Azərbaycan region ölkələrini sülh və inkişafa dəvət edir -

Azərbaycan region ölkələrini sülh və inkişafa dəvət edir - Kamaləddin Qafarov

“Bu gün Azərbaycan işğaldan azad olunmuş ərazilərdə gedən bərpa və quruculuq işlərinin dinamikası ilə dünyanın diqqətini cəlb edir.

 Möhtərəm Prezidentimiz İlham Əliyevin mütəmadi olaraq bölgələrə etdiyi səfərlər Azərbaycanda görülən bütün quruculuq və inkişaf tədbirlərinin ölkə rəhbərliyinin xüsusi diqqətində saxlandığını göstərir. Bu diqqətin sayəsində işğaldan azad edilmiş ərazilərimiz daha sürətlə bərpa olunur , eləcə də digər regionlarda həyata keçirilən dövlət proqramları səmərəli şəkildə icra edilir.”

Bu fikirləri mətbuata açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Kamaləddin Qafarov söyləyib.

Millət vəkili bildirib ki, avqustun 12-də Prezident İlham Əliyevin Ağsu və İsmayıllı rayonlarına səfəri çərçivəsində açılışında iştirak etdiyi obyektlər bu rayonların iqtisadi inkişafının daha da sürətlənməsində mühüm rol oynayacaqlar: “Dövlət başçısının regionlara hər səfərində yeni obyektlərin açılışında və yaxud təməlqoyma mərasimlərində iştirakı bir ənənə halını almışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin avqustun 12-də Ağsu və İsmayıllı rayonlarına etdiyi səfər də istisna olmadı. Səfər çərçivəsində dövlətimizin başçısı İsmayıllı rayonunda “Basqal Resort & Spa” otelinin, Ağsu şəhərindəki Bayraq meydanında Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib, “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə, həmçinin “Ağsu Aqropark” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə tanış olub. Təbii ki, hər bir yeni istifadəyə verilən müəssisə ilk növbədə yeni iş yerləri deməkdir, xüsusilə bölgələrdə işsizlik probleminin aradan qaldırılması istiqamətində irəliyə doğru atılmış bir addım kimi dəyərləndirilməlidir. Möhtərəm Prezidentimizin dediyi kimi, Azərbaycanın əhalisi getdikcə artır və deməli, yeni iş yerlərinə tələbat da artır. Buna görə də iş yerlərinin açılması prosesi Azərbaycanda daim aparılmalıdır. Azərbaycan dövləti həm xüsusi proqram və layihələrin icrası ilə, həm də özəl sektor üçün yaradılmış şərait nəticəsində yeni iş yerlərinin açılmasına böyük dəstək olur”.


K.Qafarov daha sonra deyib: “Ölkə Prezidenti cənab İlham Əliyevin Ağsu və İsmayıllı rayonlarına səfəri zamanı Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsi, hər zaman olduğu kimi, önəmli açıqlamalarla zəngin idi. Diqqəti cəlb edən əsas məqamlardan biri ölkənin ərzaq təhlükəsizliyi barədə dövlət başçısının ifadə etdiyi fikirlər oldu. Bu gün bütün dünyada ərzaq təhlükəsizliyi ilə bağlı çox böyük narahatlıq var. Bu vəziyyətin yaranmasına əsas səbəbi Rusiya-Ukrayna müharibəsidir. Məhz bu müharibə nəticəsində bir çox ölkələr hazırda öz əhalisini ərzaqlıq taxılla təmin edə bilmir. Bu ölkələr üçün ənənəvi olaraq taxılın əsas ixtracatçıları Rusiya və Ukrayna olublar, indi isə müharibə təchizatda çox böyük əngəllər törətmişdir. Təəssüflər olsun ki, Azərbaycan da hazırda özünü taxılla tam təmin edə bilmir. Bununla belə, dövlətimiz tərəfindən vaxtında görülmüş tədbirlər, əldə olunmuş razılaşmalar sayəsində hazırda Azərbaycanda Rusiyadan taxıl idxalı ilə bağlı heç bir problem yoxdur. Buna paralel olaraq ölkədə ərzaqlıq buğdanın istehsalının artırılması istiqamətində də gərəkli işlər görülür. Bu məqsədlə xüsusi proqram işlənib hazırlanıb, yeni növ subsidiyaların tətbiq edilməsinə start verilib və bunun nəticəsində yaxın bir neçə ildə ərzaqlıq buğdanın Azərbaycanda istehsalının kəskin artacağı gözlənilir.”


Millət vəkili Prezident İlham Əliyevin müsahibəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı yer alan fikirlərin mühüm siyasi əhəmiyyət kəsb etdiyini və faktiki olaraq bu fikirlərin dayanıqlı sülhə aparan yeganə yolun göstəricisi olduğunu qeyd edərək deyib: “Təəssüflər olsun ki, bu ayın əvvəlində baş verən hadisələr Ermənistanın hələ də Vətən müharibəsindən sonra yaranmış yeni regional reallıqları tam dərk edə bilmədiyini söyləməyə əsas verir. Bu ölkənin hakim dairələrinin nəyə və kimə güvəndiklərini, baş verə biləcək hansı dəyişikliklərə ümid etdiklərini qətiyyən anlamaq olmur. Zaman keçdikcə Qarabağda da, Şərqi Zəngəzurda da, bütün regionda da dəyişikliklər olacaq, bu, labüddür. Lakin bütün bu dəyişikliklər, Prezidentimizin dediyi kimi, yalnız Azərbaycanın xeyrinə olacaq. Əgər Ermənistan da bu yeniliklərdən faydalanmaq istəyirsə, bunun üçün mövcud olan yeganə yol Azərbaycanla sülh müqaviləsini mümkün qədər tez imzalamaq və münasibətləri normallaşdırmaqdır. Cərəyan edən hadisələr belə deməyə əsas verir ki, məhz Qarabağda yaşayan erməni əhalisi mövcud reallığı düzgün qiymətləndirməyə və qəbul etməyə daha yaxındır. Bunu dövlət başçımızın öz müsahibəsində qeyd etdiyi maraqlı bir faktdan da anlamaq olur. Yeni Laçın yolunun inşası prosesində son 6-7 ay ərzində həmin ərazidə Rusiyanın sülhməramlıları olmayıblar. Azərbaycanlı inşaatçılar oradakı kəndlərdə yaşayan yerli ermənilərlə təmasda olublar, hətta yerli sakinlərdən bəziləri gəlib işlərdə kömək də edirdi və təşəkkürünü bildirirdi ki, Azərbaycan dövləti belə keyfiyyətli yol tikir. Bu insanlar çox gözəl bilirlər ki, Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi yalnız Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Ermənistan isə birdəfəlik anlamalıdır ki, təxribatlardan əl çəkmədikcə, avqustun 3-də keçirilmiş “Qisas” əməliyyatının nəticəsində olduğu kimi, hər dəfə cəzalanacaq. Azərbaycan öz torpaqlarında istənilən əməliyyatı istənilən zaman apara bilər. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, bizim gücümüz də yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik. Azərbaycan sülhün və inkişafın tərəfdarıdır və bütün region ölkələrini də məhz bu yola dəvət edir”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər