
İlham Əliyevdən Ukrayna müharibəsi ilə bağlı ədalətli açıqlama
Birincisi, Rusiya ilə Ukrayna arasında müharibə ilə bağlı mövqeyimizə gəldikdə, biz hər zaman Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və dəstəkləməkdə davam edəcəyik.
İşğaldan və öz ərazi bütövlüyünün pozulmasından əziyyət çəkmiş ölkə kimi, biz, əlbəttə, həmin vəziyyəti tam anlayırıq. Bir sözlə, kimdən soruşsanız, deyəcək: “Biz istəyirik ki, müharibə dərhal dayansın”. Bəli, biz də istəyirik.
Bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.
"Lakin əsas sual ondan ibarətdir ki, həmin atəşkəs, daha doğrusu, potensial atəşkəs və əgər belə demək olarsa, müvəqqəti atəşkəs dayanıqlı olacaqmı? İki açıq müharibədən keçmiş və onların arasında olan dövrü görmüş ölkə kimi deyə bilərəm ki, atəşkəs heç zaman müharibəni dayandırmır. Heç vaxt. Bizim məsələdə də bu, baş vermədi. Bu, ölkələrə, sadəcə, yenidən qruplaşmaq, səfərbər olunmaq və yenidən başlamaq üçün müvəqqəti fürsətdir. İkincisi, atəşkəs hansı mənada olacaq? O da vacibdir, çünki onun şərtləri müharibəni dayandırmaq arzusunda olanlar üçün çox vacibdir ki, onlar nə haqda danışıldığını aydın anlasınlar. Hamı deyir, mən istəyirəm müharibə dayansın. Bəli, gəlin bunu alqışlayaq. Bəs sonra necə? Dayandırmaq – hansı mənada? Yəni, topdan atəş, hava bombardmanı, snayper atəşi, təxribat qrupları olmayacaq? O, hansı mənada olacaq? Rusiya ilə Ukrayna qoşunları arasında təmas xətti bizimki ilə müqayisədə xeyli uzundur. Bəli, bu gün fərqli görünür. Bizə gəldikdə, təmas xətti Ermənistanın xeyli xeyrinə idi, çünki təbiətin relyefi onlara üstünlük verərək onları qoruyurdu və əslində, işğalı davam etdirməyə şərait yaradırdı. Üstəgəl, 26 illik atəşkəs dövründə, onlar bəzən beş, bəzən altı və hətta onqat səngər, tikanlı məftil və mina zolaqları kimi istehkam xətlərini yaratmışlar. Hər həftə mina partlayışına görə bizim itkilərimiz olur. Təxminən 400 şəxs minaya düşüb. Onlardan 70-dən çoxu həyatını itirib, qalanları ciddi bədən xəsarəti alıb. İnsanlar Ukraynada atəşkəs və ya sülh haqqında danışanda onlar qoşunlara nəzarət etməyin nə dərəcədə çətin olduğunu anlayırlarmı? Ukrayna və Rusiya ordularında nizam-intizam səviyyəsi nə yerdədir? Bilmirəm. Bəlkə də bilirəm, lakin şərh vermək istəmirəm. Azərbaycan Ordusunda nizam-intizam səviyyəsi yaxşı məlumdur. Biz Ali Baş Komandanın bircə əmri ilə Xankəndinin yaxınlığında dayandıq. Digər tərəfdən, həmin təmas xətti təhlükəsiz və etibarlı olacaqmı? Vasitəçi olmağı arzulayan dairələr həmin təmas xəttində beynəlxalq sülhməramlıları tələb edəcəklərmi? Onlar işğal illəri ərzində bunu bizdən tələb etdilər. Birləşmiş Ştatlar, Rusiya və Fransanın ümumi mesajlarından biri təmas xəttinə, belə demək olarsa, sülhməramlıların gətirilməsi idi. Bu, nə deməkdir? Bu o deməkdir ki, onlar bizdən işğal ilə barışmağı istəyirdilər. Əgər işğal olunmuş yerlərdə sülhməramlı təmas xəttinə gəlirsə, bu o deməkdir ki, siz öz ərazinizlə vidalaşmalısınız və ən azı, mən bildiyimə görə, heç bir ölkə ərazi bütövlüyü ilə güzəştə getməyi və sülh müqabilində özünün beynəlxalq səviyyədə tanınmış ərazisini qurban verməyi Ukraynadan gözləməyi razılaşmayacaq. Düşünürəm ki, bu, ədalətli və realist görünmür, çünki “gəlin müharibəni dayandıraq” kimi yaxşı sözləri söyləmək işin bir hissəsidir. Onun digər hissəsi, daha dərinə baxmaq və yaxın vaxtlarda müharibədən çıxmış ölkələrdən soruşmaq ki, dayanıqlı sülhü qurmaq üçün hansı razılaşmalar lazımdır? 1994-cü ilin mayından Ermənistanla atəşkəs olduqdan sonra müharibə heç zaman dayanmamışdır. Müxtəlif toqquşmalar olmuşdur. Daha sonra, 2016-cı ilin aprelində biz ermənilərə göstərdik ki, onlar ərazilərimizdən çıxmalıdır və biz genişmiqyaslı hərbi əməliyyatlara girmək istəmədik. Bu səbəbdən, o, cəmi üç gün çəkdi. Lakin biz onlara göstərdik ki, ərazilərimizi azad edə bilərik və kiçik də olsa azad etdik. Lakin onlar bundan dərs çıxarmadılar. Sonra isə digər bir neçə hadisə oldu. 26 il ərzində snayper müharibəsi heç zaman dayanmadı və hətta indi Ermənistan tərəfindən sərhədimizdə çoxsaylı atəşləri görə bilərsiniz və bizimkilər atəş açanda, bu, yalnız cavab atəşi olur. Ermənistan ordusunda nizam-intizam çox aşağıdır. Onlar orduda heç zaman xidmət keçməmiş şəxsləri və ya 30 il əvvəl xidmət keçmiş şəxsləri çağırırdılar. Mülki şəxslərdən ibarət yaraqlı qruplarını, veteran qruplarını yaradırdılar. Adi orduda xidmət keçməmiş şəxsləri cəlb edirdilər, çünki Ermənistanda insan ehtiyatları çatışmırdı. Bir sözlə, bütün bu suallar, əlbəttə ki, böyük mövzuya aiddir və bu haqda biz saatlarla danışa bilərik. Lakin əsas məsələ yenə də həll olunmasa, bunun nəticəsi olmayacaq. Şəxsən mən realist olaraq, yaxın gələcəkdə Ukrayna ilə Rusiya arasında sülh üçün hər hansı perspektivi görmürəm. Rusiya işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi bəyan edib. Onlar bundan necə geri çəkilə bilərlər? Ukrayna, o cümlədən bütün dünya həmin işğal olunmuş əraziləri Ukraynanın hissəsi hesab edir. Azərbaycan da onları Ukraynanın hissəsi hesab edir. Onda necə qurban verə bilər və deyə bilər ki, ərazilər Ukraynanın deyil? Əgər bu baş verərsə, onda belə çıxır ki, mən beynəlxalq siyasətdə nəyi isə başa düşmürəm. Əfsuslar olsun ki, müharibələr yekun kapitulyasiya aktı olanda bitir. Bizim Xorvatiyadan olan dostumuz qeyd etdiyi kimi, onlar öz ərazisini azad etdi, sərhədə çıxdı və dayandı. Biz də eyni addımı atdıq. Öz sərhədimizə çıxıb dayandıq. Real dünyada müharibə bu cür bitir", - Prezident əlavə edib.
Bu xəbər üçün şərh yazın