Azərbaycanda real yoxsulluq səviyyəsi nə qədərdir?

Azərbaycanda real yoxsulluq səviyyəsi nə qədərdir? -Dünya Bankının hesabatı rəsmi statistika ilə nə dərəcədə fərqlənir

Azərbaycanda rəsmi statistikanın reallığı əks etdirmədiyilə bağlı iddialar tez-tez səsləndirilir. Xüsusilə də müstəqil ekspertlərin sosial sahəni əhatə edən rəsmi göstəricilərin gerçəkliklə uzlaşmadığına dair fikirlərinə çox rast gəlinir.

Təəssüf ki, rəsmi statistika ilə nüfuzlu və bütün dünyada etibar edilən beynəlxalq qurumların hesabatları arasında böyük ziddiyyətlərin mövcud olması adi hala çevrilib. Məsələn, Dünya Bankının ölkəmizdə yoxsulluğun səviyyəsilə bağlı yayımladığı hesabatlarda göstərilən rəqəmlər rəsmi statistikamızın təqdim etdiyi göstəricilərdən dəfələrlə(!) fərqlənir.

Dünya Bankının açıqladığı “South Caucasus in Motion” təhlilində göstərilir ki, ölkəmizdə yoxsulluq səviyyəsi 20-30 faiz aralığındadır. Azərbaycanın rəsmi statistikasına görə isə bu göstərici 5 faizdir.

rovsen1543998952

İqtisadçı Rövşən Ağayev də öz sosial şəbəkə səhifəsində bu məsələyə toxunaraq, Dünya Bankı ilə hökumətin hesabatları arasındakı fərqə diqqət yetirir: “Bir tərəfdə hökumətin uzun illərdir elan etdiyi və rəsmi statistik hesabatlarda dəyişmədiyi 5% yoxsulluq göstəricisi var.

Bu sənəddə isə daha yüksək göstəricidən söhbət gedir…

Bankın ekspertlərinin 2015-ci ilin yekunlarına görə təqdim etdiyi rəqəmlər belədir:
Ən aşağı yoxsulluq səviyyəsi Bakıda – 16%, ən yüksək Gəncə-Qazax iqtisadi rayonunda 33%. Digər regionlar üzrə 20-30% intervalında dəyişir. Hesabata görə, ölkə əhalisinin əhəmiyyətli hissəsi Bakı, Gəncə-Qazax və Aran iqtisadi rayonlarında yaşadığı üçün bütün yoxsulların da 60%-i bu 3 ərazinin payına düşür.

Başqa maraqlı bir fakt: həmin dövrdə ölkə əhalisinin 57%-i yüksək səviyyədə yoxsulluq riskilə üzləşə biləcək “həssas qrup”a daxil olublar. Bankın “həssas qrup” anlayışı belə izah edilib: gündəlik qazancı 2015-ci ilin alıcılıq qabiliyyəti pariteti ilə 5 USD-dən çox, 10 USD-dən az gəlir səviyyəsinə malik əhali”.

Əlavə edək ki, rəsmi statistikaya görə, artıq 2013-cü ildən başlayaraq, hesabatda göstərilən 2015-ci il də daxil olmaqla, Azərbaycanda yoxsulluq səviyyəsi 5 faizcivarındadır və demək olar ki, dəyişmir. Ancaq məsələn, 2003-cü ildə bu göstərici rəsmi statistikaya görə, 44.7 faiz təşkil edib. Bu, o deməkdir ki, yoxsulluq səviyyəsi bu illərdə 10 dəfəyədək azalıb.

statistika

Lakin müstəqil ekspertlər hesab edirlər ki, Azərbaycanda rəsmən elan olunan yoxsulluq səviyyəsi reallığa uyğun deyil və istinad edilən yoxsulluq həddi indikatorları köhnədir, yoxsulluq səviyyəsi isə çox aşağı göstəricilərlə hesablanır. Yəni ki, yoxsulluğun səviyyəsini müəyyən edən göstəricilər aşağı həddə götürülür.

Digər tərəfdən, müqayisəli təhlil aparsaq və bu zaman rəsmi rəqəmlərə istinad etsək, belə məlum olur ki, ölkəmizdə yoxsulluq səviyyəsi hətta inkişaf etmiş aparıcı dünya ölkələrindən də aşağıdır, həyat səviyyəsi isə olduqca yüksəkdir. Çünki Azərbaycanda rəsmən yoxsulluq səviyyəsi 5 faiz olduğu halda, məsələn Almaniyada 16 faiz, ən inkişaf etmiş ölkələrdən biri olan İsveçdə 13 faiz, Avstriyada 12 faiz, ABŞ-da isə hətta 20 faizdir.

Yəni belə çıxır ki, bizdə yoxsulluq səviyyəsi bu ölkələrdən aşağıdır. Bu isə yumşaq desək, inandırıcı deyil. Ən azından ona görə ki, həmvətənlərimizin əhəmiyyətli qismi nədənsə nəinki yuxarıda sadalanan inkişaf etmiş ölkələrdə, hətta Rusiyada yaşamağa və işləməyə can atırlar.

C.Məmmədov
AzPolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi