Zeynəb Xanlarova Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb: "Xəstə yatanda məndən xahiş etdi ki,.."
"Mənə SSRİ xalq artisti adı veriləndə xəbərim yox idi. Bağda idim. Mərkəzi Komitədən evə gəldilər, dedilər ki, Heydər Əliyev sizinlə danışacaq, evdə olun".
Azpost.info bildirir ki, bu sözləri SSRİ xalq artisti Zeynəb Xanlarova mərhum prezident Heydər Əliyev haqqında xatirələrini bölüşərkən deyib.
Z.Xanlarovanın sözlərinə görə, Mərkəzi Komitə əməkdaşlarının bağa gəlməsi onu təəccübləndirib: “Mənim təcili olaraq Bakıya qayıtmağımı xahiş etdilər. Dedilər ki, Heydər Əliyev səninlə telefonla danışacaq. Şəhərə evə gəldim, özüm də çox həyəcanlı idim. Fikirləşirdim, görəsən, uzaq ölkədən nəyə görə mənə zəng vuracaq. Telefon zəng çaldı. Ürəyim yerindən oynadı. Telefonda Zərifə xanımın səsi eşidildi. Allah ona qəni-qəni rəhmət etsin. Hal-əhval tutduqdan sonra dedi ki, indi qardaşın səninlə danışacaq. Bir də gördüm Onun səsi eşidildi: “Zeynəb, necəsən? Eşitdim bağdasan? Anan necədir?”. Dedim: “Gecə-gündüz sizə dua edirik”. Dedi: Bilirsən, sənə niyə zəng etmişəm?”. Dedim ki, yox, bilmirəm. Dedi ki, “səni ürəkdən təbrik edirəm. Sənə mənim təqdimatımla SSRİ xalq artisti fəxri adı verilib”.
Z.Xanlarova deyib ki, 1987-ci ildə Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Siyasi bürodan istefa verdikdən sonra Moskvada onu ziyarət edib: “Xəstə yatırdı. Onun yanına getdim. Dedi “Zeynəb, mən səni görəndə elə bil Azərbaycanı, öz xalqımı görürəm”. Mən qastroldan qayıtmışdım. Heydər Əliyev soruşdu ki, orada Azərbaycan haqqında mahnı oxudunmu? Dedim oxudum. Məndən “Azərbaycan maralı” mahnısından bir bənd oxumağı xahiş etdi. Oxudum. Oxumağıma peşman oldum. Qəhərləndi. Dedi ki, “sən Azərbaycan deyəndə mənim gözlərimin qarşısında xalqım, oranın dağları, meşələri, şəlalələri gəlir. Sən məni kövrəltdin. Azərbaycanı bura gətirdin…”
Zeynəb Xanlarova daha sonra Heydər Əliyev ona çoxdan oxuduğu bir mahnını xatırladıb və oxumağını xahiş edib: “Dedi “konsertlərdə o mahnını niyə oxumursan? Çox gözəl mahnıdır, onu oxu…”. Mən o mahnını çoxdan oxumuşdum. “Arazı ayırdılar, qum ilə doyurdurlar. Mən səndən ayırlmazdım, zülm ilə ayırdılar”.
Bu xəbər üçün şərh yazın