Azərbaycanda ŞOK: DGK-dan narazı sahibkar Gəncədə özünü yandırdı - Yenilənib
Son vaxtlar Dövlət Gömrük Komitəsinin sahibkarlara, iş adamlarına qarşı apardığı qanunsuz əməllərlə bağlı mətbuatda kifayət qədər yazılar dərc olunur.
Gömrük işçiləri ixrac olunan məhsulların laborator müayinəsini günlərlə gecikdirir və sahibkarları heç bir səbəb olmadan xeyli miqdarda cərimə ödəməyə məcbur edirlər.
Daha çox qanunsuzluq ixrac olunan məhsulların gömrük rüsumu ilə bağlı olur. Bir sözlə, DGK rəhbərliyi islahat adı altında iş adamlarını, obrazlı desək, "çarmıxa" çəkir.
Bütün bunlar iş yerlərinin bağlanmasına, sahibkarların ciddi narazılığına səbəb olur.
NUH.az-a daxil olan məlumata görə bu gün səhər saatlarında DGK-nın qanunsuz tələblərindən bezən iş adamı Qərb Ərazi Gömrük Baş İdarəsinin ( Gəncə şəhəri ) qarşısında özünü yandırıb.
Mənbənin məlumatına görə, həmin iş adamı mobil telefonların adapterinin ölkəyə idxalı ilə məşğul olurmuş.
Hadisə ilə bağlı DGK-nın mətbuat xidməti ilə əlaqə saxladlq. Mətbuat xidmətinin əməkdaşı bildirdi ki, məsələni araşdırıb məlumat verəcəyik.
****
Məsələ ilə bağlı DGK-nın mətbuat xidməti açıqlama yayıb. Açıqlamada bildirilir ki, ötən gün bir sıra kütləvi informasiya vasitələrində ölkəyə mobil telefonların aksesuarlarını gətirən sahibkara qarşı gömrük orqanları tərəfindən haqsız tələblərin irəli sürülməsi, həmin şəxsin də etiraz əlaməti olaraq Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin inzibati binasının qarşısında özünü yandırması barədə həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.
Komitə qeyd edir ki, yayılan məlumatlar tamamilə əsassızdır və Qərb Ərazi Baş Gömrük İdarəsinin qarşısında hər hansı şəxsin özünü yandırma faktı qeydə alınmayıb.
“Dövlət Gömrük Komitəsi bildirir ki, son illərdə gömrük sistemində aparılan islahatların əsas məqsədlərindən biri də vətəndaş məmnuniyyətinin təmin olunması, xarici ticarət iştirakçılarının müraciətlərinin operativ şəkildə araşdırılaraq obyektiv qiymətləndirilməsidir. Dövlət Gömrük Komitəsi daim vətəndaşların müraciətlərinə, şikayət və təkliflərinə həssaslıqla yanaşır, onların müsbət həlli istiqamətində bütün vasitələrdən istifadə edir.
Eyni zamanda, fəaliyyəti zamanı qanunvericiliyin tələblərini pozan, vətəndaşların müraciətlərinə etinasızlıq göstərən gömrük əməkdaşları barədə də müvafiq tədbirlər görülür və bu barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır. Bir sözlə, gömrük orqanları vətəndaş məmnuniyyətinin, şəffaflığın təmin olunması, gömrük sistemində xoşagəlməz halların aradan qaldırılması istiqamətində bütün zəruri addımları atır və bu sahədə müsbət nəticələrin əldə edilməsi üçün vətəndaş cəmiyyəti, biznes strukturları, media qurumları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərməkdədir.
Lakin görülən işlərin, ortaya qoyulan nəticələrin fonunda gömrük orqanlarının fəaliyyətinə dair rəsmi mövqeyə və faktlara əsaslanmayan, böhtan xarakterli, sifarişli məlumatların yayımlanması ümumi işə kölgə salmaq məqsədi daşıyır və bu ölkənin iqtisadi təhlükəsizliyini təmin edən quruma qarşı yolverilməzdir”.
Bu xəbər üçün şərh yazın