Azərbaycanda,o cümlədən Dövlət Gömrük Komitəsində işə düzəlmək: “Bunun üçün yaxşı oxumaq vacib deyil”
Ötən gün Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinatlar baş tutub. DGK sədri Səfər Mehdiyevin əmriylə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Bəhruz Quliyev vəzifəsindən azad edilib.
Həmin posta Mehman Sadıqov təyin olunub. B. Quliyev isə DGK-nın Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi təyin olunub.
Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov da vəzifəsindən azad olunaraq, DGK-da idarə rəisi vəzifəsinə təyin olunub. Bakı Baş Gömrük İdarəsinə isə Pərviz Kəngərli rəis təyin olunub.
DGK-nın Aksiz Mallar üzrə Baş Gömrük İdarəsinə isə indiyə qədər Sumqayıt Baş Gömrük İdarəsinin rəisi olmuş Vəzir Həsənov təyin olunub.
Bundan başqa, DGK-nın ərazi baş idarələrinin rəislərinin yerləri dəyişdirilib, onların bəziləri isə DGK-nın mərkəzi aparatında müxtəlif vəzifələrə təyin olunublar.
Qeyd edək ki, yeni vəzifəyə təyinat alan şəxslər adları Azərbaycan ictimaiyyətinə yaxşı tanış olan Ramiz Mehdiyev, Bəylər Əyyubov və Əhməd Əhmədzadənin qardaşı oğlanlarıdır.
Sosial şəbəkələrin Azərbaycan seqmentində bu təyinatlar bir mənalı qarşılanmayıb. İnsanların çoxu kadr siyasətində yerlibazlıq, eynilik, eləcə də qohum və tanışlıq məsələlərinin bu təyinatlarda xüsusi yer tutduğunu bildiriblər.
Azərbaycanda məmurların yaxınlarından başqa niyə kimsə vəzifəyə təyin edilmir?
Yenisabah.az-a danışan iqtisadçı Natiq Cəfərli qeyd edib ki, bunun səbəbi çox sadədir:
“Çox təəssüf ki, indiki idarəetmə sistemi qaldıqca bu cür təyinatlar sonuncu da olmayacaq. Vacib dövlət, hökumət vəzifələrinə ancaq yaxın çevrənin insanlarını, yəni qohumları, tanışları, kimlərinsə tapşırdığı insanların qəbul olunması geniş yayılmış bir praktikadır. O cümlədən DGK-da. Gömrükdə yüksək vəzifə tutan insanların bir çoxu ya qohumdur, ya da eyni bölgədən, kənddən çıxmış insanlardır. Bu da Azərbaycanda hamı tərəfindən bilinən bir faktdır”.
Ekspertin sözlərinə görə, bu kimi hallar dövlət qulluğuna can atan gənclərin həvəsdən düşməsinə səbəb olur:
“Ən böyük problem budur, çünki Azərbaycanda bilik və bacarıq bazarı bu şəkildə məhdudlaşdırılır. Vətəndaşlar, hansılar ki, qohum-tanışı yoxdursa, onlar düşünürlər ki, karyera qurmaq üçün yaxşı oxumağın heç bir mənası yoxdur. Yaxşı oxumaq, yaxşı mütəxəssis olmaq, yaxşı karyera qurmaq üçün kifayət deyil. Gərək kiminsə qohumu, dostu, tanışı olasan. Yəni bu fikir beyinlərdə oturuşub deyə, Azərbaycanda bilik və əmək bazarı inkişaf etmir. Bu da çox böyük fəsadlara gətirib çıxardır”, - deyə mütəxəssis yekunlaşdırıb.
Faktinfo.az isə bildirir ki,məmur övladları “pullu sahələr”də işləməyə daha çox meyillidirlər.Hazırda əksər vəzifəlilərimizin – icra başçıları, nazirlər, nazir müavinləri, prezident aparatının məsul vəzifəli şəxsləri, millət vəkillərinin övladları polis, prokurorluq, məhkəmə orqanlarında çalışırlar. Belə hallar isə hələ də universitetləri öz gücünə oxuyub qurtaran əyalət gəncliyində birmənalı olaraq ikrah hissi yaradır.
Vaxtilə nazirlər, deputatlar, polis, prokurorluq, məhkəmə sistemində çalışan şəxslərin övladlarının arasında müəllim, həkim, tərbiyəçi-müəllim peşələrinə sahiblənənlər çoxluq təşkil edirdi. İndi isə bunun əksinədir.Pulluların balaları müəllim işləməyə meylli deyillər. Bu onun göstəricisidir ki, vəzifəli şəxslərin balaları cəmiyyətdə neqativ halların baş alıb getdiyi şəraitdən yararlanmaqda maraqlıdırlar. Bu da cəmiyyətin eybəcər hala düşməsinin təzahürüdür.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın