Azərbaycan universitetlərindəki bu ixtisaslar gələcəkdə lazım olmayacaq - Ekspert SADALADI
Mühasib, pedaqoq, elektroqaynaqçı, aşpaz, qənnadıçı, tornaçı... Bu peşə sahiblərinə gələcəkdə tələbat daha çox olacaq. Rusiyalı tədqiqatçılar bu qənaətə gəliblər.
Maraqlıdır bəs, yaxın gələcəkdə sıradan çıxacaq, ehtiyac duyulmayan ixtisaslar hansılardır ?
Məsələ ilə bağlı Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov bu gün Texniki Universitetin, Memarlıq və İnşaat Universitetinin, Neft və Sənaye Universitetinin hazırladığı bir çox ixtisaslı kadrlara əmək bazarında ehtiyac olmadığını bildirib.
““Mexanika, Materialşünaslıq mühəndisliyi”, “Dağ-mədən mühəndisliyi”, “Meterologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi”, “Metallurgiya mühəndisliyi” , “Biotibbi texnologiya mühəndisliyi” kimi və bir-birinə iqtisadiyyat istiqamətində yaxın olan ixtisaslar öz əhəmiyyətin itirib yoxa çıxacaqlar. Düşünürəm ki, Azərbaycanda ixtisas seçimi məsələsində ölkə səviyyəsində araşdırma aparmalı və regionlara uyğun olan lazımlı ixtisaslar müəyyən edilməli dir. Hesab edirəm ki, universitetdə daha lazımlı ixtisasları yaradılmalıdır. Bir çox fakültələrdən məzun olan insanların sonrakı fəaliyyəti ilə bağlı analiz göstərir ki, 20-30 il ərzində oxuduqları ixtisaslar üzrə aldıqları təhsil bu gün və ya sabah lazımsız olur. Sovet dövründə iş yerinin çox olmasına baxmayaraq, bizdə neft ixtisasları populyar deyildi. Amma indi yüksək bal toplayanların yarıdan çoxu neft ixtisaslarını seçirlər. Bir vaxt bizdə populyar olmayan gömrük ixtisası da artıq dəbdədir. Eyni sözü İT mühəndisləri barədə də demək olar. Məsələn, Gəncə-Qazax, Qarabağ və Şirvan bölgəsi üçün regiona uyğun olaraq xalçaçılıq mütəxəsisləri, Şəki-İsmayıllı üçün ipəkçilik mütəxəssisləri yetişdirmək lazımdır. Düşünürəm ki, bu sahələr üzrə yetişdirilmiş gənc kadrlar bölgələrin iqtisadiyyatına böyük töhfələr verərlər. Bu ixtisaslar yenilənməli, müasir tələblərlə cavab verən ixtisaslar yaradılmalıdır”.
Kamran Əsədovun sözlərinə görə, bəzi ixtisaslar var ki, orada doğrudan da kollec məzunlarına ehtiyac yoxdur.
“Məsələn, riyaziyyat, xarici dillər, ibtidai sinif və ümumiyyətlə, bütün ixtisaslar üzrə müəllim ixtisasları var. Düşünürəm ki, müəllim ali təhsilli olmalıdır. Bu, dünya təcrübəsində də belədir. Məsələn, Finlandiya orta məktəblərində magistraturanı bitirənlər ancaq orta məktəblərdə müəllim etmək hüququ qazanırlar. Demək, zaman dəyişib, tələblər başqadır. Bir qayda olaraq oğlan abituriyentlər texniki və iqtisad, qız abituriyentlər isə humanitar ixtisaslara üstünlük verir. Dünyada belə bir tendensiya gedir, gələcəyin yeni ixtisasları formalaşır. Azərbaycanda gələcəyin ixtisasları nə ola bilər, bu haqda düşünən yoxdur. 20-30 ildən sonra bu gün mövcud olan bəzi ixtisaslar tamamən sıradan çıxacaq. Onun yerini isə başqa ixtisaslar alacaq. Ona görə də bunun araşdırması lazımdır ki, bizə 15-20 ildən sonra hansı ixtisaslara ehtiyac olacaq. Bu haqda düşünən yoxdur. Mən özüm də Azərbaycanın əmək bazarına hansı ixtisaslar lazım olacaq, onu bilmirəm. İstər elmdə, istərsə də kənd təsərrüfatında, iqtisadi həyatın bütün sahələrində, sosial həyatımızda dünya çapında gedən dəyişiklikləri izləyir və bilirik. Azərbaycanın əmək bazarına bu hansı dəyişikliklərlə təsir edəcək, 10-15 ildən sonra hansı ixtisaslara ehtiyac olacaq biz bunu müəyyənləşdirməli, bilməliyik ki, strateji planımız olsun. Təəssüf ki, bu istiqamətdə heç bir araşdırma və düşüncələr yoxdur. Bu gün bizim nəinki yaxşı mühəndisə, hətta yaxşı ustaya da ehiyacımız var. Ancaq diplom sahibinə yox, həqiqi mütəxəssisə. Bu təlabat getdikcə daha da artacaq”.
Bu xəbər üçün şərh yazın