Avtomobil Yolları Dövlət Agentliyi:

Avtomobil Yolları Dövlət Agentliyi: "Samir Kərimovun qeyd etdiyi xüsusatlar əsassız və yersizdir"

Göyçay rayonu Çərəkə kənd sakini Kərimov Samir Adil oğlu tərəfindən Faktinfo.az-a göndərilən şikayət məktubu əsasında yayımlanmış "Saleh Məmmədovun himayə etdiyi "ATF" MMC milyonlar silir -Hüquq mühafizə orqanları rəhbərlərinə müraciət olundu" başlıqlı məqaləyə cavab olaraq , sayta Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi mövqeyini əks etdirən müraciət göndərilib.

Şikayətçi tərəfindən birbaşa agentlik və onun tabeli təşkilatlarının adı hallandırıldığı üçün, AYDA-nin rəsmi mövqeyinin olduğu kimi dərc olunmasının xahiş edildiyi müraciətdə deyilir.

Faktino.az-a göndərilən müraciəti olduğu kimi təqdim edirik:

Göyçay rayonunda yerləşən “ATF” MMC və 17 saylı Yol İstismar İdarəsinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi tərəfindən himayə olunduğu, həmin müəssisələr tərəfindən qanun pozuntularına yol verildiyi və vətəndaşım əmək hüquqlarının pozulduğu barədə Göyçay rayon sakini Kərimov Samir Adil oğlunun müxtəlif media resursların elektron poçtlarına ünvaladığı müraciəti ilə bildiririk ki, müraciətdə qeyd edilən xüsusatlar əsassız və həqiqətə uyğun deyildir.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan cəmiyyətlərin, o cümlədən Göyçay rayonunda yerləşən “17 №-li Yol İstismar” MMC-nin fəaliyyəti vaxtaşırı yoxlanılır və fəaliyyətin qanunvericiliyə uyğun həyata keçirilməsinə nəzarət edilir.

 

Müraciətdə adı göstərilən “ATF” Məhdud Məsuliyyətli Cəmiyyəti isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tabe qurum olmadığından həmin cəmiyyətin rəhbərliyinin fəaliyyəti ilə bağlı xüsusatların araşdırılması səlahiyyətlərimizə aid deyildir.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkənin avtomobil yolu təsərrüfatı sahəsində müvafiq infrastrukturun inkişafı ilə bağlı işləri yerinə yetirən qurumdur. Agentliyin bu sahədə fəaliyyətinə, həmçinin aparılan satınalma proseduruna aidiyyəti orqanlar tərəfindən dövlət nəzarəti həyata keçirilir və bu günə qədər bununla bağlı hər hansı bir qanunazidd əməllərə yol verilməsi faktı müəyyən edilməmişdir.

 

Lakin daxil olmuş müraciətdə yol tikintisi sahəsində hər hansı bir mütəxəssis rəyinə əsaslanmadan avtomobil yollarının çəkilişində, tikinti işlərinin həyata keçirilməsi üçün müəssisələrin müəyyən edilməsində, həmçinin təmir işləri ilə əlaqədar maliyyə vəsaitinin təyinatı üzrə xərclənməsində  qanun pozuntusuna yol verildiyi barədə əsassız ittihamlar qeyd edilmişdir.

 

Bundan başqa qeyd edirik ki, vətəndaş Kərimov Samir Adil oğlu əmək hüquqlarının pozulduğu barədə rəsmi qayda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etməmişdir.

 

Sözügedən məsələ ilə bağlı Agentliyə müraciət daxil olsaydı, həmin müraciətə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müfaqi olaraq baxılaraq, nəticəsi barədə vətəndaşa məlumat verilməklə hüquqları izah olunardı.

 

Bununla belə nəzərinizə çatdırılır ki, “17 №-li Yol İstismar” MMC-də sürücü işləmiş  Kərimov Samir Adil oğlunun barəsində əmək və icra intizamını dəfələrlə pozduğuna, həmçinin üzrsüz səbəbdən işə çıxmadığına görə əmək qanunvericiliyinin tələblərinə uyğun tərtib edilmiş sənədlər əsasında intizam tənbehi tədbirlərinin görüldüyü, lakin vətəndaşın bunlardan nəticə çıxarmayaraq əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozulması hallarını davam etdirdiyinə görə cəmiyyətin müvafiq əmri ilə əmək müqaviləsinə xitam verilmişdir.

 

Kərimov Samir Adil oğlunun işlədiyi müddətdə əmək məzuniyyətindən tam olaraq istifadə etdiyindən və əməkhaqqısı vaxtlı-vaxtında ödənildiyindən vətəndaş qarşısında “17 №-li Yol İstismar” MMC-nin maliyyə öhdəliyi qalmamışdır.

FAKTİNFO.AZ

 

 


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər