
10 ildir avtomobilsiz gəzən icra başçısı və...- Lüks maşınlar, bahalı geyimlər...
“Sözsüz ki, birinci növbədə vətəndaşın məmnunluğu təmin olunmalıdır”.
Bu sözləri Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu günlərdə yerli mediaya verdiyi açıqlamada bildirib.
O bildirib ki, qapısı hər bir vətəndaşın üzünə açıqdır: “Burada vətəndaşın icra hakimiyyətinə gəlməsinə ehtiyac yoxdur. Mən hər zaman vətəndaşların arasındayam. Ümumiyyətlə, 10 ilə yaxındır ki, avtomobildən istifadə etmirəm. Məqsəd odur ki, vətəndaş icra başçısına rahat yaxınlaşsın, öz sözünü desin, problemlərini çatdırsın”.
Maraqlıdır ki, son illərdə müxtəlif media orqanlarında R. Babaşov və onun ailə üzvləri barəsində yayılan məlumatlar təvazökarlıqdan tamamilə uzaq olub. Belə ki, R. Babaşovla bağlı yerli mediada bahalı avtomobilləri və yüksək qiymətli şəxsi əşyaları ilə bağlı çoxsaylı məlumatlar dərc olunub.

Məsələn, vaxtilə yayılan görüntülərdə R. Babaşovun öz adına qeydiyyatda olan, 99-FF-099 dövlət qeydiyyat nişanlı və təxminən 250 min manat dəyərində olduğu bildirilən "Range Rover" markalı avtomobildən istifadə etdiyi, yəqin ki, heç kimə sirr deyil.
Bununla yanaşı, müxtəlif media orqanlarında R. Babaşovun oğlu Elşən Babaşovun da təxminən 275 min ABŞ dolları (təxminən 450 min manat) dəyərində olduğu bildirilən "Mercedes-Benz G 63 AMG" markalı avtomobildən istifadə etdiyi barədə xəbərlər dərc edilib. İddialara görə, sözügedən avtomobil də onun adına rəsmiləşdirilib.

Mediada Rəcəb Babaşovun geyindiyi bahalı brend məhsulları ilə bağlı da araşdırmalar yayımlanıb. Məsələn, ötən illərdə icra başçısının sərhəd kəndlərinə səfəri zamanı geyindiyi "Ermenegildo Zegna" markalı dublyonkanın satış qiyməti 1 010 ABŞ dolları, endirimli qiyməti isə 506 ABŞ dolları təşkil edib. Elə həmin görüşdə onun ayaqqabısının "Loro Piana" brendinə məxsus olduğu və qiymətinin təxminən 1 350 ABŞ dolları olduğu iddia edilirdi.

Eyni zamanda, R. Babaşovun müxtəlif tədbirlərdə "Bvlgari" markalı bahalı saat taxdığı, bir müddət əvvəl isə təxminən 8 500 manat (5 000 ABŞ dolları) dəyərində olduğu bildirilən "Vertu" mobil telefonundan istifadə etməsi ilə bağlı xəbərlər də gündəmə gəlib.
E. Bəyməmmədli
AzPolitika.info












Bu xəbər üçün şərh yazın