Akademikin seçiciləri ilə görüşləri davam edir
Akademik İsa Həbibbəyli 24 yanvar 2020-ci il tarixdən başlayaraq seçiciləri ilə görüşlərə başlayıb.
O,əvvəlcə Naxçıvan Muxtar Respublikası Şərur rayon Siyaqut kənd tam orta məktəbinin pedoqoji kollektivi və digər idarə-müəssisə nümayəndələri ilə görüş keçirib.
Faktinfo.az-a namizədin seçki qərargahından verilən məlumata görə,tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Şərur rayon Təşkilatının sədri Əmr Babayev açaraq İsa Həbibbəylinin həyat və yaradıcılığı haqqında geniş və mükəmməl məlumat verib. Daha sonra söz Milli Məclisə namizəd , AMEA-ın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun direktoru Akademik İsa Həbibbəyliyə verilib. İsa Həbibbəyli bildirib ki, Ulu Öndər Heydər Əliyev 1969-cu ildən başlayaraq Azərbaycanda təhsil müəssisələrinin yenilənməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsilin keyfiyyətinə şəxsən özü nəzarət edirdi. Eyni zamanda o, təhsilə münasibətin hələ 60-cı illərdən müsbət mənada dəyişdiyini,Ali Baş Komandan, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Azərbaycan Respublikası birinci vitse-prezidenti Mehriban Əliyevanın Azərbaycan təhsilinə diqqət və qayğısının son illərdə ən yüksək səviyyəyə çatdığını qeyd edib.
Akademik həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri hörmətli Vasif Talıbovun da Muxtar Respublikanın bütün sahələrdə olduğu kimi, təhsilin inkişafında da misilsiz tədbirlər həyata keçirdiyini vurğulayıb.Hal-hazırda Muxtar Respublikanın demək olar ki, yenidən qurulmuş və ya əsaslı şəkildə təmir olunmuş bütün məktəblərinin maddi texniki bazası müasir informasiya və komnikasiya avadanlıqları ilə təchiz olunub.
Daha sonra söz Siyaqut kənd tam orta məktəbinin direktoru Murad Bayramova verilib. O, ilk öncə, İsa Həbibbəylini özü və müəllim kollektivi adından salamlayaraq akademikin məktəbə, onlarla görüşə gəlməsindən böyük şərəf duyduğunu qeyd edib. Sonra Murad Bayramov çıxışını davam etdirərək deyib: “ İsa müəllim, vaxtı ilə mən də Naxçıvan Dövlət Universitetinin tələbəsi olmuşam. Mənim və bütün tələbə yoldaşlarımın üzərində mənəvi haqqınız çoxdur. Xahiş edirəm ürək sözlərimi səmimi qəbul edəsiniz. Azərbaycan elmi və təhslinin inkişafında bundan sonra da böyük zirvələr fəth edəcəyinizə ürəkdən inanırıq. Elmimizin inkişafında sizin xidmətləriniz həddən artıq böyükdür. Naxçıvan dövlət bayrağının tədqiq olunmasında böyük xidmətləriniz bizə gəlib çatanda çox sevindik. Biz yaxşı bilirik ki, gəncliyinizi böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin tədqiqinə sərf etmisiniz. Siz elmə təhsilə verdiyiniz tövhələrdən bəhrələndikcə biz hamımız iftixar hissi duyuruq”.
Tədbirdə Yeni Azərbaycan Partiyasının Siyaqut kənd Təşkilatının Sədri Çingiz Tağıyev və Siyaqut kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Matan Süleymanova da ürək sözlərini deyiblər.
Hazırda İsa Həbibbəyli seçiciləri ilə görüşlərini davam etdirir.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın