Azərbaycan qazı Avropanı isitməyə başlayır

Azərbaycan qazı Avropanı isitməyə başlayır – Rusiya narahatdır, Türkmənistana imkan verilməyəcək

Trans-Anadolu boru kəməri – TANAP – bu il noyabrın 30-da tam gücü ilə işə düşəcək.

Bu, Azərbaycan qazını Xəzər yataqlarından Türkiyə və Avropaya çatdırmaq üçün inşa edilən Cənubi Qaz Dəhlizi layihəsinin (CQD) bir hissəsidir. Bu barədə Yelena Qosteva “Qazeta.ru” saytında yazır.

3500 kilometr uzunluğa malik CQD Bakı yaxınlığındakı yataqlardan İtaliyanın cənubuna qədər uzanacaq. Qaz 1,2 trilyon kub metr ehtiyata malik nəhəng “Şahdəniz” yatağından tədarük ediləcək. Layihənin dəyəri təxminən 40 milyard dollar qiymətləndirilir.

CQD üç hissədən ibarətdir: Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyə sərhədinədək uzanan Cənub Qafqaz qaz kəməri (South Caucasus Pipeline, SCP), Türkiyədən keçən Trans-Anadolu qaz kəməri (TANAP) və Yunanıstan, Albaniya və İtaliyadan keçən Trans-Adriatik qaz kəməri (TAP).

SCP 2006-cı ildə işə düşüb. TAP isə plana əsasən, 2020-ci ildə istismara veriləcək. Türkmənistanın CQD layihəsinə qoşulması ilə bağlı aktiv danışıqlar gedir.

Ali İqtisad Məktəbinin Analitik Araşdırmalar şöbəsinin rəhbəri Mixail Koqan deyir ki, Avropada bir çox siyasətçi “TANAP”-ın Avropa və Türkiyəyə yanacaq tədarükü sahəsində Rusiyanın “Qazprom” şirkətinə real rəqib olacağını düşünür.

Bununla yanaşı, “Gazeta.Ru” saytına müsahibə verən ekspertlər hesab edirlər ki, layihə hazırkı konfiqurasiyada “Qazprom”-a ciddi rəqabət yaratmayacaq.

“TANAP” boru kəmərinin Türkiyədən keçən hissəsinin gücü ildə cəmi 31 milyard kubmetr təşkil edir. İndi bu rəqəm 16 milyard kubmetrdir. Türkiyənin yalnız 6 milyard kub metr qaza ehtiyacı var. Yəni, bu yolla Avropa bazarına cəmi 10 milyard kubmetr çıxa bilər.

Bu zaman “Qazprom” ötən il Türkiyə də daxil olmaqla bütün istiqamətlər üzrə Avropaya ümumilikdə 200,8 milyard kub metr qaz tədarük edib.

Ekspertin fikrincə, Trans-Anadolu dəhlizi layihəsində nəql edilən qazın həcmi Azərbaycanın bu qazı tədarük etmək qabiliyyətindən asılı olacaq. Hal-hazırda ölkə Naxçıvan bölgəsini yanacaqla təmin etmək üçün İrandan qaz almağa məcburdur.

Bundan əlavə, Azərbaycan Gürcüstana yanacaq tədarükü ilə bağlı öhdəliklərini yerinə yetirmək üçün Türkmənistan və Rusiyadan qaz alır.

Koqanın fikrincə, CQD layihəsinin həqiqətən “Qazprom” şirkətinə təhlükə kəsb etməsi üçün layihənin bütün mərhələləri həyata keçirilməli, həmçinin Türkmənistan resursu Azərbaycan qazına əlavə edilməlidir. Bu da layihənin buraxıcılıq qabiliyyətini ildə 60 milyard kub metrə çatdıracaq.

Beləliklə, Türkmənistanın layihəyə qoşulması CQD tərəfdən Rusiya üçün əsas təhlükədir.

Lakin Türkmənistanın Avropaya qaz tədarükünü necə həyata keçirəcəyi ilə bağlı hələlik birmənalı qərarı yoxdur. Xəzər dənizi ilə birbaşa Azərbaycana boru kəməri inşa etmək alınmayacaq. Rusiya və İran buna qarşı çıxır.

Koqan hesab edir ki, yaxın gələcəkdə rus qazının ən böyük rəqibi boru kəməri ilə tədarük edilən qaz deyil, ABŞ-ın Avropada satmağa çalışdığı maye təbii qaz (MTQ) olacaq.

“BKS Premyer” şirkətinin baş analitiki Sergey Suverovun sözlərinə görə, hələlik MTQ müqavilələr “Qazprom”-u çox narahat etmir. Çünki maye qazın ABŞ-dan tədarük xərci Rusiyadan boru kəməri ilə nəql edilən qazdan qat-qat baha başa gəlir. Lakin texnologiyalar inkişaf etdikcə, hasilat xərcləri də ucuzlaşacaq və 10 ildən sonra MTQ müqavilələr boru kəməri ilə daşınan qazı sıxışdırıb bazardan çıxara bilər.

/Tərcümə: Xarici pressa/

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər