“Azərbaycanda rus dili tədrisinin nisbətən azaldılması və ya ləğv edilməsinin əleyhinəyəm” - Deputat
"Hər kəs ana dilindən başqa heç olmazsa, 4-5 xarici dil bilməlidir. Ümumiyyətlə, ölkədə rus dili tədrisinin nisbətən azaldılması və ya ləğv edilməsinin əleyhinəyəm. Xarici dil bilmək hər zaman üçün əhəmiyyətlidir".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.
Deputat bildirib ki, bəzi siyasi və ictimai fəalların rus dilinin tədrisinin dayandırılması ilə bağlı fikirlərini doğru hesab etmir: "Hələ düşmənin də dilini bilmək lazımdır, qaldı ki, qonşu dövlət. Həmçinin nəzərə almaq lazımdır ki, Rusiyada 2 milyondan çox azərbaycanlı yaşayır. İndi hər kəs çalışır ki, 3-5 xarici dil bilsin. Türkiyənin Akdəniz Universitetində olanda şahidi oldum ki, müəllimlər 5 dil bilirlər. Yəni əcnəbi dil bilmək çox əhəmiyyətlidir. Düşmənin də dilini bilmək vacibdir.
Onsuz da ölkədə həm rusca, həm ingilis , həm də fransızca təhsil alanlar da var. Azərbaycanda həm dövlət, həm də özəl məktəblər fəaliyyət göstərir. Özəl məktəblərdə ödənişli əsaslarla müxtəlif dillər üzrə təhsil almaq imkanı var. Təbii ki, ana dilinin tədrisinə çox saat ayırmaq və dili mükəmməl tədris etmək lazımdır. Sözsüz ki, bizə ilk vacib olan ana dilidir. Amma rus dili də Azərbaycan üçün həm də ona görə vacibdir ki, azərbaycandilli mənbə çox azdır. Elmi iş yazarkən alimlər adətən rus dilli mənbələrə istinad edirlər. Deyə bilərsiz ki, indi internet vasitəsilə anında istənilən dilə tərcümə etmək imkanı var, doğrudur. Amma özün tərcümə etdiyinin yerini verməz. Ona görə də, bu fikirlərlə razı deyiləm".
Bu xəbər üçün şərh yazın