Zəngəzur əlimizdən belə alındı - Prezident

Zəngəzur əlimizdən belə alındı - Prezident 

Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayandan bir neçə ay sonra Zəngəzur da bizim əlimizdən alındı.

 Bu tarixi də hər kəs bilməlidir, 1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan tarixi diyarımız Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana verildi. Bu, xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizlik idi. Çünki Zəngəzurun şərqində də, qərbində də Azərbaycan xalqı əsrlər boyu yaşamışdır və indiki Ermənistan ərazisində olan Qərbi Zəngəzurun bütün toponimləri, bütün kəndlərin milli tərkibi Azərbaycan xalqına məxsus idi.

Bu barədə Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən bildirib.

"Müasir Azərbaycan müstəqilliyə qovuşandan sonra da vəziyyət təxminən eyni idi. Çünki iki il ərzində - 1991-ci ilin oktyabrından 1993-cü ilə qədər Ermənistan Azərbaycana qarşı növbəti təcavüz etmişdir və müstəqillik elan olunandan dörd ay sonra Ermənistan dövləti xalqımıza qarşı Xocalı soyqırımını törətmişdir. Ondan üç ay keçəndən sonra Şuşa işğal olundu, Laçın işğal olundu və 1993-cü ilin aprelində Kəlbəcər işğal olundu. Beləliklə, Ermənistanla Qarabağ arasında canlı bağlantı yaradıldı.

Biz 1993-cü ildə də eyni vəziyyətlə üzləşə bilərdik. Yəni, müstəqilliyimiz faktiki olaraq böyük təhlükə altında idi, sözdə var idi, amma de-fakto yox idi. Çünki Azərbaycan müstəqil siyasət apara bilmirdi. Müstəqillik, əsl müstəqillik məhz odur ki, sən müstəqil siyasət apara bilirsən, yoxsa yox. Əks təqdirdə bu, sadəcə olaraq, şərti xarakter daşıyır.

1993-cü ildən başlayaraq xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət edəndən sonra əsl müstəqillik həyatımız başlamışdır. Bu gün burada olmağımız, Ağalı kəndinin açılışında iştirak etməyimiz məhz müstəqilliyimizin möhkəmlənməsinə bağlıdır. Nə XX əsrin əvvəllərində, nə də sonlarında müstəqilliyimiz möhkəm olmamışdır. Ona görə xalqımız böyük faciələrlə üzləşmişdi. Həm Şərqi Zəngəzur, həm Qarabağ işğala məruz qaldı. Ovaxtkı hakimiyyət torpaqlarımızı qoruya bilmədi. Ancaq bu gün müstəqilliyimiz möhkəmdir və bunun nəticəsində biz İkinci Qarabağ müharibəsində Qələbə qazandıq, tarixi Qələbə qazandıq. Bunun nəticəsində düşməni diz çökdürdük və bunun nəticəsində bu gün biz buradayıq", - dövlət başçısı bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi