaraq 30 ildir işğal altında olan torpaqlarımız Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün müddətində mənfur düşməndən azad edildi.
Artıq xalqımız böyük Zəfərin sevincini yaşayır,30 il ayaq basa bilmədiyimiz,üzünə həsrət qaldığımız tarixi torpaqlarımızda Azərbaycan Bayrağı dalğalanır. Möhtərəm cənab Prezidentimiz İlham Əliyevlə qazanılan hər bir uğur bizi hədsiz sevindirir, gələcəyə ruhlandırır.İnanırıq ki, Prezidentimizin rəhbərliyi ilə müstəqil Azərbaycan dövləti və xalqımız bundan sonra da tarixinin ən şanlı səhifələrini yazacaqdır. Yeni Azərbaycan Partiyası isə Müstəqil Azərbaycan Respublikasının tarixində əbədi mayak olaraq qalacaqdır! “ –deyə Aqiyə Naxçıvanlı çıxışına yekun vurub.
FAKTİNFO.AZ
Bu xəbər üçün şərh yazın