Azərbaycan və Türkiyə prezidentlərinin həm dar gündə, həm də xoş günlərdə bir yerdə olmalarının dünyaya nümayişi...

Azərbaycan və Türkiyə prezidentlərinin həm dar gündə, həm də xoş günlərdə bir yerdə olmalarının dünyaya nümayişi... -Aqiyə Naxçıvanlı

Azərbaycan-Türkiyə birliyi sarsılmazlığını bu dəfə də Zəngilan və Cəbrayıldan dünyaya nümayiş etdirdi.

   Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak etdilər. Həmçinin Türkiyə Prezidentinin Azərbaycana səfəri çərçivəsində dövlət başçıları “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak ediblər, Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlini qoyublar. Bundan başqa Türkiyə və Azərbaycan Prezidentləri Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimlərində birgə iştirak ediblər. Bütün bu tədbirlər Azərbaycan və Türkiyənin həm dar gündə, həm də xoş günlərdə, quruculuq işlərində hər zaman bir yerdə olduqlarının və bundan sonra da bir olacaqlarının bütün dünyaya növbəti nümayişi oldu.

Faktinfo.az saytı AZƏRTAC-a istinadla  xəbər verir ki,bu fikirləri  Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirakına münasibət bildirərkən söyləyib.

Deputat əlavə edib ki,Azərbaycan və Türkiyə Prezidentlərinin Zəngilan şəhərinin işğaldan azad olunmasının ikinci ildönümündə bir yerdə olmalarının böyük mənəvi-siyasi önəm kəsb etdiyini vurğulayaraq deyib: “Azərbaycan və Türkiyə dövlət başçılarının keçirdikləri təkbətək görüşdən sonra Prezidentlər mətbuata birgə bəyanatlarla çıxış etdilər. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında Zəngilan şəhərinin işğaldan azad edilməsinin ikinci ildönümündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cəbrayıl və Zəngilana səfər etməsinin xüsusi məna kəsb edən önəmli hadisə olduğunu qeyd etdi. Dövlətimizin başçısı bir daha diqqətə çatdırdı ki, Zəngilanın azad olunması Vətən müharibəsinin gedişində həlledici qələbələrdən biri olub. Bu zəfərdən bir neçə gün sonra Qubadlı erməni işğalından azad edildi və Azərbaycan Ordusunun bir qruplaşması Laçına, digər qruplaşma isə Şuşaya istiqamət götürdü. 

Alınmaz qala sayılan Şuşa noyabrın 8-də erməni işğalından azad edildi. Azərbaycanın Şuşa zəfərindən sonra Ermənistan təslim oldu. Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, bu şanlı tarix Azərbaycan və Türkiyənin müştərək tarixidir. Çünki İkinci Qarabağ müharibəsi başlanan ilk saatlardan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri durdurdu. Bu o deməkdir ki, ölkələrimiz faktiki olaraq hər zaman biri digərinin müdafiəsində durmağa hazır olub”.


Azərbaycan ilə Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinin əhəmiyyətindən də danışan A.Naxçıvanlı qeyd edib: “Dövlətimizin başçısı da vurğuladı ki, Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Qeyd edək ki, bu birlik Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” ilə əsl müttəfiqlik səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin də dediyi kimi, Şuşa Bəyannaməsi hər iki ölkənin xalqlarına ciddi gözaydınlığı, eyni zamanda da, bütün dünyaya ciddi mesajdır. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün söylədiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyevin səsləndirdiyi “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” ifadələrinin Şuşa Bəyannaməsində xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirilməsi iki qardaş ölkə arasındakı bütün strateji əlaqələrin ən yüksək səviyyədə durduğunu və artıq bu əlaqələrin yeni tarixi mərhələyə keçid etdiyini göstərir. Bu gün ölkəmizin hər bir guşəsində yanaşı dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin, xalqlarımızn birliyinin ən bariz nümayişidir”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini yekunlaşdırıb.

 FAKTİNFO.AZ

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi