Alimin "qucağına verilən" bayram: - AMEA-da urvatsız "qənd-çay əməliyyatı”

Alimin "qucağına verilən" bayram: - AMEA-da urvatsız "qənd-çay əməliyyatı” 

Sosial şəbəkə alimlərə verilən bayram payı ilə “bayramlaşır”.

Əsl bayram hədiyyəsidir, deyilmi?

Alimlərin qucağına verilən o qutuların içində nə olduğunu bilmirəm, hər halda qənd-çay, makaron, olsa-olsa bir toyuq...

Bu qutulardan bayramlar ərəfəsində icra başçılarının əllərində çox görmüşük, içindəkiləri də az-çox təxmin edirik. Məşhur filmdə deyildiyi kimi, söhbət sosiskada deyil, söhbət “vnimatelni” olmaqdadır.

AMEA-nın Azad Həmkarlar İttifaqı və Fizika İnstitutunun Həmkarlar İttifaqı Komitəsi o qədər “vnimatelni” olub ki, qucaqdolusu şəkilləri çəkib boy-boy paylaşmağı da unutmayıb. Anlayırıq, qarşıdan Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü gəlir, bayramdır, bahalaşma var, sürfə açmaq alim üçün çətindir. Hər halda əməkhaqları bayramı istədikləri kimi qarşılamağa imkan vermir, amma bu, həm də ona imkan vermir ki, 100-ə yaxın alimi sosial şəbəkələrdə müzakirəyə çıxarasan, bəzən təəssüf və daha çox gülüş dolu şərhlərə məruz qoyasan.

Alimlərə də, başqa birilərinə də yardım etmək olar, lazımdır, Həmkarlar İttifaqının həm də borcudur. Amma görünür, “alimlər ocağında” etdiyini deməyin həm də ayıb olduğunu ya bilmirlər, ya da “unudublar”. Belə olmasaydı, Azərbaycan alimi adlandırılan şəxslərin qucağına bir qutu verib beləcə urvatsız yola salmazdılar.

O başqa mövzudur ki, o alimlər və umumilikdə AMEA-dakılar Azərbaycan elmi adına nə ediblər, hansi yeniliyə imza atıblar, dünyada demirəm, ölkəmizdə hansı ixtiranın müəllifidirlər. Hərçənd ki, bu, da az önəm daşımır, çünki adamların iş yeri olaraq AMEA göstərilir, o zaman onlara verilən həmin qənd-çayın hesabını da soruşmaq mümkündür.

Amma məsələ heç bunda da deyil. Məsələ mətbuata göndərilən press-relizdəki bu ifadələrdədir: “Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri əməkdaşlara ərzaq sovqatı paylamaqla yanaşı, onlarla maarifləndirici söhbətlər aparıb, əməkdaşları hər zaman vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıblar”.

Şəxsən mənə maraqlıdır, AMEA əməkdaşları məgər indiyə qədər Operativ Qərargahın tövsiyələrini oxumayıb və əməl etməyiblər? Yaxud cəmiyyəti həm də maarifləndirməli olan adamlarla maarifləndirici söhbət aparanlar özləri kimlər olub?

Əgər bu ölkədə alimin o qutuya və maariflənməyə ehtiyacı varsa, sözün bitdiyi yerdir.
/cebhe.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi