"Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri Avrasiya qitəsi üçün də,çox böyük önəm daşıyır"

"Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri Avrasiya qitəsi üçün də,çox böyük önəm daşıyır" -Aqiyə Naxçıvanlı

"Məlum olduğu kimi, Azərbaycan özünün xarici əlaqələrinin istər müxtəlif beynəlxalq təsisatların tərkibində, istərsə də ayrı-ayrı ölkələrlə ikitərəfli və ya çoxtərəfli formatlarda inkişaf etdirilməsini hər zaman xüsusi diqqət mərkəzində saxlayır.

O cümlədən hazırda bir çox Avropa ölkələri ilə Azərbaycanın əlaqələri artıq strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir. Artıq uzun müddətdir ki, Azərbaycanla dostluq münasibətlərini saxlayan ölkələrdən biri də sözsüz ki, Macarıstandır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin cari ilin 30 yanvar tarixində Macarıstana rəsmi səfəri bunu bir daha təsdiqlədi. Dövlətimizin başçısı Budapeştdə mətbuata verdiyi bəyanatında da vurğuladı ki, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduqları beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstəyi daha da gücləndirəcəklər. Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Strateji tərəfdaşlığa dair imzalanmış sənədlər onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost ölkələrdir."

Faktinfo.az xəbər verir ki,bu sözləri mətbuata verdiyi açıqlamasında,Azərbaycan Prezidenti İlham Əliyevin  30 yanvar tarixində Macarıstana rəsmi səfəri çərçivəsində aparılan ikitərəfli danışıqlara münasibət bildirən Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.


Deputat qeyd edib ki,Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması faktının əhəmiyyətini vurğulayıb və bildirib ki, bu tarixi sənəd ölkələrimiz qarşısında əməkdaşlıq üçün tamamilə yeni perspektivlər açır: "Bu gün Azərbaycan və Macarıstan arasında enerji sahəsində əməkdaşlıq üçün güclü zəmin hər iki ölkənin uzun illər ərzində apardıqları uğurlu siyasət, atılan birgə addımlar nəticəsində yarandı. Ölkəmiz özünün qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün kifayət qədər uzun müddət ərzində, həm də çox fəal olaraq çalışıb. Nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi layihəsi icra edildi və artıq iki ildir ki, Azərbaycan məhz bu layihə sayəsində Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır. Əlbəttə ki, bu gün təbii qazın ixrac həcmi artıq Avropa ölkələrini qane eləmir. Səbəb də artıq bir ildir ki, davam edən Rusiya-Ukrayna müharibəsidir. Məhz bu müharibə nəticəsində enerji təhlükəsizliyi məsələsi indi Avropanı düşündürən və təcili həlli yolları axtarılan ən vacib problemə çevrilib. 


Təbii ki, Azərbaycan da etibarlı tərəfdaş ölkə olaraq bu problemin həllində önəmli rol oynayır. Keçən il Avropa Komissiyası ilə imzalanmış sənədə əsasən, Azərbaycan qaz təchizatını iki dəfədən də çox artırmağı planlaşdırır. Möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi, Azərbaycan və tərəfdaş ölkələr indi vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsini canlandırıblar. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır. Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək. Enerji təhlükəsizliyi məsələləri müasir dünyamızda xüsusi əhəmiyyət daşıyır və dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra da Avropa üçün etibarlı tərəfdaş olsun."


Daha sonra A.Naxçıvanlı Azərbaycanın nisbətən yeni aşkarlanan nəhəng yaşıl enerji potensialının da ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edəcəyini vurğulayaraq bunları deyib: “Çox vacib məqamlardan biri budur ki, Azərbaycanın enerji resursları sadəcə neft-qaz yataqlarının zənginliyi ilə ölçülmür. Məlumdur ki, az müddət bundan öncə Azərbaycanda həmçinin böyük yaşıl enerji potensialı da aşkarlanmışdır. Təbii ki, bu istiqamətdə artıq icra olunan layihələr ölkəmizi Avropa üçün daha da yaxın edəcək. Keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq.


 Bununla da Azərbaycanın Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyində oynadığı rolun önəmi daha da artacaq. Lakin bütün bunlarla yanaşı Azərbaycan Avropa ölkələri ilə bütün digər sahalardə də əməkdaşlığa maraqlıdır. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə olsa da, Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilə bilər və bu proses artıq gedir. Nəqliyyat sahəsində əməkdaşlığa dair çox böyük planlar mövcuddur. Dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsi də həyata keçirilir. Məlumdur ki, Macarıstan da dənizə çıxışı olmayan ölkədir. Buna görə də bu layihənin böyük potensiala malik olması hər iki ölkənin maraqlarına cavab verir. Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin şəkildə artmışdır. Azərbaycanda mövcud müasir nəqliyyat infrastrukturu isə bütün lazımi tələblərə cavab verir. Həmçinin ölkələrimiz arasında bu gün təhsil sahəsində aparılan əməkdaşlığın çox yaxşı nəticələri var. Artıq 200 Azərbaycan gənci Macarıstan hökumətinin dəstəyi ilə (tələbə təqaüdləri) Macarıstanda oxuyurlar. Bu, Azərbaycanda kadr potensialının yaradılması istiqamətində çox önəmli hadisədir”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi